QMİ-dən “etibarsızdır” elanı Hadisə

QMİ-dən “etibarsızdır” elanı

Qurum Azərbaycanda müxtəlif Ramazan təqvimlərinin paylanmasını təxribat adlandırıb

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda müxtəlif Ramazan təqvimlərinin paylanması ilə bağlı bəyanat yayıb.
QMİ-nin mətbuat xidmətindən APA-ya göndərilən bəyanatda bildirilir ki, müqəddəs Ramazan ayının daxil olması ilə bağlı idarə Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, günün duaları və bayram tarixini əhatə edən müstəsna təqvim tərtib edərək məscidlərə paylayıb. Həmin təqvimdə göstərilənlərə əməl edilməsinə Azərbaycan ərazisindəki bütün məscidlər məsuldur: "Bizə daxil olan məlumatlara görə, ölkə ərazisində bəzi məscidlər, o cümlədən İçərişəhər Cümə, Məşədi Dadaş və Təzəpir adından müxtəlif təqvimlər insanlara paylanılır. Bu təqvimlərdə göstərilən iftar və imsak vaxtları fərqli olub, əhali arasında çaşqınlıq yaradır".
QMİ bununla bağlı bildirir ki, yayılan həmin təqvimlər etibarsızdır və təxribat xarakteri daşıyır: "Bu şəkildə çap edilib yayılan təqvimlərin məqsədi Azərbaycan müsəlmanları arasında təfriqə yaratmaq, mənəvi birliyimizə xələl gətirməkdən başqa bir şey deyil. Əhalini sayıq olmağa, belə təxribatlara uymamağa çağırırıq".
Qeyd edək ki, QMİ-nin hazırladığı təqvim idarənin rəsmi veb-saytında (qafqazislam.com) yerləşdirilib. Əhali həmin təqvimin nüsxələrini məscidlərdən də pulsuz əldə edə bilər.