
Martın 5-də Türkiyənin İğdır şəhərində yaşayan soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu və İğdır Valiliyinin dəstəyi ilə baş tutub.
Mərasimdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, hər iki ölkənin müstəqilliyi, azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan İlahiyyat İnstitutunun "İslamşünaslıq" ixtisası üzrə II kurs tələbəsi Fəyaz Nəsirzadə tərəfindən Qurani-Kərimdən ayələr tilavət olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan və Türkiyə münasibətlərini “Bir millət, iki dövlət” ifadəsi ilə xarakterizə edib. Qeyd edib ki, bu fəlsəfəni və düşüncəni güclü dövlətçilik modelinə çevirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın uzaqgörən siyasəti nəticəsində dövlətlərimiz sabitlik, təhlükəsizlik və əmin-amanlıq şəraitində inkişaf edir.
Azərbaycanın Qars şəhərindəki baş konsulu Zamin Əliyev müqəddəs Ramazan ayının Türkiyə və Azərbaycan xalqları üçün xeyirli, uğurlu olmasını arzulayıb. İki qardaş xalqın tarix boyu sevincdə də, çətin günlərdə də daim bir-birinə dayaq olmasının önəmi barədə danışıb. Baş konsul bu birliyin gələcəkdə də eyni ruhda davam edəcəyinə əminliyini ifadə edib.
Ədalət və İnkişaf Partiyasının İğdır millət vəkili Cantürk Alagöz Ramazan ayında qardaş xalqların nümayəndələri ilə eyni süfrə arxasında olmaqdan qürur duyduğunu, Azərbaycan və Türkiyənin birlik, həmrəylik baxımından nümunə göstərilən ölkələrdən olduğunu vurğulayıb.
Ədalət və İnkişaf Partiyasının Qaziantəp millət vəkili, Türkiyənin sabiq ədliyyə naziri Əbdülhəmid Gül isə çıxışında bildirib ki, heç bir xəritə və sərhəd xalqlarımız arasındakı qardaşlığa mane ola bilməz. Azərbaycandan Qafqaza, Balkanlardan dünyanın müxtəlif bölgələrinə qədər eyni duyğularla bir araya gəldiyimiz bu birlik süfrəsi ortaq dəyərlərimizin və həmrəyliyimizin təzahürüdür.
Ramazan ayı münasibətilə edilən dualardan sonra iştirakçılar üçün iftar süfrəsi açılıb.
Qeyd edək ki, Ramazan ayı ilə əlaqədar Türkiyənin İstanbul, Qars və İğdır şəhərlərində təşkil edilən iftar mərasimlərində yüzlərlə soydaşımız iştirak edib.
Cavid