21 Noyabr 13:45
20 Noyabr 17:01
20 Noyabr 15:39
09:07
266
Azərbaycanda mədəniyyətlərarası dialoqun gücləndirilməsi, dünya xalqlarının zəngin irsinin öyrənilməsi və ölkədə geniş təbliği, eyni zamanda zəngin mədəni dəyərlərin beynəlxalq aləmə layiqincə təqdim etmək məqsədi ilə “Mədəniyyətlərin Qovşağı” İctimai Birliyi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
Birliyin əsas məqsədi dünya xalqlarının mədəniyyətinin, incəsənətinin müxtəlif sahələrini, dilini, adət-ənənələrini və özünəməxsus dəyərlərini qoruyub saxlamaq, qlobal mədəni yenilikləri öyrənərək Azərbaycanda təbliğ etmək, xalqlar arasında qarşılıqlı əlaqə və zənginləşməni təşviq etməkdir. Təşkilat bu istiqamətdə ölkədə və beynəlxalq aləmdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlar, eləcə də aidiyyəti dövlət və bələdiyyə orqanları ilə sıx əməkdaşlıq edərək ortaq layihələr, kurslar, seminarlar, dəyirmi masalar, sərgilər və görüşlər həyata keçirməyi hədəfləyir.
Eyni zamanda, təşkilat beynəlxalq mədəni mübadilə proqramları çərçivəsində Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini və incəsənətini dünya miqyasında layiqincə təmsil edərək qlobal mədəni müxtəlifliyin inkişafına töhfə verəcək.
Yeni quruma yazıçı, ssenarist, pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Şəbnəm Tofiqqızı sədrlik edir.
Bir neçə kitabın, dərsliyin və ekranlaşdırılmış filmin ssenari müəllifi olan Şəbnəm Tofiqqızının rəhbərliyi ilə Birliyin mədəniyyət, kino, ədəbiyyat, incəsənət və təhsil sahələrində beynəlxalq əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, könüllülük və üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan “Mədəniyyətlərin Qovşağı” İctimai Birliyi fərdi şəxslərin üzvlüyünə, eləcə də yerli və beynəlxalq təşkilatlarla birgə əməkdaşlığa tam açıqdır.
08:48
413
08:29
413
08:29
399