“Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” Hadisə

“Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması”

Hər şey ərindən boşanması ilə başlayıb. Tanış olduğu bir qadın ona Türkiyədə qazanclı alver təklif edib. Razılaşıb, birlikdə Türkiyəyə gediblər. Şam yeməyindən sonra yuxulayıb, səhəri bir kişinin qucağında ayılıb. Kişi ona qorxunc xəbəri çatdırıb. 3 min dollar müqabilində onu qadından satın aldığını deyən kişi bundan sonra ona işləməli olduğunu da əlavə edib. Belə başlayıb aldadılan 26 yaşlı qadının fahişə həyatı...
1 aydan sonra ingilis müştərisinin köməkliyi ilə əzabdan xilas olub, yəni qaça bilib. İngilis fahişəxana sahibinə qadının qalan borcunu ödəyərək, onu bu işgəncədən xilas edib.

İnsan alveri qurbanı fahişəliklə məşğul olan şəxs deyil

Məcburi fahişəliyə cəlb olunan 26 yaşlı qadın insan alverinin qurbanı olub. O xilas olub, vətəninə qayıda bilib, amma həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində belə bir xoş təsadüflə qarşılaşacağını illərlə gözləyən saysız –hesabsız qadınlarımız var. Və yalnız qadınlarmı?
Əlbəttə yox, insan alveri qurbanı dedikdə öncə ağla qadınlar və onların fahişəxanalara həbs olunması gəlsə də əslində bu anlayış olduqca geniş məhfumdur. Ekspertlər birmənalı olaraq bildirirlər ki, insan alveri qurbanı fahişəliklə məşğul olan və ya əxlaqsız həyat tərzi sürən şəxs deyil.
Bəs insan alveri nədir? Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnsan alverinə qarşı mübarizə haqqında Qanununa əsasən, insan alveri dedikdə, zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi başa düşülür.
İnsan alveri – narkotik vasitələrin və saxta malların qanunsuz dövriyyəsindən sonra kriminal biznesin ən mənfəətli növlərindən biridir. Onun ən geniş yayılmış formalarından biri cinsi istismar olduğundan insan alveri qurbanları içərisində qadınların sayı çoxluq təşkil edir.
Bu ABŞ Dövlət Departamentinin iyunun 30-da dərc etdiyi illik "İnsan alveri – 2018" (Trafficking in Persons Report-2018) hesabatında bir daha təsdiqləndi. Dünyada qeyri-qanuni insan alverindən gəlir təxminən 9 mlrd. dollar təşkil edir. Müasir qul satıcılarının qurbanlarının 77%-i qadınlar, 33%-i uşaqlardır. Hadisələrin 87%-də onlardan cinsi istismar üçün istifadə olunur.

Azərbaycan risk qrupuna aid edilib

ABŞ- ın sözügedən hesabatında əvvəlki beş ildə olduğu kimi, bu il də Azərbaycan risk qrupuna aid edilib və ikinci səviyyədə qalıb.
Bildirilib ki, Azərbaycan hökuməti insan alverinə qarşı mübarizə üçün minimum standartları tamamilə tətbiq etməyib, bununla belə, bunun üçün səy göstərir. Hakimiyyət traffikinq qurbanlarına ixtisaslaşmış xidmətlərin göstərilməsi mərkəzlərinin yaradılması, vətəndaş institutları ilə səmərəli əməkdaşlığın dəstəklənməsi üzrə səyləri fəallaşdırıb. Hökumət QHT-lərlə əməkdaşlıq edir, məlumatlandırma-maarifləndirmə kampaniyaları təşkil edir. Amma bu, kifayət etmir, ölkə bu çirkli biznesin profilaktikasının minimum standartlarına cavab vermir.
Dövlət Departamentinin hesabatına əsasən, ötən il 71 insan alveri qurbanı olub (2016-cı ildə 70 qurban). İnsan alverinin qurbanı olan 66 qadından cinsi məqsədlərlə istifadə olunub, beş kişi məcburi əməyə cəlb edilib. 2016-cı və 2017-ci illərdə insan alverinin bir nəfər belə uşaq qurbanının aşkar edilməsi müsbət məqamdır. Rəsmi qeydiyyata alınmış insan alveri qurbanları arasında MDB ölkələrindən olan xarici vətəndaşlar da olub.
Hesabatda deyilir ki, hökumət hər bir traffikinq qurbanına 150,5 manat (88,030 dollar) ayırıb. Bu göstərici 2016-cı illə müqayisədə azalıb (154 manat, 90,060 dollar). DİN-in sığınacağında bu insanlara yaşayış yeri, maliyyə dəstəyi, hüquqi, tibbi və psixoloji dəstək verilib.
Həmçinin qeyd olunur ki, son beş ildə Azərbaycan məcburi əməyə və cinsi istismara məruz qoyulan kişilər, qadınlar və uşaqlar üçün tədarükçü, tranzit və təyinat ölkəsi olub.
"Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, Azərbaycanın birinci qrupa düşmək üçün bütün imkanları var. Buna həm mövcud qanunvericilik, həm də trafikinqlə mübarizə üzrə qüvvələrin mövcudluğu əsas verir. Ən böyük problem isə korrupsiyadır: "Azərbaycan dövləti tərəfindən insan alveri ilə mübarizə sahəsində bir sıra addımlar atılıb. Məhz bunun sayəsində ölkəmiz siyahıda 3-ci qrupdan 2-i qrupa keçid edib. Hesabatda təzadlı məqam odur ki, həm hökumətin səylərini vurğulayır, həm də minimal standartlara cavab vermədiyini deyir.
Onun sözlərinə görə, insan alveri ölkə ərazisində geniş yayılıb. İnsan alveri ilə bağlı faktların daha çox rast gəlindiyi bölgələr isə əsasən Gəncə, Şirvan, Mingəçevir, Xaçmaz və cənub rayonlarıdır.

