Qubada yeniyetmə və gənclər arasında “Zəfər yaddaşı” adlı intellektual marafon keçirilib Hadisə

Qubada yeniyetmə və gənclər arasında “Zəfər yaddaşı” adlı intellektual marafon keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsinin qalibi olan “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi ilə Quba rayonunda yeniyetmə və gənclər arasında “Zəfər yaddaşı – intellektual marafon layihəsinin ilk tədbiri keçirilib.

Tədbirin rəsmi hissəsində çıxış edən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri və layihə rəhbəri Ramin Mahmudov bildirib ki, layihənin məqsədi 6 il öncə qazanılan tarixi zəfərimizin, bu gün Qarabağda aparılan abadlıq, quruculuq işlərinin, eləcə də Qarabağın və bütövlükdə Azərbaycanın zəngin mədəni irsinin intellektual oyunlar vasitəsilə yeniyetmə və gənclər arasında təbliği, yeniyetmə və gənclərdə komandada işləmək, qərarvermə bacarıqlarının, məntiqi düşünmə qabiliyyətinin inkişaf etdirilməsinə dəstək vermək, onların asudə vaxtlarının səmərəli təşkil edilməsini təmin etməkdir.

Tədbirdə çıxış edən Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Mənsur Ağayev bu qəbildən olan layihələrin gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi ilə yanaşı, həm də əyləncəli şəkildə öyrənmələrinə, gənclər arasında vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinn yüksəldilməsinə xidmət etdiyini bildirmiş və layihənin ərsəyə gəlməsində və icrasında əməyi olanlara təşəkkürünü bildirmişdir.

Quba rayonu Birinci Nügədi kənd 1 nömrəli tam orta ümumtəhsil məktəinin akt zalında keçirilən tədbirdə 10 komanda mübarizə aparıb. Nəticələrə əsəsən Quba rayonu Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin şagirdlərindən ibarət “Dominant” komandası birinci, könüllü və fəal gənclərdən ibarət “Zirvə” komandası ikinci, Quba rayonu Küpçalqışlaq kəndini təmsil edən “Everest” komandası üçüncü yeri tutub.

Qalib və mükafatçılar layihə çərçivəsində kubok, medal və diplomlarla təltif olunub.
Layihə çərçivəsində Quba rayonu ilə yanaşı Qusar və Xaçmaz rayonlarının kənd və qəsəbələrində yaşayan və təhsil alan yeniyetmə və gənclərin, gənc müəllimlərin iştirakı ilə intellektual oyunların keçirilməsi nəzərdə tutulub.

Layihə qeyd olunan rayonlarda yaşayan və təhsil alan 200 nəfərdən artıq gənci əhatə edəcəkdir.