
Azərbaycanın 2026-2028-ci illəri əhatə edən rəqəmsal inkişaf fəaliyyət planı sadəcə dövlət xidmətlərinin elektronlaşması proqramı deyil, həm də ölkənin iqtisadi və geosiyasi mövqeyini yeni texnoloji reallıqlara uyğunlaşdırmağa yönəlmiş uzunmüddətli transformasiya strategiyasının bir hissəsidir. Belə ki, XXI əsrdə dövlətlərin rəqabət üstünlüyü sadəcə təbii ehtiyatları və ənənəvi sənaye potensialı ilə deyil, rəqəmsal infrastrukturu, innovasiya ekosisteminin inkişafı ilə ölçülür. Odur ki, bu plan ölkəmizin innovasiya əsaslı iqtisadi modelə keçidini sürətləndirən strateji yol xəritəsi adlandırıla bilər. Bu planın icrası ilə Azərbaycan post-neft iqtisadiyyatına keçidini sürətləndirəcəkdir.
İlkin olaraq qeyd etmək lazımdır ki, bu fəaliyyət planı daha öncə qəbul edilən İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə Strategiya, həmçinin Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyasının həyata keçirilməsi məqsədilə tərtib olunub. Qlobal təcrübə göstərir ki, uğurlu rəqəmsal transformasiya vahid institusional idarəetmə modelindən başlayır. Odur ki, müvafiq plandan irəli gələn fəaliyyətləri uzlaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurası yaradılıb və bu günlərdə Şuranın ilk iclası keçirilib. Bu plan çərçivəsində vahid məkanda birləşdirilən dövlət xidmətlərinin sayının və keyfiyyətinin artırılması, vətəndaş-məmur təmasının minimuma endirilərək şəffaflığın daha da artırılması - dövlət idarəetməsinin daha da yaxşılaşdırılması, vətəndaşlara müasir və qayğıkeş xidmət göstərən modelə keçid deməkdir.
Vurğulamaq lazımdır ki, bu, dünyada mövcud uğurlu dövlət idarəetmə modellərinin, xüsusilə dövlət xidmətlərinin vahid rəqəmsal platformada inteqrasiyasının ən uğurlu nümunələrindən birini yaratmış Sinqapur modelinin milli idarəetməyə tətbiq edilməsi deməkdir. Plan üzrə nəzərdə tutulan fəaliyyətlərin təhlilinə əsasən, xüsusilə qeyd etmək lazımdır ki, texnologiya şirkətləri üçün nəzərdə tutulan 20 illik vergi güzəştləri və IT mütəxəssisləri üçün tətbiq edilən 0 faiz gəlir vergisi Azərbaycanı bütün Cənubi Qafqaz regionunun ən cəlbedici rəqəmsal inkişaf mərkəzinə çevirməyə hesablanıb. Bunlar beynəlxalq miqyasda sınaqdan çıxmış alətlərdir. Yəni Azərbaycan yeni alətlərin tətbiqini artırır.
Daha bir yenilik kimi həm də frilanserlərin vergiyə cəlb olunacağı qeyd oluna bilər. Vençur kapitalı fondlarının hüquqi bazasının yaradılması, "Digital Nomad" vizalarının tətbiqi ölkəyə həm də xarici kapitalın, o cümlədən beynəlxalq intellektual elitanın axınını stimullaşdıracaqdır. Başqa sözlə, vaxtilə ölkəmizdən xaricə yönələn "beyin köçü" bu fəaliyyət planı ilə tərsinə, Vətənə "beyin axınının" yönəlməsinə təkan verəcək. Bu yaxınlarda təsis olunan Milli Kibertəhlükəsizlik Agentliyi və kritik infrastrukturun qorunması üçün nəzərdə tutulan tədbirlər dövlətin rəqəmsal suverenliyi və məlumat təhlükəsizliyini qlobal təhlükələrdən qorumağa xidmət edəcək. Xüsusilə müasir dünyada artan hibrid hücumlar fonunda bu, milli təhlükəsizliyin təmin olunmasında mühüm komponent təşkil edir. Təhsilin rəqəmsallaşdırılması və "STEAM", "rəqəmsal məktəb", "rəqəmsal bacarıqlar" kimi layihələr vasitəsilə yüksəkixtisaslı insan kapitalının yetişdirilməsi ölkənin gələcək texnoloji rəqabətqabiliyyətliliyinin əsasını qoyur.
Yekun olaraq Azərbaycan enerji resursları, Avropa və Asiyanın kəsişməsində yerləşməklə sahib olduğu əlverişli coğrafi mövqeyini necə enerji və nəqliyyat-kommunikasiya infrastrukturunun inkişafına yönəldərək qlobal miqyasda strateji mövqe qazandısa, bundan sonrakı periodda innovasiya iqtisadiyyatının inkişafının ölkəmizin mövqeyini beynəlxalq miqyasda daha da gücləndirəcəyi şübhəsizdir.
Şəhla Cəlilzadə
Siyasi şərhçi