Piylənmədən əziyyət çəkən uşaqlar tez-tez depressiyaya düşürlər Hadisə

Piylənmədən əziyyət çəkən uşaqlar tez-tez depressiyaya düşürlər

188 ölkədə aparılan araşdırmada piylənmənin ən geniş yayılan ölkələr ABŞ , Çin və Rusiya olduğu müəyyənləşib. Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri, laparoskopik-bariatrik cərrah Taryel Ömərov bildirib.
Həkim deyib: "Dünyada piylənmə və həddindən artıq çəki alanların sayı artıq təxminən 2.1 milyarda çatır. Bu da dünya əhalisinin 30 faizinə bərabərdir. Bu problemdən əziyyət çəkən insanların sayı 1980-ci ildə təxminən 875 milyon nəfər olaraq hesablanıb. Ümumiyyətlə piylənmə və həddindən artıq çəki alanın sayında artım ilk növbədə hərəkətsizliklə əlaqədardır. Vaşinqton Sağlamlıq Metrik və Qiymətləndirmə İnstitutu (IHME) dünyada piylənmə və artıq çəkili insanlar mövzusunda araşdırma aparıb. Tədqiqatda Dünya Səhiyyə Təşkilatının bu istiqamətdə apardığı araşdırmalardan, eləcə də dövlət qurumlarının piylənmə və artıq çəkili insanların sayı ilə əlaqədar bütün məqalələrdən istifadə olunub.
Artıq çəki bir xəstəlikdir. Dünyada artıq çəkili insanların yarışından çoxunun ABŞ, Çin, Hindistan, Rusiya, Braziliya, Meksika, Misir, Almaniya, Pakistan və İndoneziyada kimi ölkələrdə yaşadığı qeydə alınıb. Qərbi Avropada yüksək piylənmə nisbətinin müşahidə olunduğu İngiltərədə kişilərin 67, qadınların isə 57 faizi piylənmə və ya həddindən artıq çəki almadan əziyyət çəkir. Dünyada aparılan araşdırmalar onu da göstərir ki, inkişaf etməkdə olan ölkələrdə piylənmədən əziyyət çəkən qadınların sayı kişilərə nisbətən daha çoxdur. Inkişaf etmiş ölkələrdə isə əksinə, bu problemlə üzləşən kişilərin sayı qadınlardan daha yüksəkdir.
Bu istiqamətdə aparılan araşdırmaların birində, Yaxın Şərq və Şimali Afrika ölkələrində kişilərin təxminən 60 faizinin , qadınların isə 65 faizinin həddindən artıq çəkili olduğu müəyyənləşib. ABŞ-da isə piylənmə və artıq çəkili insanların sayı bütün ölkələri geridə qoyaraq, əhalisinin təxminən 13 faizində bu hal müşahidə olunur. Uşaqlarda meydana çıxan piylənməyə gəldikdə isə bu kalorili və ayaqüstü qidalanma, az hərəkətlilik, şirin və qazlı içkilərdən hədsiz istifadə zamanı baş verir. Ümumiyyətlə kiçik yaşda əmələ gələn piylənmə uşaq və yeniyetmələrdə baş verən ciddi xəstəliklərdən biri hesab edilir. Uşaqlarda piylənmənin olması təhlükəli haldır. Belə ki, yeniyetməlik dövrünə qədər bu problem uşaqların normal inkişafında ciddi problemlər yaradır, inkişafı ləngidir. Artıq çəki ilə böyüyən uşaqlarda isə müxtəlif xəstəliklərin, o cümlədən endokrin sistem xəstəliklərinin əmələ gəlmə riski yüksəkdir. Belə azyaşlılarda şəkərli diabet, arterial təzyiq, qanda xolesterolun miqdarının artması kimi bir sıra problemlər baş verə bilir.
Bundan əlavə artıq çəki uşaqların psixologiyasına da mənfi təsir göstərir. Piylənmədən əziyyət çəkən uşaqlar özünə qapalı olurlar və tez-tez depressiyaya düşürlər. Uşaqlarda bu hal ilə mübarizə aparmaq üçün bütün ailə üzvlərinin səy göstərməsi lazımdır. Belə uşaqları olan ailə hamılıqla birgə sağlam həyat tərzi yaşamağa başlamalıdır. Misal üçün bütün ailə bir süfrədə oturaraq piylənməyə səbəb olmayan qidalarla qidalanmalı, birlikdə piyada gəzintiyə çıxmalı, birlikdə fiziki əməklə məşğul olmalıdır. Bu, uşaq üçün çox faydalı olacaqdır və bu onun könüllü arıqlaması üçün bir stimul olacaq. Piylənmədən əziyyət çəkən uşağı olan hər bir valideyn öz övladının gələcək sağlamlığı üçün onun çəkisinin normaya düşməsi üçün əlindən gələni etməlidir".