Broyler toyuğu təhlükəsi Hadisə

Broyler toyuğu təhlükəsi

Broyler təssərrüfatında istifadə edilən yemlərin tərkibinə 59 adda dərman vurulur

Son illərin araşdırma və müşahidələri göstərir ki, broyler toyuğunun yetişdirilməsində istehsalçılar gəlir əldə etməkdən ötrü hər vasitəyə yol atırlar.
Ölkə xanımları arasında broyler toyuğu tez hazır olması üstünlüyü ilə çox məşhurdur. Evə gələn qəfil qonağın qarşısına tez hazır olan toyuqdan yaxşı nə qoymaq olar?
Gec bişən kənd toyuğunu isə əsasən uşaq üçün hazırlamaq daha yaxşıdır.
Amerikalı Con Hopkins və Arizona Universiteti alimlərinin apardığı son araşdırmalar zamanı məlum olub ki, bütün dünyada, eləcə də qabaqcıl Avropa ölkələrində broyler təssərrüfatında istifadə edilən yemlərin tərkibinə 59 adda dərman vurulur. Dərmanların çoxu antibiotik təsirlidir, bu isə toyuqların müqavimətinin güclənməsini və tez zamanda çəkisinin artmasını təmin edir. Halbuki 2002-ci ildə BMT-nin qəbul etdiyi Karfagen(Cartegena) Biogüvənlik Protokolu dərmanlardan kütləvi şəkildə istifadəni qadağan edir. Standartlara görə, ətlik toyuqlar kəsimə gedəcəksə, 7 gün əvvəl antibiotik və dərmanlı qidaların verilməsi dayandırılmalıdır. Yerli təssərrüfatlarda nə dərəcədə əməl olunduğunu demək çətindir, amma broyler quşçuluqda işləyən bir işçinin dedikləri bu barədə təssəvvür yaradır. Belə ki, kəsimə gedən toyuqlar çox vaxt 6-7 həftəlik olur: "Buna səbəb satışda azçəkili toyuğa tələbatın olmasıdır. Kəsilən quşlar təmizləndikdən sonra xlordioksidli soyuq suda saxlanılır, daha sonra soyuduculara verilir. Kimyəvi maddəli sudan istifadənin məqsədi məhsulun uzun müddət təmiz qalmasını saxlamaq və mikroblardan uzaq qalması məqsədini daşıyır. Çəkisi müəyyən edildikdən sonra qablaşdırılır".
Türkiyənin tanınmış həkim, professorları Əhməd Rasim Küçük və Yavuz Dizdar bu barədə araşdırma və çıxışları ilə məşhurdurlar. Yavuz Dizdar broyler toyuqların uşaqlara verilməsinin əleyhinədir. Onun fikrincə, antibiotiklə kökəldilən bu toyuqlar uşaqların əsasən sümük-əzələ sisteminin inkişafına pis təsir edir. İnsanlarda böyrək xərçənginin yaranmasına səbəb olur. Çünki broylerdə istifadə olunan yemin tərkibi geni dəyişdirilmiş orqanizmlərdən ibarətdir. Digər professor Əhməd Rasim Küçük isə broylerdə toyuqların hormonlu qidalarla bəsləndiyini deyir.
Azərbaycanda broyler toyuq fermalarının sayı son illərdə sürətlə satılır. Amma bu sahədə məsul olan dövlət müəssisəsi vəziyyətin necə olduğun barədə ictimaiyyətə məlumat vermir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dəfələrlə broyler məsulları haqqında fikrini bildirib: "Toyuqların təkcə qablaşdırılmasında istifadə olunan streç solafanlar Koreya və Çində istehsal olunan keyfiyyətsiz məhsullardır. Polivinin xlor tərkibli məhsullar zərərlidir. Bu gün demək olar ki, ucuz başa gəldiyindən bundan kütləvi şəkildə istifadə olunur. Bizim iradımız Nazirliyə bildirilib, onlar da müraciətini edib, amma nəticə yoxdur. Bir də bizə edilən şikayətlər arasında ölmüş toyuqların satışa çıxarılması məsələsidir. Bu isə sahibkarın insafına qalır. Broyler fabriklərinin daha bir hiyləsinin üstünü açan məlumat əldə etmişik. Söhbət broylerlərin məhsuldarlıq üçün saxladıqları toyuqları əhaliyə "kənd toyuğu" adı altında baha qiymətə satmasından gedir. Belə ki, bu quşlar əslində kənddə gətirilməyib. Onlar broylerlərdə yumurtlamaq üçün saxlanılan anac toyuqlardır. Təxminən 3-4 il məhsul vermək üçün saxlanan bu toyuqlar sonradan kəsilib "kənd toyuğu" adı altında əhaliyə satılır. Əslində xüsusi dərmanlarla yetişdirilən broyler toyuqlarından fərqli olaraq onların orqanizmə heç bir mənfi təsiri yoxdur. Sadəcə olaraq insanların aldadılması, qoca toyuqların "kənd toyuğu" adı altında bazara çıxarılması düzgün deyil".
