Bakıda binada partlayış olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB Hadisə

Bakıda binada partlayış olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Bakıda yaşayış binasında baş verən partlayışla bağlı araşdırma gedir.

APA-nın xəbərinə görə, faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.

Partlayış nəticəsində ölən şəxsin 1992-ci il təvəllüdlü Ömər Məhərrəmli olduğu bildirilir.

***

16.13

Bakıda binada partlayış olub.

APA-nın əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu 4-cü mikrorayon ərazisində baş verib.

Partlayış evdə kondisionerin təmiri zamanı qeydə alınıb. İlkin məlumata görə, partlayış kondisionerə qaz vurulması zamanı olub. Ölən şəxsin usta olduğu bildirilir.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 14:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisindən çağırış qeydə alınıb.

Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub: "Təcili tibbi yardım briqadası tərəfindən 34 yaşlı şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb. Hadisə nəticəsində daha iki nəfərə - 40 yaşlı (kişi) və 29 yaşlı (qadın) şəxsə yerində tibbi yardım olunub".