Hesablama Palatası Milli Arxiv İdarəsində nöqsanlar aşkarlayıb Hadisə

Hesablama Palatası Milli Arxiv İdarəsində nöqsanlar aşkarlayıb

Hesablama Palatası Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 2024-cü il üzrə konsolidə olunmuş maliyyə hesabatlarının auditi zamanı bir sıra nöqsanlar və uçot təhrifləri müəyyən edib.

“APA-Economics” xəbər verir ki, Auditor hesabatına əsasən, Milli Arxiv İdarəsinə şərti müsbət rəy verilib.
Bu isə o deməkdir ki, maliyyə hesabatları ümumilikdə qəbul edilə bilən hesab olunsa da, bir sıra mühüm uyğunsuzluqlar aşkarlanıb.

Audit zamanı uzunmüddətli aktivlərin bir hissəsinin düzgün hesab və subhesablarda uçota alınmadığı, bəzi aktivlər üzrə amortizasiya xərclərinin düzgün hesablanmadığı, eləcə də 687 ədəd bioloji aktivin dəyərinin müəyyən edilmədiyi və uçota alınmadığı məlum olub.

Hesabatda qeyd edilib ki, arxiv sənədlərinin rəqəmsallaşdırılması və elektron xidmətlər portalının yaradılması ilə bağlı bağlanmış müqavilə üzrə 253,7 min manat məbləğində iş və xidmətlər vaxtında başa çatdırılmayıb. Bununla yanaşı, müqavilə şərtlərinə əsasən tətbiq edilməli olan 25,37 min manat məbləğində cərimə sanksiyası icraçı şirkətə tətbiq olunmayıb.

Bundan başqa, informasiya sistemlərinin dəstəklənməsi xidmətlərinin satınalınması üzrə 197,18 min manat məbləğində əvvəlcədən ödənilmiş vəsait avans kimi deyil, birbaşa xərc kimi uçota alınıb. Nəticədə 2024-cü il üzrə maliyyə hesabatlarında qısamüddətli aktivlər az, əməliyyat xərcləri isə çox göstərilib.

Hesablama Palatası həmçinin müəyyən edib ki, İdarə sənədlərini qaydaya salan Mərkəzin maliyyə hesabatları konsolidə edilmiş hesabatlarda nəzərə alınmayıb. Bu səbəbdən gəlirlər 505,47 min manat, əməkhaqqı və əlaqəli xərclər 450,41 min manat, sair əməliyyat xərcləri isə 14,3 min manat az əks olunub.

Audit zamanı bəzi hüquqi şəxslərə göstərilmiş ödənişli arxiv xidmətləri üzrə xidmət haqlarının hesablanmadığı da üzə çıxıb. Nəticədə İdarənin gəlirləri 18,99 min manat az göstərilib.

Hesabatda o da vurğulanıb ki, İdarənin tabeliyində olan 14 filialda analitik və sintetik uçot lazımi qaydada aparılmayıb, baş kitab işlənməyib və 2024-cü il üzrə maliyyə hesabatları tərtib olunmayıb.

Bundan əlavə, büdcədənkənar vəsait hesabına işçilərin mükafatlandırılması üçün xərclər smetasında normadan artıq vəsait nəzərdə tutulub. Belə ki, 444,4 min manat gəlirin 60%-i, yəni 266,64 min manatı bu istiqamətə yönəldilməli olduğu halda, smetada 300 min manat vəsait göstərilib.

Hesablama Palatası, həmçinin filial direktorunun səlahiyyəti olmadığı halda bir nəfər ştatdankənar işçinin işə qəbul edildiyini və buna görə 1 985,85 manat vəsait xərcləndiyini açıqlayıb.

Qurum Milli Arxiv İdarəsinə bağlanmış müqavilələr üzrə öhdəliklərin icrasına nəzarətin gücləndirilməsi, alt qurumlarda uçot və maliyyə hesabatlarının düzgün təşkili, eləcə də aşkarlanmış təhriflərin müvafiq mühasibat yazılışları ilə aradan qaldırılması ilə bağlı tövsiyələr verib.