Vərəmin diaqnostika, müalicə və profilaktikasına müasir yanaşmalar Hadisə

Vərəmin diaqnostika, müalicə və profilaktikasına müasir yanaşmalar

Noyabrın 6-da "Vərəmin diaqnostika, müalicə və profilaktikasına müasir yanaşmalar" mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb. Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru professor Həqiqət Qədirova, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Dünya Səhiyyə Təşkilatının (DST) Avropa regionu üzrə nümayəndəsi Sayohat Həsənova, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi Rəfail Mehdiyev, DST-nin Azərbaycan ofisinin nümayəndəsi Cəvahir Süleymanova iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, hazırda dünyada geniş yayılmış vərəmlə bağlı məsələlərin işıqlandırılmasına və uşaq vərəmi, dərmanadavamlı vərəmlə mübarizədə yeni tövsiyələrin müzakirəsinə ehtiyac var. Çıxış edənlər vərəmin sadəcə səhiyyə sahəsini deyil, digər sektorları da əhatə etdiyini, ona görə də birgə mübarizənin vacibliyini diqqətə çatdırıb, konfransın işinə uğurlar arzulayıblar. Konfrans öz işini sessiyalarla davam etdirib.
İlk sessiyada S.Həsənova Avropa regionunda vərəm üzrə epidemioloji vəziyyət və cavab tədbirləri barədə məlumat verib. O, 2016-cı ilin nəticələrinə əsasən Avropada 290 min vərəm xəstəsinin olduğunu deyib: "Avropada vərəmdən əziyyət çəkən uşaqların sayı 32, qadınların sayı isə 87 minə bərabərdir. Regionda vərəm qeyri-bərabər paylanıb. Hər 20 dəqiqədən bir regionda bir nəfər vərəm səbəbindən vəfat edir. Hər gün 13 uşaq isə vərəmin qurbanı olur. Lakin 2002-2006-cı illərin nəticələrinə əsasən vərəmin azalma tempi Avropada ən yüksək göstəricilərə - 4-4,5 faizə bərabər olub. Regionda ölüm halı ortalama olaraq 100 min nəfərdən 2,8-də qeydə alınıb. Buna baxmayaraq, hər il vərəm və QİÇS xəstəliyinə yoluxanların sayı 12-13 faiz artır".
Sonra H.Qədirova Azərbaycanda vərəm üzrə epidemioloji vəziyyət və cavab tədbirləri haqqında məlumat verib. O, bildirib ki, ötən il Azərbaycanda vərəmə yoluxmuş 3871 ilkin xəstə qeydə alınıb: "Vərəmlə xəstələnmə göstəricilərinə əsasən bu problemə hər 100 min nəfərdən 39,8-də rast gəlinir. Bu göstərici rayonlar üzrə qeyri-bərabər paylanıb. Vərəmin yüksək göstəriciləri Bərdə, Mingəçevir, Yevlax, Göyçay və Qazaxda müşahidə edilib. Bakterioloji təsdiq olunmuş ağciyər vərəmi halları 69 faizə bərabər olub. Bu xəstəlikdən təkrar müalicə olunan 3258 xəstə qeydə alınıb və aşkar olunan bütün həssas vərəmli xəstələr müalicəyə cəlb edilib. Ötən il dərmanlarahəssas vərəmli xəstələrin uğurlu müalicə nəticələri ilkin həssas vərəmli xəstələr arasında 84, təkrar müalicə olunanlar arasında isə 74 faiz təşkil edib və 1007 dərmanlaradavamlı vərəm xəstəsi aşkarlanıb. Onların uğurlu müalicə nəticələri 59 faiz təşkil edib. Ötən il aşkar olunmuş vərəm xəstələrinin 60 faizi kişilər, 30 faizi qadınlar, 10 faizi isə uşaqlardır. Böyüklər və 18 yaşadək uşaqlar arasında xəstəliyin gecikmiş və yayılmış formaları azalıb. Vərəmli xəstələrin İİV müayinəsinə cəlb olunma göstərici ölkə üzrə 81 faiz təşkil edib. Yalnız dörd rayonda-Tərtər, Neftçala, Göygöl və Lerikdə bu müayinələr 100 faiz aparılıb. Cəlilabad, Abşeron, Bərdə, Şamaxı və Füzuli rayonlarında vərəmli xəstələrin İİV müayinəsinə cəlb olunması 50 faizdən az olub".
Direktor Azərbaycanda vərəm üzrə vəziyyətin stabilləşdiyini də xüsusi vurğulayıb. Qeyd edək ki, tədbir iki gün davam edəcək.