İran Hörmüz boğazında icazəsiz gəmilərin hərəkətini tam dayandırıb Dünya

İran Hörmüz boğazında icazəsiz gəmilərin hərəkətini tam dayandırıb

İran hakimiyyətinin icazəsi olmadan Hörmüz boğazından keçən gəmilərin hərəkəti naviqasiya sistemlərinin məhv edilməsi və tankerlərə endirilən zərbələr nəticəsində tamamilə dayandırılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Dövlət Teleradio Şirkəti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinə yaxın mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu kəskin tədbirlər ötən gün günorta saatlarında üç neft tankerinin vurulmasından və keçən gecə daha bir qayda pozan gəminin məhv edilməsindən sonra həyata keçirilib.

Tehran xəbərdarlıq edib ki, qanunsuz neft daşımalarını bərpa etmək cəhdləri olacağı təqdirdə, qayda pozanlara və onların texniki təminat sistemlərinə qarşı tədbirlər daha da sərt olacaq. Mənbə həmçinin vurğulayıb ki, ABŞ Hərbi Hava Qüvvələrinin xammalın qanunsuz daşınmasını dəstəkləmək üçün istənilən təkrar müdaxiləsi birbaşa və qətiyyətli cavabla nəticələnəcək, fəsadlara görə bütün məsuliyyət isə Amerika tərəfinin üzərinə düşəcək.

Məryəm Quliyeva