Oxumaq istəyirəm! Hadisə

Oxumaq istəyirəm!

Əlilliyi olanların əksəriyyəti təhsildən kənarda qalır

Əzələ zəifliyindən əziyyət çəkən 24 yaşlı birinci qrup əlil Sevinc Zeynalova 2006-cı ildə orta məktəbi bitirib. 8 ildir ki, ali təhsil arzusunu gerçəkləşdirmək uğrunda çalışır: "Əlilliyim olduğundan ali təhsil ala bilmirəm. Orta məktəbi də evdə fərdi formada təhsil almaqla bitirmişəm. Ali təhsil almağımdan ötrü şərait yaradılması üçün anam Tələbə Qəbulu üzrə Komissiyasına müraciət etdi. Amma "evdə ali təhsil almaq mümükün deyil" - dedilər. Anama Təhsil Hazirliyində dedilər ki, "gedin hara müraciət edirsiniz, edin". Sonra yerli TV-lərin birinin təhsillə bağlı verilişində problemimi səsləndirdim. Canlı efirə qoşulan nazirliyin nümayəndəsi bildirdi ki, məni universitetə aparıb gətirməyə nəzarətçi təyin edilə bilər. Amma mənim gündəlik taksi xidmətindən istifadə etməyə maddi imkanım yoxdur. Sonra isə mənimlə ümumiyyətlə, heç kim maraqlanmadı".
Sevinc deyir ki, ali təhsil müəssisələrində arabada rahat hərəkət etmək üçün heç bir şərait yoxdur. Pillələkənlərdən araba ilə qalxmaq olmaz. Burada əlil arabaları üçün panduslar nəzərdə tutulmayıb: "Ümumiyyətlə infrastruktur əlillərin rahat davranmasına mane olur. Mənim üçün isə təhsil çox vacibdir. Fiziki gücüm yox səviyyəsində olduğundan yalnız zehni işlə məşğul ola bilərəm. Bunun yolu isə yalnız təhsildən keçir". Sevinc xanım deyir ki, onun təhsil alması üçün ali təhsil müəssisələrində müvafiq infrastrukturdan əlavə həm də distance (məsafədən təhsil) təhsil proqramı da mövcud deyil.
Şəmkirin Bayramlı kəndində yaşayan 17 yaşlı birinci qrup əlil Mətanət Qüdsi də eyni problemdən əziyyət çəkir. Dediyinə görə, sənədlərini I qrupa təqdim etmək istəyir. Lakin müvafiq infrastrukturu olmayan universitetdə vəziyyətinin necə olcağı problemi onu rahat buraxmır.
Birinci qrup əlil Zaur Hacılı attestatı olmadığından ali təhsil ala bilməyib. Lakin onun təhsil ala bilməməsinin ən başlıca səbəbi müharibədir: "6-cı sinifə kimi Ağdamın 3 nömrəli məktəbinin şagirdi idim, müəllimələrim gəlib evdə dərs keçirdilər. Amma təhsilim həyasız hayların ucbatından yarımçıq qaldı. Daimi məskunlaşmağımız uzun çəkdi, başqasının evində qala-qala evdə təhsil almaq mümkün deyil və ya olduqca çətindir". Zaur Hacılının fikrincə, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, eləcə də normal təhsil alması üçün ilk fərdi müstəqilliyinin təmin edilməsi vacibdir. Əks təqdirdə yaxşılığa doğru heç nə dəyişməyəcək. Bunun üçün isə əlilliyi olan insan zəruri ehtiyac duyduğu vasitələrlə təmin edilməlidir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkədə əlilliyi olan 57 mindən çox uşaq var. Onlardan 1105-i xüsusi təhsil məktəblərində, 2664-ü xüsusi internat məktəblərində təhsil alır (onlardan 1353 nəfəri müəssisədə gecələyir), 7750-si evdə təhsilə, 268-i isə inklüziv təhsilə cəlb edilib. Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 7-ci bəndində distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin yaradılması nəzərdə tutulub. Belə ki, strategiyanın qəbul ediləcəyi təqdirdə ölkədə əlilliyi olan uşaqların təhsilinin təşkili ilə bağlı bütün problemlər aradan qalxacaq. Sənəddə məktəblərin əlilliyi olan uşaqlar üçün əlçatan olmasını nəzərdə tutan bütün infrastuktur dəyişiklikləri də nəzərdə tutulur. Bununla yanaşı, hazırkı mövcud kurikulumlara sağlamlıq imkanları məhdud uşaqların dərk edə və yararlana biləcəyi şəkildə dəyişiklik edilməsi, həmin uşaqlar üçün yeni nəsil dərsliklərin hazırlanması, onların adi ümumtəhsil məktəblərinə qəbul olunması üçün qiymətləndirmə meyarlarının hazırlanması, qiymətləndirmənin əsasında onlar üçün fərdi təlim planının hazırlanması nəzərə alınır.
