“Elmira Axundova mənə 250 min manat pul qaytarıb“ Hadisə

“Elmira Axundova mənə 250 min manat pul qaytarıb“

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Fərman Məmmədov çıxış edib. F. Məmmədov ona 575 min manat məbləğində zərər dəydiyini deyib: "Bu pulun 435 min manatını Həbib Axundova vermişəm. Sonra 140 min manatı isə Həbibin vasitəsilə Elnur İbrahimova vermişəm. 575 min manat pulun 250 min manatını deputat Elmira Axundova öz evində mənə qaytarıb. Çünki pulu mən Elmira Axundovanın təklifi ilə Elnur İbrahimova vermişəm".
Zərərçəkmiş deyib ki, hazırda ona 200 min manat məbləğində pul ödənməlidir.
İttihama görə, E. İbrahimov özgə əmlakının etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən ofis ləvazimatları və kartricləri gətirərək, satmağı, satışdan əldə olunan gəlirdən qazanc verəcəyi ilə tanışı Həbib Axundovu aldadıb.
Elnur İbrahimov Həbib Axundovdan 2012-ci ilin avqustundan 2013-cü ilin iyulun 28-dək olan müddətdə, müxtəlif vaxtlarda 125000 manat alıb. Həmin pulun 80000 manatını müxtəlif vaxtlarda hissə-hissə olmaqla qazanc adı ilə qaytarıb.
Elnur İbrahimov 28 iyul 2013-cü ildə bank hesabında 3000000 manat pulu olması, lakin vergi borcu olduğu üçün hesabından pulu çıxara bilməməsi, vergi borcunun ödənilməsi üçün ona pul lazım olması ilə aldadaraq Yasamal rayonunda yerləşən "Flame" çay evində Həbib Axundovdan 10000 manat alıb, ümumilikdə ona 55000 manat ziyan vurub.
Bundan başqa, Elnur İbrahimov təkrarən Dubay şəhərindən ofis ləvazimatları gətirmək adı ilə Həbib Axundovu aldadıb, 2012-ci ilin sentyabrından 2013-cü ilin iyulun 28-dək olan müddətdə, müxtəlif vaxtlarda Həbib Axundovun tanışı Fərman Məmmədovdan ümumilikdə 435000 manat alıb.
O, 2013-cü ilin iyununda Fərman Məmmədova eyni vədlər verib, 100000 manat alıb.
Daha sonra Elnur İbrahimov bank hesabında 300000 manat olduğunu, amma vergi borcu olduğu üçün həmin pulu çıxara bilməməsi adı ilə Fərman Məmmədovu aldadıb, ondan 40000 manat alıb. Elnur İbrahimov həmin pulun 225000 manat hissəsinin müxtəlif vaxtlarda qazanc qazanc adı ilə qaytarıb, 350000 manatı isə öz xeyrinə yönətlməklə zərərçəkmişə qarşı dələduzluq edib.
Bundan başqa, Elnur İbrahimov Dubay şəhərindən ofis ləvazimatları gətirmək adı ilə daha bir neçə nəfərə qarşı dələduzluq edib, onların külli miqdarda pullarını ələ keçirib.
Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri Həbib Axundov deputat Elmira Axundovanın oğludur.