Ümumdünya ana südü ilə qidalandırma həftəsi Hadisə

Ümumdünya ana südü ilə qidalandırma həftəsi

Hər il olduğu kimi bu il də ölkəmizdə avqust ayının 1-dən 7-dək "Ümumdünya ana südü ilə qidalandırma həftəsi" keçirilib. Kampaniya BMT-nin Uşaq Fondu (UNICEF) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Ana südü ilə qidalanmanı təşviq və təbliğ etmək məqsədilə UNICEF və Səhiyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan maarifləndirici materiallar avqustun 1-dən 7-ə kimi "Asan xidmət" mərkəzlərində əhaliyə paylanılıb.
Səhiyyə Nazirliyindən bildiriblər ki, bu tarix ana südü ilə qidalandırmanın qorunması, təşviqi və dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), UNICEF, dövlət siyasətçiləri və digər təşkilatlar tərəfindən 1990-cı ilin avqust ayında imzalanan "Inocenti Deklarasiyası"nın xatirəsinə həsr edilib. UNICEF və ÜST-ün 31 iyul 2018-ci il tarixli birgə hesabatına əsasən, il ərzində 78 milyona yaxın körpə və ya hər 5 uşaqdan biri dünyaya gəldiyi ilk saatda ana südü ilə qidalanmır, bu da onların xəstəliyə yoluxma və ölüm riskini artırır. ÜST körpənin doğulandan bir saat sonra ilk 6 ayına qədər yalnız ana südü ilə qidalandırılmasını tövsiyə edir. Bundan sonra, 2 yaşa qədər və ya daha uzun müddətdə əmizdirməyə davam edilərkən əlavə bəsləyici qidalar da uşağın gündəlik rasionunda yer almalıdır. Ana südü körpəni ehtiyacı olan bütün qida maddələri ilə təmin etməyin ən yaxşı yoludur.
Hər bir ana bilməlidir ki, dünyaya göz açan körpəni əmizdirmək onun müqəddəs borcudur. Bu istiqamətdə mövcud problemləri araşdırmaq, onları aradan qaldırmaq, körpələri ana südü ilə qidalandırmağın təbliği istiqamətində UNICEF və Səhiyyə Nazirliyinin apardığı məqsədyönlü tədbirlər nəticəsində son illərdə ana südü ilə qidalandırma göstəriciləri əvvəlki illərlə müqayisədə xeyli yüksəlib.