“13 yaşlı sakinin yaralanması Ermənistan silahlı qüvvələrinin cinayətkar qruplaşmalardan ibarət olduğunu göstərdi” Hadisə

“13 yaşlı sakinin yaralanması Ermənistan silahlı qüvvələrinin cinayətkar qruplaşmalardan ibarət olduğunu göstərdi”

Ermənilərin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində 13 yaşlı kənd sakini Ramil Yusibovun ağır qəlpə yaraları alması göstərir ki, Ermənistan silahlı qüvvələri cinayətkar qruplaşmalardan ibarətdir və bu ölkədəki siyasi rejimin mahiyyətindən irəli gələrək onlar uşaqları, qadınları, qocaları hədəfə alırlar.
Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, bu təxribatlar faşist xislətindən irəli gələn addımlardır:
"Həmsədrlər çalışırlar ki, prezidentlər səviyyəsində görüşün keçirilməsinə nail olsunlar. Ermənistan isə növbəti dəfə dinc əhalini hədəfə almaqla, gözlənilən danışıqlar prosesinin üstündən indidən xətt çəkməyə cəhd edir ki, danışıqlar baş tutmasın. Bu, Ermənistanın növbəti cinayətkar hərəkətidir. Beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupu bu hadisə ilə bağlı lazımi ölçü götürməsələr, heç kim təminat verə bilməz ki, münaqişə müharibəyə çevrilməyəcək, aprel döyüşləri təkrarlanmayacaq. Tovuz rayonunda ermənilərin törətdiyi təxribat son dərəcə ciddi siqnaldır və bu hadisədən nəticə çıxarmağın vaxtı artıq çoxdan çatıb".
Qeyd edək ki, Ermənistan hərbi hissələri avqustun 7-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər. Nəticədə Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü Yusibov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.