“Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika” Hadisə

“Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika”

Dağlıq Qarabağın azərbaycanlı icması kitab müzakirəsi keçirib

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı İcması" İctimai Birliyinin mərkəzi qərargahında Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatına təqdim edilmiş "Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011)" adlı kitabın İctimai müzakirəsi keçirilib.
İctimai Birlikdən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı İcması" İctimai Birliyinin sədri, icma rəhbəri Bayram Səfərov bildirib ki, iclasın gündəliyində "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin təşəbbüsü ilə nəşr edilmiş "Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011)" adlı kitabı İctimai Birliyin İdarə Heyətinin 5 mart 2014-cü il tarixli iclasında geniş müzakirə olunub və Azərbaycan elmin inkişafına mühüm töhfələr təşkil edən əsər kimi qiymətləndirilərək onun Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatına təqdim olunması qərara alınıb.
Bunu əsas götürərək "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası qarşısında vəsatət qaldırıb.
Bayram Səfərov qeyd edib ki, təqdim edilən əsər müasir dövrdə Ermənistan-Azərbaycan münaqişəsi ilə daha yaxından tanış olmaq istəyən hər bir kəsdə real təsəvvür yaradaraq son 25 illik tariximizdə Ermənistanın ölkəmizə təcavüzü ilə bağlı aparılan tədqiqatların kompleks şəkildə öyrənilməsi işinə sanballı töhfədir. Xronoloji ardıcıllıqla təhlil edilən kitabda erməni millətçiliyinin mahiyyətini, xalqımıza qarşı əsrlər boyu qanlı qırğınlarla müşayiət olunan soyqırımı cinayətləri və təcavüzünün XX əsrin sonu - XXI əsrin əvvəllərində də davam etməsi və bunun təkzibolunmaz faktlar əsasında təhlili, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi dövlət terrorizmi siyasətinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox vacibdir.
Kitabda ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyevin beynəlxalq təşkilatların ən yüksək səviyyədə keçirilən zirvə toplantılarında çıxışları, nitqləri və bəyanatlarının şərhi verilib.
Müzakirələrdə millət vəkilləri Elman Məmmədov, Bəxtiyar Sadıqov, Aydın Mirzəzadə, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və başqaları çıxış edərək əsəri müstəqillik tariximizdə Ermənistanın Azərbaycana təzavüzü ilə bağlı sistemli şəkildə yazılmış səlnamə kimi qiymətləndiriblər.
Erməni millətçiliyinin mahiyyətini, xalqımıza qarşı əsrlər boyu qanlı qırğınlarla müşayiət olunan təcavüzünün XX əsrin sonu-XXI əsrin əvvəllərində də davam etməsi və bunun təkzibolunmaz faktlar əsasında təhlil edilən ensiklopedik əsər Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi dövlət terrorizmi siyasətinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox əhəmiyyətli olduğu bildirilib.
Çıxış edənlər qeyd edilər ki, monoqrafiyada elmi mənbələr əsasında ermənilərin Dağlıq Qarabağda, eləcə də tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri haqqında geniş məlumat verilir. Bununla yanaşı, erməni millətçilərinin ərazi iddiaları, azərbaycanlılara qarşı həyata keçirilən terror, etnik təmizləmə və soyqırımı siyasətindən ətraflı bəhs olunur.
Ümumilikdə isə, bu monoqrafiya azərbaycanlıların soyqırımının tanıdılması, erməni millətçilərinin cinayətkar əməlləri, eləcə də Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının ifşa edilməsi istiqamətində dövlətimizin həyata keçirilən tədbirlərə mühüm töhfə kimi qiymətləndirildi.
Kitabın elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov, rəyçisi millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı, məsləhətçisi isə "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, icma rəhbəri Bayram Səfərovdur.