Azərbaycanda insan alverçilərinin əksəriyyəti qadınlardır

"Ən çox istismar olunanlar da, ən çox istismar edənlər də qadınlardır", deyən vəkil Anar Qasımlı bunu rastlaşdığı məhkəmə işlərində insan alverçilərinin elə qadınlar olduğu ilə əsaslandırır.
Bu fakt aprel ayında Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisi tərəfindən "Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialın artırılması" layihəsi çərçivəsində təşkil olunmuş dəyirmi masada Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin (İAQMBİ)-nin məsul əməkdaşı İlkin Qurbanov tərəfindən də səsləndi. O son 12 ilin (2005-2017) statistikasını təqdim edərkən, bildirib ki, respublikada 1164 insan alveri faktı müəyyən edilib. Onların 36-sı əməyin istismarı faktıdır. 397 cinayət işi qaldırılıb, 509 insan alverçisi və 787 insan alverinin qurbanı müəyyən edilib. İnsan alverçilərinin 15%-i kişilər, yerdə qalan 85%-i isə qadınlardır.

Tora necə düşmək olar?

İnsan alverçiləri qurbanlarını tora işə düzəltmə firmаlаrı, mоdа, nigah, turizm аgеntliyi, intеrnеtdə yerləşdirilmiş iş, təhsil, tаnışlıq və nikаh hаqqındа еlаnlаr, qəzеt, küçə və tеlеviziyа еlаnlаrı vаsitəsilə, həmçinin tаnışlаr, qоnşulаr, qrup yоldаşlаrı, iş yеrindəki həmkаrlаr tərəfindən edilən təkliflərlə salırlar.
Azərbaycanlı ekspertlərin fikrincə, Azərbaycanda qurbanlar daha çox tanışları və yaxınları vasitəsilə bu işə cəlb olunurlar. Və məhz buna görə də çox vaxt qurbanlar cəlb edənlərin adını açıqlamırlar. Buna görə də bizdə insan alverinin arxasında böyük mafioz qrupların dayanması sübuta yetirilməyib.
Mehriban Zeynalovanın fikrincə, indiki durumda məişət zorakılığı problemi cinsi istismar üçün daha çox şərait yaradır. Ölkədə kifayət qədər mərkəzlər mövcud deyil, pulsuz xidmət paketləri kifayət qədər olmadığından qadınlar çıxılmaz vəziyyətdə qalır: "Rayonlardan Bakıya pənah dalınca gələn qızların əksəriyyəti cinsi zorakılığa məruz qalmışlardır. Həyatlarının müxtəlif dönəmlərində yaxınları və ya etibar etdikləri tərəfindən cinsi zorakılıqla üzləşiblər. Və bu təcavüzlərin bəziləri çox erkən yaşlarda olub. Həmçinin boşandıqdan sonra ailə qadını qəbul etmir və yaxud erkən ərə verilən xanım iki-üç uşaqla ortada qalır. Bu vəziyyətdə xidmət paketləri kifayət qədər olmalıdır ki, həmin insanlar cinayətkarların əlinə düşməsin. Həmin insanların məlumatlılıq səviyyəsi kifayət qədər olmur, televiziyalar həmin qadınlara yardım göstərə biləcək mərkəzlərlə bağlı məlumat vermir.
Bizim fəaliyyət istiqamətlərindən biri də insan alveri qurbanları ilə işdir. Ötən il bizə bununla bağlı 38 müraciət daxil olub. Sevindirici hal odur ki, 14-18 yaşlılarla bununla bağlı müraciətin daxil olmamasıdır. 18-25 yaşlı qurbanların sayı 3, 25-28 yaş kateqoriyası üzrə 24, 35-45 yaşlılar üzrə 10, 45-65 yaş kateqoriyası üzrə isə 1 olub. Araşdırma göstərir ki, insan alveri qurbanları arasında təhsilsiz və natamam orta təhsillilər daha çox üstünlük təşkil edir- müvafiq olaraq 6 və 14. Bu isə maarifləndirmə və təhsil səviyyəsinin insan alveri kimi qlobal problemlə mübarizədə fayda verdiyini təsdiqləyir".

