Azərbaycan İtaliya şirkətləri ilə Orta Dəhliz üzrə əməkdaşlıq imkanlarını açıqlayıb İqtisadiyyat

Azərbaycan İtaliya şirkətləri ilə Orta Dəhliz üzrə əməkdaşlıq imkanlarını açıqlayıb

Azərbaycanın coğrafi mövqeyi və nəqliyyat infrastrukturu Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır.

“APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov Azərbaycan-İtaliya Biznes Forumunda deyib.

Onun sözlərinə görə, Orta Dəhliz, Bakı–Tbilisi–Qars dəmir yolu və Bakı Limanı bu əlaqələrin əsasını təşkil edən nəqliyyat infrastrukturu layihələridir:

“İtaliya şirkətləri ilə əməkdaşlıq çərçivəsində bu infrastruktur layihələri ticarət əlaqələrinin genişləndirilməsində geniş imkanlara sahibdir. Bu baxımdan, Ələt Azad İqtisadi Zonasında və sənaye parklarında əməkdaşlıq imkanları xüsusi qeyd edilməlidir. İstehsalın logistika obyektlərinə yaxın ərazilərdə təşkili, təchizatın səmərəli qurulması və hədəf bazarların əvvəlcədən müəyyənləşdirilməsi layihələrin kommersiya perspektivlərini yaxşılaşdırılmasında önəm daşıyır”.

“İnanırıq ki, İtaliya şirkətlərinin Azərbaycanda istehsal fəaliyyətini genişləndirməsi, müasir texnologiyaların tətbiqi və regional bazarlara çıxış imkanlarından istifadə ölkələrimiz arasında daha şaxələndirilmiş ticarət və investisiya tərəfdaşlığının inkişafına töhfə verəcəkdir”, - deyə o bildirib.