Eyyub Hüseynovun sözlərinə görə, onların apardıqları tədqiqatlar zamanı xarici və yerli broyler toyuqlarına genetik modifikasiya olunmuş komponentlər, soya jımıxları verilməsi də aşkar edilib. Azərbaycanın qanunvericiliyi heyvan yemləri üçün genetik modifikasiya olunmuş məhsulların, yəni yemlərin gətirilməsini qadağan etmir. Bu qidalar isə əsasən Argentina, Kanada, Rusiya və s. ölkələrdən gətirilir: "Azərbaycan broylerləri dünyanın az broylerlərindən biridir ki, qoxusundan yaxınlaşmaq mümkün deyil. Digər ölkələrin broyler toyuqlarında belə qoxu yoxdur. Quş peyinləri kimyəvi olaraq neytrallaşdırılır və gübrə kimi istifadə olunur. Azərbaycanda bu məsələ də həll olunmamış problem kimi qalır. Ümumilikdə isə bizdə broyler sənayesində şəffaflıq yoxdur. Baytarlıq dərmanlarının qalıqları məsələsi diqqətdə saxlanılmalıdır".
İstanbul Universitetinin nəzdindəki Onkologiya İnstitutunun müəllimi Yavuz Dizdar dəfələrlə açıqlama verərək xərçəng xəstəliyi ilə broyler toyuqlarından hazırlanmış qida arasında əlaqə olduğunu söyləyib. Belə bir qorxunc iddia ilə çıxış edən alimin sözlərinə görə, sümükləri inkişaf etməsin, sadəcə ətə dolsun deyə toyuqlar eynən tarladakı pomidorlar kimi heç tərpənmədən yetişdirilir: "Buraxsanız belə, tərpənmirlər. Bu, inanılmaz vicdansızlıqdır. Bunu kəsimdə çalışan dostum danışıb. 1,7 kilo yemlə 1 kilo toyuq əldə edirlər. Çox insan sağlam qidalanmaq üçün ancaq toyuq əti yeyir. Sonra da görürük ki, hər gün bir gənc qadın döş vəzisi xərçənginə tutulur. Çox böyük ehtimalla, bu xərçəngin yaranma səbəbi toyuqlardan alınan bəzi hormonlardır". Y.Dizdar həmçinin deyib ki, yaxın dostunun 10 yaşındakı qızının ayaqları tüklənməyə başlayıb: "Həkimlərdən dəqiq diaqnoz almadıqları üçün valideynləri uşağa nə yedirtdiklərinə diqqət ediblər. Gəldikləri nöqtə yumurta olub. Hər gün bir yumurta yeyən uşağa yumurtanı vermədikdən sonra tüklənməsi keçib. Sonra orqanik yumurtadan (kənd yumurtası) istifadə etməyə başlayıblar". Mütəxəssis bildirir ki, gündə iki-üç dəfə yumurtlada bilmək üçün toyuğa mütləq bir şey olunmalıdır. Təbii yolla toyuq bu qədər yumurtlaya bilməz.
Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov broyler toyuqlarından mümkün qədər az istifadənin tərəfdarıdır. Onun sözlərinə görə, bu toyuqlar az müddətdə böyüdüyü üçün təbii prosesdən kənarda qalmış sayılırlar: "Quşların öz böyümə müddəti var və onlar təbii məhsulla qidalanmalıdırlar. Ancaq bizim fabriklərdə bu şərtlərə nə qədər əməl olunduğunu yoxlamaq lazımdır. Elə fabriklər ola bilər ki, cücələrə təbiətdə qidalanacağı yemlər verilsin. Yəni, arpa, buğda, darı, ot, soxulcan və sair. Elə fabrik də ola bilər, cücələr geni dəyişdirilmiş yemlə qidalandırılsın. Yaxud o yemə hormonal preparatlar qatılsın. Tövsiyə edərdim, alıcılar kənd toyuqları alsınlar. Otla, təbii qidalarla bəslənən toyuqlar dadlı-tamlı olur. Hətta broyler müəssisəsindən alınıb həyətdə otla böyüyən toyuğun da dadı fərqlənir". Ölkənin baş kulinarı deyir ki, kənd toyuğunun sümüyü də dadlı olur: "Məlumdur ki, onun dadını almaq üçün sümüyü də sorulur. Amma o biri toyuqların ən zərərli yeri aşağı ətrafları, budları və sümükləridir".
