Biotibb üzrə yeni nailiyyətlər Hadisə

Biotibb üzrə yeni nailiyyətlər

Roma şəhərində Şərq tərəfdaşlığı (EaPConnect) və İtaliya elm və təhsil şəbəkəsi konsorsiumunun birgə təşkilatçılığı ilə "EaPConnect e-Health Workshop 2018" milli tədqiqatlar və təhsil şəbəkəsi çərçivəsində "Biotibbi əməkdaşlıq: nailiyyətlər və ən yaxşı təcrübələr" mövzusunda seminar keçirilib. İtaliya Milli Səhiyyə İnstitutunda təşkil olunan seminarda Şərq Tərəfdaşlığına aid altı ölkənin (Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna) milli elm və təhsil şəbəkələrinin rəhbərləri və mütəxəssisləri, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Məsumə Məmmədova və institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova iştirak ediblər.
İnstitutdan bildirilib ki, tədbir Avropa İttifaqının Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində təşkil olunub. Seminarda biotibb üzrə nüfuzlu təşkilatların tematik tədqiqatları və qabaqcıl təcrübəsi, müxtəlif maliyyə və təşkilat modelləri təqdim olunub, ən yaxşı nəticələr nümayiş etdirilib. Seminarda tibbi cəmiyyətlərin dəstəklənməsində Avropanın Milli Tədqiqatlar və Təhsil Şəbəkəsinin (NREN) formalaşması və quruluş prinsipləri, teletibb, fərdyönümlü tibb, aktiv və sağlam qocalma, tibbi teleidarəetmə, Polşa, Danimarka və İsraildə biotibbi fəaliyyətlə məşğul olan cəmiyyətlərin təcrübəsi, bu ölkələrdə yaradılan NREN-lərin təşkilat və maliyyə modelləri müzakirə olunub, yeni nailiyyətlər təqdim edilib, perspektivlər göstərilib. İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları tədbirdə əldə etdikləri məlumatların ölkəmizdə elektron tibbin formalaşması istiqamətində aparılan tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsində faydalı olacağını bildiriblər.