Azərbaycanda şəxsiyyət vəsiqəsinə yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə ediləcək Hadisə

Azərbaycanda şəxsiyyət vəsiqəsinə yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə ediləcək

Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişib.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Dəyişiklik Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə olunur.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi səyahət sənədi kimi də (Türkiyəyə münasibətdə) istifadə olunur. Şəxsiyyət vəsiqəsinin üzərində şəxsin ünvanı barədə məlumatın əks olunmaması vəsiqənin istifadəsi üzrə bəzi çətinliklərə səbəb olur. Bu baxımdan, şəxsiyyət vəsiqəsinin formasında və üzərində olan məlumatların dairəsində dəyişiklik edilməsi zərurəti yaranıb. Buna görə də şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin yenilənməsi təklif olunur. Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə edilir. Eyni zamanda elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatların saxlanılması olunur.

Edilən digər dəyişiklik ondan ibarətdir ki, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, IAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq. Şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların kriptoqrafik mühafizəsi onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən qorunmasının təmin olunması məqsədini daşıyır.

Qanunda vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər olunur.

Vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə olunur. Bundan başqa, əgər vəsiqə və ya elektron daşıyıcısında texniki və ya məzmunla bağlı səhv aşkar edilərsə, düzəlişin dövlət rüsumu tutulmadan həyata keçirilməsi nəzərdə tutulur.

Beləliklə, olunan bu dəyişikliklər şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların daha müasir sistemlərdə, təhlükəsiz və çevik şəkildə idarə olunmasını, həmçinin, sənədləşmə prosedurlarının və xidmətlərin vətəndaş üçün sadələşdirilməsini təmin edəcək.