Bir çoxlarından fərqli olaraq birinci qrup əlil Sevda Səfərəliyeva daha çox şanslıdır. İqtisad Universitetinin "Maliyyə-kredit" fakültəsini bitirən xanım buna valideynlərinin fədakarlığı və həmin dövrdə dekan müavini vəzifəsində çalışan Saleh Məmmədovun köməyi ilə nail olduğunu bildirir: "Valideynim məni hər gün müşaiyət etmək məcburiyyətində idi. Saleh müəllim isə mənə görə bizim qrupa birinci mərtəbədə otaq ayırmışdı. Ali təhsilimi onların sayəsində ala bildim. Lakin əlil insanların çoxu bu imkandan məhrumdur. Təhsil, elm açılmaz qapıların açarıdır. Bu səbəbdən də əlilliyi olan uşaqların təhsilinə xüsusi diqqət yetirilməlidir. Lakin baxaq görək bu diqqət hansı dərəcədədir. Statistik məlumatlar müxtəlif olsa da onların hamısını eyni meyar birləşdirir. Əlilliyi olan uşaqların əksəriyyəti təhsildən kənar qalır. Əlbəttə ki, əlilliklə doğulmuş və ya uşaq yaşlarında sonradan əlil olmuş uşaqlar sağlamlıqları ilə bağlı çox böyük çətinliklər yaşayırlar. Yəni, sağlamlıq problemlərinin fonunda təhsilə də diqqət ayrılması həddən artıq müşkül bir vəziyyətə çevrilir. Xüsusilə də sağlamlıq imkanları məhdud uşaqların çox vaxt aztəminatlı ailələrdə böyüməsini nəzərə alsaq, izahata ehtiyac qalmır. Çünki ən yaxşı hallarda valideynlər uşağın səhhətini mümkün olduğu qədər bərpa edilməsinə çalışır. Bu isə aylar və illər tələb edən və uzunmüddətli proses olduğundan valideynlərin mənəvi, fiziki və əksər hallarda da maddi gücü tükənir".
Sevda xanım bildirir ki, əlil uşağın təhsili ilə qeydiyyatda olduğu yerin təhsil şöbəsinin məsul işçiləri mütləq maraqlanmalıdılar: "Təbii ki, valideynlərin də borcu bu barədə müvafiq qurumları vaxtında məlumatlandırmaqdır. Lakin müraciətlərinə soyuq münasibət görən, laqeydliklə qarşılaşan valideyn tez bir zamanda ruhdan düşə də bilər. Bu zaman zərər çəkən tərəf sözsüz ki, təhsildən kənar qalan uşaq olacaq. Çünki bu uşaqların sağlamlıq imkanları məhdud olsa da onlar böyüyürlər, yaşlarının üstünə yaş gəlir. Müəyyən yaşa çatdıqda isə təhsilsiz uşağın, gəncin gələcək taleyi də acınacaqlı olur. Özünə məşğuliyyət, ona güzəran qazandıra biləcək iş tapmaq müşkül məsələyə çevrilir. Bir sözlə, qeyri-iradi olaraq ailəsinə və cəmiyyətə yük olmağa başlayır". Mövcud problemi məsələnin yalnız bir tərəfi adlandıran Sevda xanım əlil uşaqların yaşıdları ilə ünsiyyət problemini də qabartdı: "İnsan sosial varlıqdır. Yəni onun bir insan kimi mövcud olması üçün başqaları ilə ünsiyyətə böyük ehtiyacı var. Hələ söhbət əlil uşaqlardan gedirsə, sosial mühitin bu uşaqların hərtərəfli inkişafında rolu əvəzsizdir. Lakin böyük təəssüf hissi ilə qeyd etməliyik ki, cəmiyyətdə həm fiziki (xüsusilə əlil arabasında hərəkət edən uşaqlar), həm də mənəvi baryerlərlə qarşılaşan uşaqların ünsiyyəti yalnız ailə üzvləri ilə ünsiyyətlə kəskin surətdə məhdudlaşır. Bu isə yaşı artdıqca sosial vərdişlərə yiyələnməsi üçün əlverişli şəraiti olmayan uşaqların sonrakı inkişafında ciddi problemlərə yol açır. Bu uşaqlarda sosial adaptasiya baş vermədiyindən sonrakı yetkinlik həyatlarında digər insanlarla normal münasibət qura bilmirlər. Bəzən onların münasibətlərinin birtərəfli inkişaf etməsinə də təsir göstərir. Məsələn, ailədə yalnız qayğı görən bu uşaqlar başqa insanlardan da ancaq qayğı görmələrinə ümid edəcəklər. Özləri başqalarının qayğısına qala bilmələri ehtimalını isə heç ağıllarına da gətirməyəcəklər. Bir sözlə, təhsil ala bilmək imkanı sağlamlıq imkanları məhdud uşalqarın yalnız savad alması demək deyil. Eyni zamanda bu həmin savaddan gələcəkdə maddi qazanc əldə edə bilmək, ailə üzvlərinə bu yolla dəstək olmaq, müstəqil yaşamaq, ailə qura bilmək və övlad sahibi olmaq üçün imkan əldə etmək deməkdir. Təbii ki, bu siyahını uzatmaq olar. Təhsilin, xüsusilə də keyfiyyətli təhsilin yatadığı imkanlar sonsuzdur".
Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin eksperti Lamiyə Şərəfxanova problemə bir qədər geniş formada yanaşdı: "Prezidentin sərəncamı ilə ötən ilin oktyabrında təsdiq olunan Təhsil Strategiyasında ikinci istiqamət əlilliyi olan şəxslərin və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili məsələlərini əhatə edir. Onların təhsilinin təşkili ilə bağlı xüsusi metodikaları, yeni yanaşmaları əhatə edir. Əlil insanların təhsil müəssisələrində müstəqil təhsil alması üçün vacib olan infrastrukturdan danışmıram. Bu problemin texniki cəhətidir və daha tez həll oluna bilən hissəsidir. Bilirsini ki, davranış - insanların təfəkkürü, düşüncəsi daha çətin dəyişir. Buna nail olmaq üçün birinci növbədə problemə pedaqoji yanaşma vacibdir. Problem nədədir? Bu il 9-cu sinifdə ölkə üzrə 300-ə yaxın əlil uşaq təhsil alırdı. Onların yarısı mərkəzləşmiş buraxılış imimtahanından keçə bilmədi. Halbuki faktiki olaraq 9-cu sinifdə oxuyan əlil uşaqlar bu imtahandan azad olunurlar. Bu uşaqların yalnız yarısı imtahandan azad olma hüququ qazandı. Hesab edirəm ki, bu ciddi problemdir. Çünki orta məktəbi bitirməni təsdiqləyən şəhadətnamə olmadan heç bir ali təhsildən söhbət gedə bilməz. Distant təhsil isə fiziki cəhətdən harasa çıxması çətin olan insanlar üçün keçərlidir. Bu təhsil növündə sosiallaşma sıfır səviyyəsindədir. Bu təhsildə tələbə yalnız texniki avadanlıqlar vasitəsilə auditoriyaya bağlanır. Bu təhsil növünün olması üçün bütün təhsil ocaqlarında informasiya kommunikasiya vasitələri yüksək səviyyədə qurulmalıdır. Yəni uşaqlar auditoriyanı keyfiyyətli formada dinləməlidirlər. Texnika da o uşaqların hər birinin ehtiyacına uyğun quraşdırılmalıdır".
Lamiyə xanımın fikrincə hazırda bu o qədər də real səslənmir: "Təhsil Hazirliyinin bu haqda bir neçə pilot layihəsi var. Bu da Microsoft şirkətinin köməyi ilə mümkün olub. Hə dərəcə uğurlu olduğu barədə heç bir hesabat paylaşılmayıb. Bundan əlavə xüsusi qayğıya ehtiyacı olan uşaqların yaşadıqları ərazidə birinci sinifə qəbulla bağlı qiymətləndirmə mexanizmi yoxdur. Əlil insanın məktəbi bitirməsi ilə bağlı şəhadətnamə alması üçün bu kriteriyaların müəyyənləşməsi vacibdir. Əlil insanların ali təhsil alma probleminin kökü bundan qaynaqlanır. Həm də ali məktəblərdə əlil insanların müstəqil rəftarı üçün uyğun infrastrukturun olmaması da problemə rəvac verir. Burada bircə səbəb var ki, siz əlil arabasında oturduğunuza görə ali təhsil ala bilməzsiniz. Amma istisna hallar da var. Məsələn, Müəllimlər İnstitutunda müvafiq şərait yaradılıb. Təəssüf ki, bu şərait digər təhsil ocaqlarında mövcud deyil. Hesab edirəm ki, yeni tikiləcək universitet və kampuslar həm də əlil insanlara üçün şərait nəzərdə tutulmalıdır".
Bir çox ölkələrdə fiziki problemi yaranmış insanlar təhsildən kənarda qalmırlar və ya hər gün dərsdə iştirak edə bilməyən tələbə və şagirdlər distant təhsildən yararlanırlar. Məsələn, ABŞ-ın Kolorada ştatında yaşayan Alex Fraser qəza zamanı iflic keçirdiyinə görə, təhsilini distant formada alıb. Hospitalda reabilitasiya müalicəsi aldığı vaxt məktəbdən məzun olmasının sevincini Skyre vasitəsilə məktəb yoldaşları ilə birlikdə yaşayıb. Beləliklə, məsafə, fiziki və sağlamlıq problemi təhsil almaq üçün maneə deyil.

Ülviyyə Tahirqızı