Ermənistana “Smerç” xəbərdarlığı Hadisə

Ermənistana “Smerç” xəbərdarlığı

Azərbaycan Müdafiə Nazirliyi: "Naxçıvandakı raket sistemləri Ermənistan ərazisindəki istənilən hədəfi məhv etməyə qadirdir"

"Ermənistanın müdafiə nazirinin Azərbaycanın ünvanına səsləndirdiyi hədə-qorxu dolu fikirlər onun dilindən dəfələrlə eşidilib və növbəti ritorikadan başqa bir şey deyil. Onun söylədikləri yalnız daxili auditoriyaya, erməni ictimaiyyətinə ünvanlanmış bir çıxış kimi qiymətləndirilməlidir".
Bunu APA-ya Ermənistanın müdafiə naziri Seyran Ohanyanın ötən gün Ermənistan parlamentindəki çıxışında səsləndirdiyi fikrilərə münasibət bildirən Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı deyib.
V.Dərgahlı qeyd edib ki, Ohanyan Ermənistanda baş verən və hökm sürən bütün problemlərdə Azərbaycanı günahlandırır, Ermənistan Silahlı Qüvvələrini bütün qabaqlayıcı hərbi tədbirləri həyata keçirməyə qadir bir qurum kimi təqdim edir, qoşunların təmas xəttindən snayperləri çıxarmağı, tərəflər arasında qarşılıqlı etimadı yaratmağı, Azərbaycan Silahlı Qüvvələrinə qarşı müdafiə, zərurət olduğu halda əks-hücum tədbirləri görməyi təklif edir: "Ermənistan tərəfi həmişə olduğu kimi, müxtəlif provokasiyalar törədərək Azərbaycan tərəfini günahkar çıxarmağa çalışır, öz bəd əməllərini gizlətmək məqsədilə yenə də beynəlxalq təşkilatlara guya ki, zərərçəkmiş qismində müraciət edir. Məhz erməni tərəfi beynəlxalq qanunları pozaraq ərazilərimizi işğal altında saxlayır, daim atəşkəs rejimini pozur, müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara kəşfiyyat-təxribat basqınları etməyə cəhd göstərir, hərbi qulluqçularımızı, dinc sakinləri atəşə tutur, hərbi baxımdan heç bir əhəmiyyət kəsb etməyən mülki obyektlərə, kənd-təsərrüfatı sahələrinə zərər yetirir. Düşmən təxribatının əsas hədəflərindən biri də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasıdır. Ancaq onlar bilməlidir ki, Naxçıvanın təhlükəsizliyi dövlət rəhbərliyinin diqqət mərkəzindədir".
Nazirlik rəsmisi xatırladıb ki, prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 18 dekabr 2013-cü il tarixində imzaladığı fərmana əsasən Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun yaradılması, hərbi hissələrə döyüş bayraqlarının təqdim edilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, silah-sursat, ən müasir döyüş texnikası, aviasiya və artilleriya qurğuları ilə komplektləşdirilməsi Azərbaycanın bu bölgəyə strateji baxımdan nə qədər önəm verdiyinin əyani sübutudur: "Bu gün Azərbaycan Silahlı Qüvvələrinin təchiz edildiyi yüksək dəqiqliyə və çox böyük məhvetmə gücünə malik müasir silahları, döyüş və nəqliyyat helikopterləri, təyyarələri, hava hücumuna qarşı ən müasir qurğuları, zirehli maşınları, tankları və artilleriya qurğuları vardır. Yalnız bunu qeyd etmək kifayətdir ki, Naxçıvanda yerləşdirilmiş "Smerç" raket sistemləri təkbaşına düşmən ərazisindəki istənilən hədəfi məhv etməyə qadirdir".
V.Dərgahlının sözlərinə görə, görülən bu tədbirlər tam əminliklə deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin hissə və birləşmələrinin şəxsi heyətinin döyüş ruhu və əzmi, maddi-texniki təminatı, döyüş qabiliyyəti düşmənin hər bir cəhdinin qarşısının alınmasına və cavab tədbirlərinin görülməsinə imkan verir.