T-90S tanklarının yeni partiyası avqustda göndəriləcək Hadisə

T-90S tanklarının yeni partiyası avqustda göndəriləcək

Azərbaycanın Rusiyaya sifariş verdiyi T-90S əsas döyüş tanklarının yeni partiyası avqust ayında Bakıya göndəriləcək.
Bu barədə APA-ya Qazaxıstanın paytaxtı Astanada keçirilmiş KADEX-2014 beynəlxalq müdafiə sərgisində iştirak edən Rusiyanın "Uralvaqonzavod" Konsernindən (UVZ) məlumat verilib.
Avqustda Azərbaycana yola salınacaq partiyaya 30 ədəd T-90S tankı daxildir. Tanklar UVZ mütəxəssislərinin iştirakı ilə qəbul testlərindən keçiriləcək.
Bir neçə gün əvvəl mətbuatda UVZ-nin Azərbaycana əlavə olaraq 100 T-90S tankı satacağına dair yayılan məlumata aydınlıq gətirən şirkət nümayəndələrinin sözlərinə görə, burada söhbət 2012-ci ildə tərəflər arasında imzalanmış 100 ədəd T-90S tankının alğı-satqısına dair müqavilədən gedir. Müqavilə üzrə sifarişin ilk hissəsi 2013-cü ilin əvvəlində Bakıya göndərilib. Qalan hissə isə qrafikə uyğun davam etdirilir.
"Burada söhbət əlavə sifarişdən getmir. Hazırda mövcud sifariş icra olunur. Eyni zamanda yeni məhsullarla bağlı danışıqlar davam etdirilir. Azərbaycan hazırda UVZ-nin ən böyük sifarişçisidir", - deyə şirkətdən bildirilib.
APA-nın apardığı dəqiqləşdirmələrə görə, hazırda Azərbaycan Müdafiə Nazirliyi ilə UVZ arasında T-90SM tanklarının alğı-satqısı məsələsi də aparılan müzakirələrdə yer alır. Lakin bununla bağlı konkret müqavilə mövcud deyil.
Qeyd edək ki, Azərbaycanın Rusiyadan aldığı T-90S tankları ötən il Bakıda keçirilən hərbi parada nümayiş etdirilib.