Xatırlayırsınızsa, bir neçə il əvvəl toyuq budlarının satışı üstünlük təşkil edirdi, hazırda isə toyuğun döş hissəsi - file ən çox istehlak olunan məhsullar sırasındadır. Tahir Əmiraslanov bunun da əleyhinə olduğunu bildirdi: "Toyuq filesini müxtəlif kimyəvi qatqılar hesabına o həcmə çatdırırlar. Çəki ağır gəlsin deyə şişirdilir. Diqqət etmisinizsə, toyuq filesinin dadı ət dadı vermir". Məlumat üçün deyək ki, təbii yolla toyuğun böyüməsinə 12-16 həftə vaxt tələb olunur, broyler toyuqları isə 5 həftə ərzində 1 kilodan çox çəkiyə sahib olurlar. Bu zaman toyuqlar dayanmadan yemlənir və demək olar ki, fəaliyyətsiz bəslənirlər. Bu xüsusiyyət ətlik istiqamət üçün çox əlverişlidir. Toyuqlar kəsilən kimi 20 dərəcədə dondurulur. Buna şoklama deyilir. Bu zaman heç bir keyfiyyət fərqi baş vermir.
Azərbaycan Quşçular Birliyinin sədri Aydın Vəliyev qonşu dövlətlərdən və bəzi Avropa ölkələrindən fərqli olaraq Azərbaycanda süni yemləmə sisteminin mövcud olmadığını deyir. Onun sözlərinə görə, yerli müəssisələrdə yem təbiidir. Onun tərkibi taxıl, qarğıdalı və günəbaxan tumunun yağından ibarətdır: "Bizdə yemin tərkibinə hormonal dərmanlar qatılmır. Yalnız onların xəstəliklərə qarşı immunitetini artırmaq üçün yemlərinə müvafiq dərmanlar əlavə edilir. Azərbaycan broyler müəssisələrini fərqləndirən bir cəhət də odur ki, bizdə toyuq 40 gündən tez kəsilmir. Türkiyədə isə 28 gündür". Toyuqların qısa müddətdə 1-1,3 kiloqrama çatmasına gəldikdə, cəmiyyət sədri buna intensiv yemlənmə nəticəsində nail olunduğunu deyir: "Yerli broyler toyuqlarının maksimum çəkisi 1,3-dür. Türkiyədə və İranda isə bu, 2-3 kiloqrama çatır. Ümumiyyətlə, yerli bazarda iri çəkili toyuqlara ehtiyac duyulmur".
Qeyd edək ki, ölkədə 40-dan artıq broyler fabriki fəaliyyət göstərir. 2014-cü il ərzində isə daha 11 quşçuluq təsərrüfatının fəaliyyətə başlaması gözlənilir.
İqtisadiyyat və Sənaye Nazirliyindən aldığımız məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən illik istehsal gücü 55 min ton quş əti, 84 milyon damazlıq yumurta və 164,5 milyon əmtəəlik yumurta olan 39 quşçuluq təsərrüfatının maliyyələşdirilməsinə 98 milyon manatdan çox güzəştli kredit verilib. İstifadədə 28 quşçuluq təsərrüfatı var, cari ildən isə daha 11 quşçuluq təsərrüfatının fəaliyyətə başlayıb.
Son 3 ildə quş əti istehsalı 1,5 dəfədən çox artaraq 2013-cü ildə 97.3 min tona, o cümlədən sənaye üsulu ilə quş əti istehsalı 2,6 dəfə artaraq 55 min tona çatıb. Əgər 9-10 il bundan əvvəl Azərbaycan bazarlarında Türkiyə, Rusiya və başqa ölkələrdən gətirilən toyuq əti çoxluq təşkil edirdisə, indi yerli məhsul onları üstələyib. Bazardakı hər 5 toyuqdan 3-ü yerli istehsaldır.

Ülviyyə Tahirqızı