“Azərbaycan dilinin tədqiqi və tədrisi: problemlər və perspektivlər” Hadisə

“Azərbaycan dilinin tədqiqi və tədrisi: problemlər və perspektivlər”

Noyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə "Azərbaycan dilinin tədqiqi və tədrisi: problemlər və perspektivlər" mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans Prezidentin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2018-ci il 1 noyabr tarixli Fərmanından irəli gələn vəzifələrin icrası ilə bağlı məsələlərə həsr olunub.
Tədbirdə AMEA-nın alimləri, paytaxtda və bölgələrdə fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak ediblər. AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, dilimizi tədqiq edən alimlərin onu tədris edən müəllimlərlə görüşməsi mühüm hadisədir. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun həyata keçirdiyi "Dilimiz sərvətimizdir" layihəsi barədə danışıb. Sonra mövzu ilə bağlı məruzələr dinlənilib.