Abbaszadənin haqlı iradı Hadisə

Abbaszadənin haqlı iradı

"Qızlar yüksək nəticələr toplasa da, valideynlər onları böyük şəhərlərə göndərmirlər"

Son 7 ildə Azərbaycanda orta statistik qız abituriyentlərin riyaziyyat, fizika və kimya fənləri üzrə nəticələri oğlanlardan daha yüksək olur.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumu çərçivəsində keçirilən panel iclasında deyib.
O bildirib ki, Azərbaycanda qızların bütün təhsil səviyyələri üzrə təhsil alma imkanları var: "Ali və orta məktəbə qəbul olanların 50 faizi qızlar olur".
Qəbul imtahanlarında qızların daha yüksək nəticələr göstərdiyini deyən DİM rəhbəri bildirib ki, qızların daha çox humanitar fənlər üzrə nəticələri yüksəkdir. Son 7 ildə isə orta statistik qız abituriyentlərin riyaziyyat, fizika və kimya fənləri üzrə nəticələri oğlanlardan daha yüksək olur:
"1992-1993-cü illərdə I qrupa tibb ixtisasları daxil olduğu üçün qızların sayı çox idi, lakin 1994-cü ildən sonra həmin qrupdan tibb ixtisasları çıxarıldığı üçün qızların da sayı azaldı. Daha sonra 1-ci qrupa sənəd verən qızların sayı yenidən artmağa başladı. Bu qrupa sənəd verənlərin 35 faizi qız olsa da, qəbul olanların 40 faizi qız olur. Çünki qızların riyaziyyat, fizika və s.-dən nəticələri daha yüksəkdir".
M.Abbaszadə onu da əlavə edib ki, Beynəlxalq Telekommunikasiya Təşkilatının 2017-ci üzrə hesabatına əsasən, inkişaf edən ölkələrdə internetdən istifadədə gender bərabərliyi təmin edilib. Avropa ölkələrinə nisbətən MDB ölkələrində qadın və kişilər arasında internetdən istifadədə fərq azdır. 2017-ci il üzrə olan məlumata görə, dünya üzrə internetdən istifadə ilə bağlı qadın və kişilər arasında olan fərq 250 milyon nəfərdir. Bu rəqəmin azaldılması ölkələrin sosial-iqtisadi inkişafına böyük töhfə verə bilər.
O qeyd edib ki, dünyada əhalinin savadlılıq səviyyəsinin yüksəlməsinə baxmayaraq, savadsız qadınlar hələ də əhalinin 60 faizini təşkil edir.
"Azərbaycan cəmiyyətində "qadın və kişi ixtisasları" stereotipləri üzündən tələbə qəbulu ilə bağlı bəzi problemlər yaranır. Azərbaycanda qızlar riyaziyyat müəllimliyinə sənəd verirlər, amma mühəndisliyi seçmirlər"-deyən Məleykə Abbaszadə bildirib ki, regional ali məktəblərdə müəllimlik ixtisası üzrə təhsil alanların 80-100 faizi qızlar olur:"Burada başqa bir stereotiplər də var. Qızlar yüksək nəticələr toplasa da, valideynlər onları böyük şəhərlərə göndərmirlər. Çünki istəyirlər ki, qızları gözlərinin qabağında olsun. Dəniz Akademiyasının tələbələrinin 99,9 faizi oğlandır. Bu akademiyaya qəbul qaydalarında yazılıb ki, oraya yalnız oğlanlar qəbul olunur. Keçən il bir qız kapitan olmaq istəyirdi. Buna görə də Dəniz Akademiyasına qəbul üçün bizə müraciət etdi və bildirdi ki, onun Konstitusiya hüquqları pozulur, onu niyə qəbul etmirlər. Mən akademiyanın rəhbərliyinə müraciət etdim. Keçən il yalnız o qız yüksək balla Dəniz Akademiyasına qəbul olundu. Bizim rəqəmsal bərabərsizliyimiz buradan başlayır. Bu stereotipləri aradan qaldırmalıyıq".