Nyu Cersidə yaşayan Münəvvər xanım Hadisə

Nyu Cersidə yaşayan Münəvvər xanım

Mina Azəri- 60

Ailədə üç uşaq olublar. İki qardaşın bir bacısıdır. Qardaşı Nəsib Nadir oğlu Kaşıyev 1992-ci ildə Şuşanın müdafiəsi uğrunda döyüşlərdə qəhrəmanlıq göstərərək, şəhidlik zirvəsinə yüksəlib. Təşkilati məsələlərdə əvəzolunmazdır, liderlik qabiliyyəti pik səviyyədədir. Hər hansı bir işə qərar verdisə, onu fikrindən yayındırmaq qeyri-mümkündür. Daxili enerjisi yüksək olduğundan başladığı hər bir işi uğurla başa vurur. Sarsılmaz inada və inanılmaz iradəyə sahibdir...

...Sakit görünsə də güclü xarakterə malikdir. İçində bir vulkan qaynayır. Bu qaynayan vulkanın fərqinə hər kəs vara bilməz. Ancaq hissləri açıq kəslər, bu sakit görünüşün arxasında gizlənən fövqaladə şəxsiyyəti anlaya bilərlər. Məntiqə söykənən fikirləri həmsöhbətinə nüfuz etdikcə, onu heyran qoyar...

Ömür-gün yoldaşı Mirhüseyn Vahabov əslən Lənkəran rayonunun Şürük kəndindindəndir. Və məşhur “Amozon” şirkətinin əməkdaşıdır. İki övladı var- oğlu Anar və qızı Nərmin. Anar iqtisadçıdır, Nərmin isə psixiatr ixtisası üzrə təhsil alır...

Həddindən artıq həssasdır. Ətrafında baş verən hadisələrə biganə qala bilmir. Həyatda əziyyət çəkən və ya güzəranı pis olan kimsəni görəndə ürəyi ağrayır, içi göynəyir. İçində insana, insanlığa böyük sevgi yaşadır...

...1965-ci ildə Şəki şəhərində dünyaya gəlib. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra, 1982-1986-cı illərdə Şəki Pedaqoji Texnikumda təhsilini davam etdirib və oranı fərqlənmə diplomu ilə başa vurub. Bir il Şəkidəki məktəblərdən birində müəllim işləyib. 1987-1992-ci illərdə indiki Slavyan Universitetində ali təhsilə yiyələnib, oranı da qırmızı diplomla qurtarıb. Bir il Şəki şəhərində rus dili və ədəbiyyatı müəllimi işlədikdən sonra, yenidən Bakıya üz tutub. 1993-2007-ci illərdə Bakının müxtəlif məktəblərində öz ixtisasını tədris edib. 2007-ci ildə ABŞ-ın Nyu York ştatının Bruklin şəhərinə köçüb...

Deyir ki:- “Amerikaya köçdüyüm ilk vaxtlar çox çətinlik çəkirdim. Yad ölkə, yad mədəniyyət, yad dil. Bütün bunlara uyğunlaşmaq üçün çox çalışmaq lazım gəlirdi. Baxmayaraq ki, övladlarım azyaşlı idilər, bir müddət dil kurslarına gedir, sadə işlərdə çalışırdım...”

ABŞ-da məskunlaşdıqdan sonra 2010-2012-ci illərdə “Kingsborough Community College”-də oxuyaraq yenidən ibtidai sinif müəllimi ixtisasina yiyələnib. Daha sonra “Shore Front Y” Yəhudi Mərkəzində ibtidai sinif müəllimi kimi çalışıb və paralel olaraq “Touro College”-də təhsilini artıraraq magistr pilləsinə yüksəlib...

Necə deyərlər, od parçasıdır. Tükənməz enerjisi onu bir yerdə oturmağa qoymur. Və heç zaman doğma Vətəni unutmur. Həmişə çalışıb ki, Azərbaycanı təbliğ etsin, azərbaycanlıları bir araya toplaya bilsin. 2007-2010-cu illərdə "Radio Türküm" internet radiosunda “Azərbaycan saatı” verilişinin aparıcısı olub. Elə həmin illərdə də həftəsonu Azərbaycan dili məktəbində balalarımıza “Ana dili” dərsini tədris edib.