Qurbanlar hara gedir?

Son beş ildə üstü açılmış cinayətlərin analizi göstərir ki, insan alveri qurbanları üçün hədəf ölkələr arasında Türkiyə birinci yeri tutur. İnsan alveri qurbanlarının 63%-i bu ölkəyə göndərilir. Daha sonrakı yerləri Birləşmiş Ərəb Əmirlikləri (15%) və Rusiya (10%) tutur. Son iki ildə təyinat ölkələrinin sırasına Malayziya (2,3%) da daxil olub. İnsan alveri qurbanlarının aparıldığı ölkələr arasında Pakistan (1,3%) və İran (0,4%) da var.
Ekspertlər hesab edirlər ki, insan alverçilərinin məhz bu marşrutları seçməsi əsasən xərclərlə bağlıdır. Belə ki, onlar qurbanların mənzil başına çatdırılması üçün mümkün qədər ucuz variantları seçməyə çalışırlar.

Kişilər –insan alverinin qurbanı kimi

"Son 10 ildə insan alverinin qurbanı olan kişilərin sayı artıb". Bu açıqlama ilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak çıxış edib.
O bildirib ki, 2015-ci ildə insan alverinin qurbanı olan kişilərin sayı qadınların sayından çox qeydə alınıb: "Belə ki, 2006-cı ildə insan alveri qurbanlarının 84%-i qadın idisə, indi bu rəqəm 43 faizə düşüb. İnsan alveri qurbanlarının 50-%-i 22-37 yaş arasındadır. İnsan alverinin qurbanı ola kişilər ortalama 30, qadınlar isə 29 yaşındadır.
Kişilər daha çox məcburi əməyə, cinayətkar fəaliyyət cəlb olunmaqla istismara məruz qala bilirlər. Cinayətkarlar, əsasən 19 yaşından 55 yaşınadək kişiləri əməyin istismarına cəlb edirlər. Azərbaycan kişiləri və oğlanları Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirliklərində və respublikanın özündə məcburi əməyə məruz qoyulur.
Ölkə vətəndaşları olan kişilər bəzən mövsümi xarakterli işlərlə bağlı ölkəni qısamüddətli tərk edirlər. Başqasının əməyinin istismarı bahasına gəlir əldə etmək istəyən cinayətkarlar belə insanların etibarından sui-istifədə edərək onları toplayaraq xarici ölkələrə aparır və qul vəziyyətinə salırlar. Belə insanlar uzun müddət kölə vəziyyətində çalışdıqdan sonra xəstə, yarımcan halda ölkəyə, öz ailələrinin yanına qayıdır. Bəzən belə kişilər özlərini günahkar saydıqları üçün ailələrinin yanına dönməkdən çəkinirlər.
İnsan alverinin qurbanı olan kişilərin bu barədə danışmadıqlarını deyən Mehriban Zeynalova ölkəmizdə qeydə alınan faktların azlığını da bununla əsaslandırıb: "Bizdə olan məlumata görə, Zaqatalada kişilər arasında insan alveri kifayət qədər geniş yayılıb".

Nərmin Muradova

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür