Bakıda və Biləsuvarda partlayışlar Hadisə

Bakıda və Biləsuvarda partlayışlar

Binəqədidə yarımçıq tikili yerlə bir oldu, Xətaidə "LUKoil"a məxsus yanacaqdoldurma məntəqəsi yandı, Bilsuvarda isə yanacaq daşıyan maşın alovlanıb

İlkin məlumatlara görə, 4 nəfər dünyasını dəyişib, 6 nəfər xəsarət alıb
Dünən "Azadlıq prospekti" metro stansiyasının yaxınlığında (Binəqədi rayonu, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsi) yerləşən ümumi sahəsi 600 kv.m olan yarımçıq tikilinin zirzəmi hissəsində partlayış hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyi (FHN) partlayışla bağlı yeni məlumat yayıb.
Nazirlikdən APA-ya verilən məlumatda bildirilir ki, Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, partlayışın təsirindən tikilinin dəmir-beton konstruksiyalı sütunları dağılıb, beton tavan çöküb və bəzi yerlərdə açıq alov mənbəyi müşahidə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Əməliyyat saat 12:24-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən partlayış nəticəsində 2 nəfərin öldüyü və 1 nəfərin xəsarət aldığı müəyyən olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bu hadisədən bir neçə saat sonra Bakıdakı yanacaqdoldurma məntəqələrindən birində partlayış baş verib. Hadisə Xətai rayonunun Ramiz Quliyev küçəsində yerləşən "LUKoil" şirkətinə məxsus yanacaqdoldurma məntəqəsində qeydə alınıb.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Partlayış zamanı ölənlərin sayı iki nəfərə çatıb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, partlayış Xətai rayonu Ramiz Quliyev küçəsi 6 ünvanında yerləşən "LUKoil" yanacaqdoldurma məntəqəsində təmir işləri aparan zaman baş verib. Nəticədə təmir aparan iki ustadan biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə APA-ya bildirilib ki, hadisə barədə Təcili Yardıma çağırış saat 16:20-də daxil olub: "Xətai rayonunda yerləşən "LUKoil" şirkətinə məxsus yanacaqdoldurma məntəqəsində baş verən hadisə zamanı 1 nəfərdə - Şamxal Orucovda həkiməqədərki ölüm qeydə alınıb, digər yaralı Həsrət İmamverdiyev isə ətrafdakı insanların köməkliyi ilə Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib". Bundan başqa, 1986-cı il təvəllüdlü Turab Həşimov müxtəlif xəsarətlərlə Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
Partlayış zamanı "Mitsubishi" markalı 10 PK 441 dövlət nömrə nişanlı avtomobil yanaraq yararsız hala düşüb.
Fövqəladə Hallar Nazirliyinin, polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparır.
"Lukoil"un yanacaqdoldurma stansiyasındakı partlayışdan 10 dəqiqə sonra isə Biləsuvarda da güclü partlayış hadisəsi baş verib. Hadisə dünən saat 16.30 radələrində şəhərin Heydər Əliyev prospektindəki köhnə "Kimya Birliyi" kimi tanınan idarənin həyətində qeydə alınıb. Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon sakini Cəfərli Şaiq Həsən oğluna məxsus yanacaq daşıyan qoşqulu "KamAZ" markalı avtomobildə qaynaq işləri aparılması çənin partlamasına səbəb olub. Partlayış nəticəsində iki nəfər - sürücü Şaiq Cəfərli və qaynaqçı, Biləsuvar rayon sakini Poladov Əjdər Ziyad oğlu hadisə yerindəcə dünyasını dəyişiblər. Bir nəfər Biləsuvar rayon sakini, 1970-ci il təvəllüdlü Təzəxan Poladov isə yaralı halda Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu deyilir.
Faktla bağlı rayon hüquq-mühafizə orqanları tərəfindən hadisə yerində araşdırma aparılır.