Ölkədə 500 min qadın məcburi köçkün var Hadisə

Ölkədə 500 min qadın məcburi köçkün var

Son 20 ildə 150 min qız uşağı məcburi köçkün kimi dünyaya göz açıb

"Bizə imkan vermirlər ki, Azərbaycan dövləti, hökuməti öz ölkəsini daha yaxşı inkişaf etdirsin. Torpaqlarımızın 20%-ni Ermənistan Silahlı Qüvvələri bəzi qonşu ölkələrin köməyi ilə işğal edib və artıq 22 ildir bu torpaqlar işğal altındadır".
APA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bakıda "Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XII Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün var. Ə.Həsənov təəssüflə qeyd edib ki, onların 53%-i, yəni 500 minə qədəri qadındır: "Son 20 ildə 150 min qız uşağı məcburi köçkün kimi dünyaya göz açıb. Əgər bu gün dünyada insan cəmiyyətində qadınların hüquqlarının qorunmasından söhbət getsə də, beynəlxalq aləmdə qadınlar insan cəmiyyətinin ən həssas hissəsi hesab edilsə də, təəssüflər olsun ki, qadınların hüquqlarının qorunması üzrə qəbul olunan qətnamə, bəyannamə, konvensiya, qaydaların icrası bu həssaslığa, zərifliyə cavab vermir. Əgər beynəlxalq aləmdə bu konvensiya, qanunlar qadının hüququnun qorunması ilə bağlı qəbul edilirsə, nə üçün icra olunmur? Beynəlxalq konvensiyalara qoşulan ölkələrdə qadınların hüququnun qorunması beynəlxalq səviyyədə təmin olunmursa, onun təmin edilməsinə mane olanlara qarşı nə üçün tədbir görülmür? Dünyada bütün beynəlxalq təşkilatlar bu problemin həlli üçün qərar və qətnamələr qəbul ediblər. Nə üçün icra olunmur?"
Dövlət Komitəsinin sədri qeyd edib ki, bu gün qadınlara qarşı zorakılıq davam edir, qadınların hüquqları qaçqın kimi pozulur. Azərbaycan tarixində qadınların qaçqın statusunun olmadığını deyən Ə.Həsənovun sözlərinə görə, bu, son 30 ilin, sovet hakimiyyətinin iflasa uğradığı ərəfədə yaratdığı məhsuludur: "Azərbaycan xanımları da təəssüflər olsun ki, qaçqın adına məhkum olurlar. Bütün dünyada insan hüquqlarının qorunmasından söhbət gedirsə, nə üçün bununla bağlı qəbul olunan qaydalar, qanunlar, qətnamələr icra olunmur? Nə üçün ayrı seçkiliklər var? İkili standartlardan artıq danışmırıq. Artıq ikili standart ömrünü başa vurub və dünyada çoxşaxəli standartlar, ayrı-seçkiliklər var. Bunun hamısı gözümüzün qarşısında baş verir. Əgər hər bir ölkədə hər bir beynəlxalq qurum özü qəbul etdiyi qayda-qanunların icrasını təmin etsə, bu cür haqsızlıqlar, ədalətsizliklər baş verməz".