Murat Kurum: Azərbaycanda əldə olunan uğurları əsas götürərək COP31-i daha yüksək səviyyəyə qaldırmaq istəyirik Hadisə

Murat Kurum: Azərbaycanda əldə olunan uğurları əsas götürərək COP31-i daha yüksək səviyyəyə qaldırmaq istəyirik

İstəyirik ki, Azərbaycanda əldə olunan uğurlu nəticələri və Braziliyada keçiriləcək COP30 prosesini əsas götürərək, Türkiyə olaraq bu prosesi daha yüksək səviyyəyə qaldıraq.

Bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in təyin olunmuş prezidenti Murat Kurum jurnalistlərə açıqlamasında deyib.

“Bu gün dünyanın ən çox ehtiyacı olan şeyin tətbiq və konkret fəaliyyət olduğunu düşünürük. Biz çoxşaxəli bir COP sədrliyi prosesi aparacağıq. Hər kəsin dinlənildiyi, cəmiyyətin bütün təbəqələrinin nəzərə alındığı, heç kimin geridə qalmadığı bir sədrliyi dünyaya göstərmək istəyirik. Bu çərçivədə Avstraliya ilə dostluq və tərəfdaşlıq şəraitində həyata keçiriləcək COP31 prosesində Beynəlxalq Enerji Agentliyinin rəhbəri ilə də görüşdük. Bizim əsas prioritetimiz odur ki, dünyanın bütün ölkələri özlərini təmin edə biləcək enerji siyasətini həyata keçirsinlər. Fəaliyyət gündəliyimizdə gənclərin iştirak etdiyi və onların fikirlərinin nəzərə alındığı proseslər, iqlimə davamlı şəhərlərin qurulması, bərpa olunan enerji mənbələrinin maksimum səviyyədə istifadəsi, eləcə də iqlim maliyyəsinə çıxışın ədalətli şəkildə təmin olunması kimi məsələlər yer alacaq”,- Murat Kurum bildirib.