LİNKS-in rəhbəri BAMF-ın ofisini ziyarət edib Hadisə

LİNKS-in rəhbəri BAMF-ın ofisini ziyarət edib

Londondakı LINKS Analitik İnstitutu - Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Avropa Tərəfdaşlığı Konsorsiumuna daxil olan təşkilatın rəhbəri Dennis Sammut Azərbaycana səfəri zamanı Beynəlxalq Avrasiya Mətbuat Fondunu (BAMF) ziyarət edib və Fondun prezidenti Umud Mirzəyevlə görüşüb.
Eurasia Diary-nin verdiyi xəbərə görə, görüş zamanı Dennis Sammut bildirib ki, 1997-ci ildə yaradıldığı vaxtdan bu günədək LİNKS analitik institutu münaqişələrin qarşısının alınması, sülhün təşviqi kimi ideyalar, eləcə də mina təhlükəsizliyi sahəsində məlumatların toplanması və qiymətləndirilməsi üzərində işləyir.
Dennis Sammut Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) müxtəlif istiqamətdə fəaliyyəti, yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıqda uğurla həyata keçirilən bir sıra humanitar layihələrin və vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş proqramları barədə məlumatının olduğunu qeyd etdi. Onun sözlərinə görə, bunların hamısı Fondun və LİNKS arasında əməkdaşlığın qurulması və dünyanın fərqli bölgələrində müxtəlif sülh prosesləri üzərində işlərin daha da inkişaf etdirilməsi üçün yaxşı bir əsas yaradır.
Öz növbəsində, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti (BAMF) Umud Mirzəyev səfər etdiyi üçün Dennis Samuta təşəkkür etdi.
Umud Mirzəyev fondun xüsusilə də sülh proseslərinə aid humanitar layihələrdə əməkdaşlıq və birgə fəaliyyətə hazır olduğunu bildirib.
"Bu gün mənim evim qonşu Ermənistanın işğalı altındadır. Mənim bütün ailəm 30 il davam edən münaqişədən əziyyət çəkib. Fond yarandığı vaxtdan biz münaqişənin sülh yolu ilə həlli ideyasını fəal şəkildə təşviq edir və həmişə Dağlıq Qarabağ münaqişəsinin reallıqları və Azərbaycanın işğal olunmuş ərazilərinin tezliklə azad edilməsi haqqında açıq danışmağın lazım olduğunu ifadə edirik. Susqunluq və fəaliyyətsizlik münaqişədə gərginliyin artmasına gətirib çıxara bilər", Umud Mirzəyev dedi.
Dennis Sammut Fondun prezidentinin fikirlərilə razılaşıb.
LİNKS-in Ermənistan və Azərbaycanda mina təhlükəsizliyinin qiymətləndirilməsi sahəsində fəaliyyəti barədə danışan LİNKS analitik institutunun rəhbəri bu istiqamətdə BAMF-ın geniş təcrübəsini də vurğulayıb.
"Sizin gördüyünüz işlər humanitar fəaliyyətin bir nümunəsidir. Mina təhlükəsizliyi problemi həm Azərbaycanda, həm də Ermənistanda, xüsusilə də işğal olunmuş Dağlıq Qarabağ və ona bitişik ərazilərdə öz əksini tapıb. Bir çox hallarda minaların qurbanları hər iki tərəfdən günahsız insanlar, xüsusilə də qadınlar və uşaqlar olur ", - Dennis deyib.
Onun sözlərinə görə, Ermənistanda da iddia olunduğu kimi bütün ərazinin minadan təmamilə təmizlənməsi 300 il çəkə bilər.
Öz növbəsində, Umud Mirzəyev qeyd edib ki, vətəndaş cəmiyyəti təşkilatı olaraq BAMF minadan təmizləmə sahəsində regionda və dünyada ən fəal və aparıcı təşkilatlardan biri olan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliklə (ANAMA) fəal şəkildə əməkdaşlıq edir. Öz növbəsində, 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatının Minadan Təmizlənmə üzrə Xidməti və Humanitar Minadan Təmizlənmə üzrə Cenevrə Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq nəticəsində BAMF minaların mənfi təsiri haqqında ətraflı hesabat dərc edib.
"Biz hərbi əməliyyatların heç vaxt baş vermədiyi Ermənistanın vəziyyətini də yaxşı bilirik. Bu faktı nəzərə alaraq bildiririk ki, 300 il deyil, maksimum 3 il müddətində Ermənistanın bütün ərazilərini minalardan təmizləmək mümkündür", - Umud Mirzəyev qeyd edib.
Tərəflər uzunmüddətli səmərəli əməkdaşlığın qurulması və gələcək humanitar fəaliyyətlərdə birgə iştirak barədə razılığa gəliblər.
LINKS - The London Information Network on Conflicts and State-building 1997-ci ilin iyulunda Londonda müstəqil, kommersiya olmayan mərkəz kimi münaqişələrin qarşısının alınması, qlobal təhlükəsizliyin təmin olunması və beynəlxalq əlaqələrin qurulması məqsədilə yaradılıb. 15 ildən çoxdur ki, o əsas məqsədləri: münaqişələrin sülh yolu ilə həlli və əsasən innnovativ, yenilikçi layihələr çərçivəsində işləyən keçid iqtisadiyyatına malik ölkələrdə demokratiyanın inkişafına dəstək olaraq geniş sahədə tədbirlər həyata keçirib. 30-dan çox ölkədə təxminən 500 tədbir təşkil edilib.