İcbari tibbi sığortanın bütün Azərbaycanda tətbiqi.... Hadisə

İcbari tibbi sığortanın bütün Azərbaycanda tətbiqi....

Bunun üçün "Yol Xəritəsi" hazırlanıb


2019-cu ildə icbari tibbi sığorta sisteminin bütün ölkə üzrə tətbiq olunması üçün yekun hazırlıq işləri həyata keçiriləcək. Sistemin bütün ölkə üzrə tətbiqinə 2020-ci ildən başlanması gözlənilir.
Bu haqda Milli Məclisin (MM) komitələrinin gələn ilin dövlət büdcəsi ilə bağlı birgə iclasında bildirilib. Qeyd olunub ki, gələn il icbari tibbi sığortaya 224 mln. manat ayrılması nəzərdə tutulub.
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) bildirilib ki, icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı "Yol Xəritəsi" hazırlanıb:
"Hazırda "Yol Xəritəsi" müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Növbəti ildə "Yol Xəritəsi"ndə dövlət tibb müəssisələrinin icbari tibbi sığortanın prinsiplərinə əsasən hazırlanması və səhiyyə sisteminin icbari tibbi sığortaya tam inteqrasiyası nəzərdə tutulub.
Həmçinin, "Yol Xəritəsi"ndə maliyyə dayanıqlığının təmin edilməsi üçün icbari tibbi sığortanın müxtəlif mənbələrdən maliyyələşdirilməsi nəzərdə tutulur. Bu maliyyə mənbələrinə dövlət büdcəsi, əhalidən toplanan sığorta haqları və alternativ maliyyə mənbələri aiddir".
Rəsmi məlumata görə, növbəti il dövlət büdcəsində icbari tibbi sığorta üçün nəzərdə tutulan vəsait alternativ maliyyə mənbələrinə aiddir və "Yol Xəritəsi"nin tələblərindən irəli gələn məsələlərin icrası üçün rezerv (ehtiyat) vəsaitdir.