Peşə təhsilini bitirənlərə hərbi xidmətdən möhlət hüququ verilir Hadisə

Peşə təhsilini bitirənlərə hərbi xidmətdən möhlət hüququ verilir

"Biz peşə təhsili müəssisələrinə lisenziyaların birdəfəlik, müddətsiz verilməsini məqsədəuyğun hesab etmişik".
Bunu dünən Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli "Peşə təhsili haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, artıq bir ildən çoxdur ki, "Peşə təhsili haqqında" qanun layihəsi hazırlanır: "Peşə təhsili sanki təhsil sektorundan çıxmışdı. Artıq yeni islahatlarla bu sahə yenidən inkişaf etməyə başlayır. Biz ölkəmizdə peşə təhsili üzrə real vəziyyətin monitorinqini keçirmişik. Monitorinqlər bizə reallığı düzgün qiymətləndirməyə imkan verir. Reallıq da odur ki, bu sahə sürətlə yenilənməli, fəaliyyəti yeni dövrün standartlarına uyğunlaşdırılmalıdır. Layihə hazırlanarkən xarici ölkələrin bu sahə üzrə təcrübələri də nəzərə alınıb".
İsa Həbibbəyli bildirib ki, layihə 5 fəsil, 26 maddədən ibarətdir: "Biz ilk dəfə olaraq, peşə təhsil sisteminin təhsil sistemindəki yerini müəyyənləşdirmişik. Biz peşə təhsil ilə orta ixtisas təhsilinin inteqrasiyasını əsas götürürük. Peşə məktəbi sadəcə usta, kiçik mühəndis hazırlamır, həm də vətəndaş hazırlayır. Onun hazırladığı mütəxəssisin texniki, iqtisadi biliklərinin olması vacibdir. Amma bununla belə, onun milli dəyərlərimizə sahib çıxması, dövlətçilik ənənələrini gözləməsi də vacibdir".
Deputat qeyd edib ki, peşə təhsili müəssisələrinə dövlət dəstəyinin göstərilməsini məqsədəuyğun sayıblar.
Onun sözlərinə görə, "Peşə təhsili haqqında" qanun layihəsinə əsasən, dövlətin peşə təhsili müəssisələri və onların müdavimlərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün xüsusi imtiyazlar vermək, peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ vermək, peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük vermək, dövlət təhsil müəssisələrində təhsilalanları xüsusi iş geyim formaları ilə təmin etmək kimi vəzifəsi var.
Qeyd edək ki, qanun layihəsində peşə təhsili ilə bağlı fondun yaradılması da nəzərdə tutulub. Bildirilir ki, fond gəlir və xərclərin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasını, peşə təhsili müəssisələri arasında ədalətli bölgünü təmin edən qurum olacaq.
Qanun layihəsində peşə təhsili alanlarının təcrübə keçmələri üçün seçilmiş müəssisə, fermer təsərrüfatı və digər təşkilatlara vergi güzəşti tətbiq edilməsi, aşağı faizli kreditlər ayrılması da nəzərdə tutulub.
Layihəyə görə, peşə təhsili müəssisələri təhsil alanların təcrübə keçmələri üçün xüsusi meyarlar əsasında seçilmiş idarə, müəssisə, fermer təsərrüfatı və təşkilatlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən imtiyazlar (vergi güzəştləri, aşağı faizli kreditlər, yeni texnika və texnologiyaların əldə olunması və sair) veriləcək.