2013-cu ildə “Amerika Azərbaycanlı Qadınlar Cəmiyyəti”ni rəsmi qeydiyyatdan keçirərək ictimai fəaliyyətə başlayıb. 2014-cü ildən Nyu Yorkun Bruklin bölgəsində “Azərbaycan Evi” açaraq ailəsi ilə birlikdə oranı həm restoran və həm də soydaşlarımızın toplaşdığı mərkəz, ocaq kimi tanıdıb. Amerikalılara və burada məskunlaşan digər xalqlara Azərbaycan mətbəxini, musiqisini sevdirməyə səy göstərib. Hətta buna biganə qalmayan bir amerikali rejissor onun və ailəsi haqqında sənədli film də çəkib.

Onun gördüyü işlər sadalamaqla bitib tükənməz. Bu sırada onun Bruklindəki prezident ofisində təqdimatını təşkil etdiyi Azərbaycanlı jurnalist Şəlalə Həsənovanın “İrsimizə atəş açmayın!” adlı sənədli filmini, “Azərbaycan Evi”ndə mərhum rəssam İsmayıl Məmmədovun əsərlərinin sərgisini sadalamaq olar. Yeri gəlmişkən, bu sərgidə o zamanlar Bruklinin prezidenti olmuş, indi isə Nyu York şəhərinin meri vəzifəsində çalışan Erik Adams da iştirak edib...
Ona müraciət edən, problemləri ilə pənah gətirən adamlar çox olur. Hər birini diqqətlə dinləyir, yardımçı olmağa çalışır. İndiyədək neçə-neçə həmyerlimizin ABŞ-da yerləşməsinə dəstək verib, vəfat edən soydaşlarımızın cənazəsinin Azərbaycana göndərilməsinə kömək edib.

Bütün bunlardan əlavə o, Azərbaycan Cumhuriyyətinin 100 illik yubileyi munasibətilə Nyu Yorkda möhtəşəm avtomobil yuruşünün təşkil olunmasında fəal iştirakçılardan biri olub. Həmin avtomobil karvanı Bruklin və Manhettin bölgələrini birləşdirən körpünü keçərək, “Times Square” meydanında qərar tutub və tədbirin sonunda meydanın mərkəzində üçrəngli bayrağımız havaya qaldırılıb...

2018-cı ildən “Amerika Azərbaycanlıları Koordinasiya Şurası”nın idarə heyətinin üzvüdür. 2019-cu ilin dekabr ayında “Nəsimi İli” çərçivəsində “E-Media qrupu”nun təşkilatçılığı ilə keçirilən “İlin Adamı” mükafatlandırma mərasimində “Şəms Mükafatı”na layiq görülüb...

Deyir ki:- “Mən Azərbaycan aşiqiyəm. Adı gələndə qürur hissi keçirirəm. Onun yolunda hər bir əzaba qatlaşmağa hazıram. Bəli, son nəfəfəsimədək bu ölkəni ABŞ-da təbliğ etməyə, amerikalılara sevdirməyə çalışacağam...”

2019-cu ildən ailəsi ilə birlikdə Nyu Cersi ştatının Manville şəhərində yaşayır. Hər bir insanın bu dünyada öz yeri, təyinatı var, deyiblər. Və hər kəs öz yerində olanda möhtəşəm görünür. O, ABŞ-da yaşayan yurddaşlarımız arasında ən çox tanınan fəallardan biridir. Nə xoş ki, onun bütün arzu və diləkləri Azərbaycanla bağlıdır, necə deyərlər, ürəyi vətənlə döyünür. Elə ona görə də, yorulmadan Vətənə xidmət göstərir. Və nə yaxşı ki, 2022-ci il aprel ayında Şuşada keçirilən V Zəfər Qurultayına o da dəvət olunmuşdu. Həmin qurultayda “Diaspora fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib...

Bəli, bugünkü söhbətimin qəhrəmanı çoxunun Mina Azəri kimi tanıdığı Münəvvər xanım Vahabovadır. Bu gün- noyabrın 18-i onun 60 yaşı tamam olur, yubileyidir. Onu yubileyi münasibətilə təbrik edir, möhkəm can sağlığı arzulayıram...

Elman Eldaroğlu