Ermənistan bütün imkanlarını itirə bilər
4 Noyabr 23:29

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik salnaməsinə milli iradənin, sarsılmaz birliyin və tarixi ədalətin təntənəsi kimi həkk olunub. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm hərbi-siyasi qələbə yalnız otuzillik işğala son qoymaqla kifayətlənməyib, eyni zamanda ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnib. Müasir dövrdə bu tarixi Zəfərin mahiyyəti, ona aparan strateji yol və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq prosesi dövlətçilik tariximizin en mühüm mərhələsi kimi çıxış edir.
Zəfərin dəyişməz həqiqəti
Milli Məclisin deputatı Elnarə Akimova “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsi kimi əbədi yaşayacaq.
Deputat qeyd edib ki, Zəfər Günü yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi qələbəni deyil, xalqımızın onilliklər boyu yaşadığı ağrıların, itkilərin, məcburi köçkünlük həyatının və doğma torpaqlarına qayıtmaq həsrətinin sona çatmasını ifadə edir: “Azərbaycanın bu qələbəsi təsadüfi deyil, uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, güclü ordu quruculuğunun, iqtisadi inkişafın, milli birliyin və prinsipial diplomatiyanın məntiqi nəticəsidir. Bu tarixi yolun təməlində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən dövlətçilik fəlsəfəsi və Azərbaycanın gələcəyinə dair strateji baxışları dayanır. Prezident İlham Əliyev isə bu siyasi kursu davam etdirərək ölkənin hərbi, iqtisadi və diplomatik imkanlarını gücləndirib, ərazi bütövlüyünün və suverenliyin bərpasını dövlət siyasətinin əsas strateji məqsədinə çevirib. 1988-ci ildən başlayan Qarabağ hadisələri Azərbaycan xalqına ağır faciələr yaşadıb, yüz minlərlə insan doğma yurdlarından didərgin düşüb, şəhər və kəndlərimiz dağıdılıb. Buna baxmayaraq, xalqımız öz tarixi torpaqlarından heç vaxt vaz keçməyib və işğalın sona çatması Azərbaycanın dövlət siyasətində əsas prioritet olaraq qalıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib, Silahlı Qüvvələrin döyüş qabiliyyəti yüksəldilib, müasir silah və texnika ilə təchizat genişləndirilib, hərbi sənaye kompleksi inkişaf etdirilib. Enerji və nəqliyyat layihələri, beynəlxalq əməkdaşlıq və çoxşaxəli xarici siyasət Azərbaycanın regional və beynəlxalq mövqelərini möhkəmləndirib. Beləliklə, Zəfərə aparan yol yalnız hərbi hazırlıqdan deyil, dövlətin bütün imkanlarının milli məqsəd ətrafında səfərbər edilməsindən keçib”.
Deputat 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlamasını xalqımızın uzun illər gözlədiyi tarixi dönüş kimi qiymətləndirib.
O bildirib ki, 44 gün ərzində Azərbaycan Ordusu böyük rəşadət, peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirərək düşmənin müdafiə mövqelərini yarıb, şəhər və kəndlərimizi, strateji yüksəklikləri bir-birinin ardınca azad edib: “Bu tarixi qələbənin əldə olunmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və strateji rəhbərliyi həlledici rol oynayıb. Dövlət başçısı müharibə dövründə Azərbaycanın haqq mövqeyini beynəlxalq ictimaiyyət qarşısında müdafiə edib, dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələrlə münaqişənin əsl mahiyyətini və ölkəmizin beynəlxalq hüquqa əsaslanan mövqeyini dünya ictimaiyyətinə çatdırıb”.
Deputat Şuşanın azad edilməsini Zəfərin ən mühüm mərhələlərindən biri kimi dəyərləndirib.
Bildirib ki, Azərbaycanın tarixini, mədəniyyətini, milli kimliyini və mənəvi dünyasını özündə yaşadan bu müqəddəs şəhərin azadlığı yalnız hərbi deyil, həm də milli-mənəvi baxımdan böyük əhəmiyyət daşıyır.
E.Akimova Vətən müharibəsi dövründə Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəyliyə də diqqət çəkib. Qeyd edib ki, ölkənin müxtəlif siyasi qüvvələri, cəmiyyətin ayrı-ayrı təbəqələri, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar milli məsələdə bir araya gəliblər. “Dəmir yumruq” ifadəsi bu birliyin, dövlətə inamın və milli iradənin rəmzinə çevrilib.
Deputat vurğulayıb ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın hərbi qələbəsinin siyasi nəticələrini müəyyənləşdirib, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması işğalın sona çatması istiqamətində mühüm mərhələ olub.
Onun sözlərinə görə, 2023-cü il aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmizin sərhədləri üzərində nəzarətinin təmin olunması baxımından əhəmiyyətli addım olub: “Həmin ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində Qarabağda Azərbaycanın konstitusiya quruluşu və dövlət suverenliyi tam bərpa edilib. Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağını qaldırması isə bu tarixi prosesin rəmzi yekunu olub. Zəfərin ən böyük mənası azad edilmiş torpaqlara həyatın qayıtması, insanların doğma yurdlarında yenidən yaşamaq imkanının yaradılmasıdır. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, yeni yollar, tunellər, hava limanları, yaşayış binaları, məktəblər və xəstəxanalar inşa edilir”.
