Gənc Tamaşaçılar Teatrının direktoru dəyişib Hadisə

Gənc Tamaşaçılar Teatrının direktoru dəyişib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının keçmiş direktoru Mübariz Həmidov yeni vəzifəyə təyinat alacaq.
Bu barədə nazirlikdən məlumat verilib.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə Gənc Tamaşaçılar Teatrına direktor təyin edilib.
Naidə İsmayılzadə Bakı şəhərində anadan olub. O, 1981-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatrşünaslıq" fakültəsini bitirib. Əmək fəaliyyətinə 1981-ci ildə "Azərbaycanfilm" Kinostudiyasında başlayan Naidə İsmayılzadə 1984-1989-cu illərdə Azərbaycan Dövlət Filarmoniyasında böyük redaktor kimi işləyib. 1989-2006-cı illərdə Mədəniyyət Nazirliyində, 2006-2018-ci illərdə isə Mədəniyyət və Turizm Nazirliyində çalışan Naidə İsmayılzadə burada işlədiyi müddətdə Nazirliyin İncəsənət İdarəsində baş inspektor, repertuar-redaktor kollegiyasının üzvü, baş mütəxəssis, Teatr sektorunun müdiri kimi vəzifələri icra edib. Naidə İsmayılzadə 2018-ci il iyun ayının 1-dək Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsi Teatr sektorunun müdiri vəzifəsində çalışıb. O, dövlət qulluğunun kiçik müşaviridir. Naidə İsmayılzadə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına əsasən, respublikada keçirilən bir çox irimiqyaslı dövlət səviyyəli tədbirlərin, Bakı Beynəlxalq Teatr Konfransının, Cırtdan Beynəlxalq Kukla Teatrları Festivalının, Şəki Beynəlxalq Teatr Festivalının təşkilatçılarından, "Teatr və Teatr fəaliyyəti haqqında" qanunun, "Azərbaycan Teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının müəlliflərindən biridir. "Yaddan çıxmaz Qarabağ", "Deyilən söz yadigardır", "Bakıda teatr görüşləri" layihələrinin rəhbəridir. N.İsmayılzadə bədii tərcümə ilə də məşğul olur. Onun türk dilindən tərcümə etdiyi T.Cücenoğlunun "Qadıncıqlar", T.Özakmanın "Ocaq", S.Şendilin "Yeddi ərli Hürmüz ", rus dilindən tərcümə etdiyi E.Filipponun "Vinçenso de Pretori", A.Ekzüperinin "Balaca şahzadə", B.Şounun "Piqmalion", A.Saqarelinin "Xanuma" əsərləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında , Azərbaycan Dövlət Musiqili Teatrında, Azərbaycan Dövlət Rus Dram Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında, Gəncə Dövlət Dram Teatrnda, İrəvan Dövlət Azərbaycan Dram Teatrında tamaşaya qoyulub. Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən, N.İsmayılzadə 2009-cu ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.