
“Hesab edirəm ki, Ermənistanın yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinadın yer almaması sülh prosesi baxımından müsbət və diqqətəlayiq addımdır. Çünki Azərbaycan uzun müddətdir bu məsələyə prinsipial mövqedən yanaşır. Söhbət sadəcə hansısa tarixi sənədə istinadın çıxarılmasından getmir. Söhbət Ermənistanın gələcək dövlətçilik və xarici siyasət xəttinin qonşu dövlətlərin ərazi bütövlüyünə hörmət, beynəlxalq hüquq və sülh prinsipləri üzərində qurulmasından gedir”.
Bu sözləri xalqcebhesi.az-a Milli Məclisin deputatı Elnarə Akimova bildirib.
Deputat söyləyib ki, Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsində Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsinə dair 1989-cu il qərarına istinad var: “Həmin sənədə mövcud Konstitusiyanın preambulasında da yer verilməsi Azərbaycanın haqlı narahatlığının əsasını təşkil edir. Çünki bir tərəfdən Azərbaycanla sülh sazişi imzalamaq niyyətini bəyan etmək, digər tərəfdən isə konstitusion səviyyədə ərazi iddiaları ilə əlaqələndirilən siyasi-hüquqi müddəanı saxlamaq ziddiyyətli yanaşmadır. Sülh yalnız siyasi bəyanatlarla deyil, dövlətin hüquqi sənədlərində və real siyasətində də təsdiqini tapmalıdır. İndi dərc olunan layihədə bu istinadın olmaması onu göstərir ki, Ermənistan rəhbərliyi ən azı sənədin ilkin mətnində həmin ziddiyyəti aradan qaldırmaq istiqamətində addım atıb. Layihədə sülhün xarici siyasətin prioriteti kimi müəyyənləşdirilməsi də diqqətəlayiq məqamdır. Ancaq burada bir məsələni xüsusi vurğulamaq istəyirəm: layihənin dərc olunmasını artıq qəbul edilmiş qərar kimi təqdim etmək düzgün olmazdı. Sənəd hələ ictimai müzakirələrdən keçməli, parlamentdə müvafiq prosedurlara uyğun irəli aparılmalı və referendumda qəbul edilməlidir. Ermənistan daxilində bu məsələ ətrafında siyasi fikir ayrılıqlarının mövcudluğu da prosesin asan olmayacağını göstərir”.
E.Akimovanın sözlərinə görə, Azərbaycanın mövqeyi isə aydındır və bu mövqe dəyişməyib: “Xarici İşlər Nazirliyimizin də bəyan etdiyi kimi, Ermənistan Konstitusiyasında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaları aradan qaldıran dəyişiklik sülh sazişinin imzalanması üçün zəruri şərtdir. Yəni Azərbaycan üçün əsas məsələ sənədin adının və ya formasının dəyişməsi deyil, hüquqi məzmunun real şəkildə dəyişməsidir. Biz bəyanat yox, hüquqi təminat gözləyirik. Digər tərəfdən, sülh sazişinin mətninin paraflanması artıq müəyyən siyasi iradənin ortaya qoyulduğunu göstərir. Lakin paraflanmış sənədin imzalanması və qüvvəyə minməsi üçün tərəflərin üzərinə götürdüyü öhdəliklər tam şəkildə yerinə yetirilməlidir”.
“Ermənistanın yeni Konstitusiya layihəsindəki yanaşmanı sonadək qoruyub saxlaması, onun referendumla qəbul edilməsi və hüquqi qüvvəyə minməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Məncə, bu prosesə emosional deyil, siyasi reallıqlar əsasında yanaşmalıyıq. Azərbaycan müharibədən sonra bölgədə yeni reallıq yaradıb və indi bu reallığın davamlı sülhə çevrilməsində maraqlıdır. Bizim istəyimiz Ermənistanı zəiflətmək deyil, bölgədə qarşılıqlı suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına əsaslanan münasibətlərin formalaşmasıdır. Ancaq bu münasibətlərin təməli də ikili standartlara və gələcəkdə yenidən münaqişə yarada biləcək hüquqi iddialara söykənə bilməz” - deyə o qeyd edib.
Röya İsrafilova