Deputat Böyük Qayıdış proqramının əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib ki, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur: “Qarabağ Universitetinin fəaliyyəti, yeni təhsil və xidmət infrastrukturunun yaradılması, məşğulluq imkanlarının genişləndirilməsi azad edilmiş ərazilərin gələcəyinə yönəlmiş mühüm addımlardır.Azərbaycanın qarşısında duran əsas vəzifə əldə edilmiş tarixi qələbəni davamlı inkişafla möhkəmləndirmək, azad edilmiş əraziləri müasir həyatın, iqtisadi fəaliyyətin və sosial rifahın mərkəzlərinə çevirməkdir”.
E.Akimova şəhid ailələri və müharibə iştirakçılarına göstərilən dövlət qayğısına da toxunub.
Bildirib ki, şəhidlərin xatirəsini yaşatmaq, onların ailələrinə qayğı göstərmək, qazilərin sağlamlığını, sosial təminatını və məşğulluğunu dəstəkləmək dövlətin və cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir. Bu istiqamətdə həyata keçirilən sosial proqramlar, mənzil təminatı, reabilitasiya xidmətləri və “YAŞAT” Fondunun fəaliyyəti mühüm əhəmiyyət daşıyır.
Deputat Azərbaycanın Zəfər tarixini dəyərləndirərkən Heydər Əliyevin dövlətçilik irsi ilə İlham Əliyevin rəhbərliyi altında əldə olunan nəticələrin bir-birindən ayrı təsəvvür edilməsinin mümkün olmadığını bildirib.
Onun sözlərinə görə, Heydər Əliyev müstəqil Azərbaycanın möhkəmlənməsinin, dövlətçilik ənənələrinin qorunmasının və milli maraqların müdafiəsinin əsaslarını formalaşdırıb, İlham Əliyev isə bu dövlətçilik xəttini davam etdirərək işğalın sona çatması və suverenliyin bərpası istiqamətində qətiyyətli siyasət həyata keçirib.
E.Akimova 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşmalara da toxunub. Qeyd edib ki, Birgə Bəyannamənin imzalanması, sülh sazişi layihəsinin paraflanması və ATƏT-in Minsk Prosesi ilə əlaqəli strukturların fəaliyyətinin başa çatması Azərbaycanın postmünaqişə dövründə diplomatik gündəliyinin mühüm nəticələridir.
Deputat bildirib ki, Azərbaycanın mövqeyi aydındır: sülh olmalıdır, lakin bu sülh suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmət əsasında qurulmalıdır.
“Zəfər bizim tariximizdir, suverenlik dövlətimizin gücüdür, milli birlik isə gələcəyimizin ən böyük təminatıdır. 8 Noyabr xalqımızın yaddaşında yalnız qələbə günü kimi deyil, Azərbaycanın öz taleyini öz iradəsi ilə müəyyən etdiyi, milli ləyaqətini və dövlətçilik gücünü bütün dünyaya nümayiş etdirdiyi tarixi gün kimi yaşayacaq. Bu Zəfər əbədi olacaq, bu qürur gələcək nəsillərə ötürüləcək”, – deyə Elnarə Akimova vurğulayıb.
“Zəfər birliyimizin təntənəsidir”
Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Şuşanın azad edilməsi və sonrakı mərhələdə dövlət suverenliyimizin tam təmin edilməsi tariximizin ən mühüm hadisələrindəndir.
Deputat qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni məğlub edərək torpaqlarımızı işğaldan azad edib və ərazi bütövlüyümüzü bərpa edib. Tarixi ədalət bərpa olundu. Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır!
8 Noyabr Ali Baş Komandanımızın və rəşadətli ordumuzun Şuşanı işğaldan azad etdiyi gündür. Prezident İlham Əliyevin sərəncamına əsasən hər il noyabrın 8-i Zəfər Günü kimi qeyd olunur”.
C.Məmmədov bildirib ki, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi möhtəşəm qələbənin əldə olunmasını təmin edib.
O vurğulayıb ki, Vətən müharibəsi zamanı dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar ölkəmizin haqq mübarizəsinə dəstək göstərib, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımız görünməmiş həmrəylik nümayiş etdiriblər: “Ön və arxa cəbhədə yaranan sarsılmaz birlik “Dəmir yumruq” ifadəsində öz əksini tapıb”.
C.Məmmədov işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə də diqqət çəkib.
Bildirib ki, qısa müddətdə həmin ərazilərdə mühüm infrastruktur layihələri həyata keçirilib, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlər, hava limanları, dəmir yolları və tunellər inşa olunur.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə İşğal və Zəfər muzeylərinin yaradılması, tarixi və mədəni irsimizin bərpası da mühüm əhəmiyyət daşıyır: “Azərbaycanın quruculuq missiyası davam edir. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara həyat qayıdır”.
Deputat 2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində, Həkəri çayı üzərində Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasını da Azərbaycanın əldə etdiyi mühüm hərbi-siyasi nailiyyətlərdən biri kimi xarakterizə edib.
Qeyd edib ki, bu addım ölkəmizin sərhədləri üzərində nəzarətinin təmin olunması baxımından əhəmiyyətli olub: “Fəxarət rəmzimiz olan üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin olundu”.
C.Məmmədov qarşıda ölkəmizi mühüm vəzifələrin gözlədiyini də vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bütün taleyüklü məsələlərin öhdəsindən gəlmək iqtidarındadır və bu prosesdə hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür.
Deputat əlavə edib ki, xalq-iqtidar birliyi Azərbaycanın gələcək inkişafı baxımından mühüm amildir. “Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət, hədsiz fərəh və qürur hissləri yaşayır. Bu Zəfərlə biz Ermənistanın 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə qalib dövlət və xalq kimi tarixə düşdük”, – deyə Ceyhun Məmmədov bildirib.
Günel Elxan