BAO Yekaterinburqda azərbaycanlılara qarşı hücumlar ilə bağlı bəyanat verib Hadisə

BAO Yekaterinburqda azərbaycanlılara qarşı hücumlar ilə bağlı bəyanat verib

Bütöv Azərbaycan Ocaqları (BAO) Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlar ilə bağlı bəyanat yayıb.

BAO-dan xalqcəbhəsi.az-a verilən məlumatda deyilir ki, məlum olduğu kimi, 27 iyun tarixində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın olub. Basqın zamanı soydaşlarımız xüsusi qəddarlıqla qətlə yetiriliblər. Həmvətənlərimizin bəziləri xüsusi amansızlıqla döyülərək ağır bədən xəsarətləri nəticəsində yaralanıb, habelə 9 nəfər saxlanılıb.

Bəyanatda qeyd edilir ki, BAO olaraq biz, Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının vandalizm hərəkətləri ilə bağlı hiddətimizi bildirir, Rusiya hökuməti tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini tələb edirik. Azərbaycan hökumətindən isə Bakıda fəaliyyət göstərən rus dilində təhsil verən məktəblərin bağlanmasını xahiş edirik.