ABŞ-da yaşayan general nəvəsinin həyat yoldaşı Hadisə

ABŞ-da yaşayan general nəvəsinin həyat yoldaşı

Bir az məzəli, bir az da ciddi- qiyamət oğuldu, Oqtay Məmmədov. Sizə zarafat gəlməsin, ərazisi Azərbaycandan dörd dəfə böyük olan Miçiqan ştatında yeganə azərbaycanlıdır ki, özəl klinikası var…
O, 1972-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1989-cu ildə 111 nömrəli məktəbdə orta təhsilini bitirib. Elə həmin il də indiki Azərbaycan Tibb Universitetinə qəbul olunub. 1996-ci ildə oranın cərrahiyyə fakültəsində həkim-cərrah ixtisasına yiyələnib. Bir sıra xəstəxanalara müraciət etsə də, öz peşəsinə uyğun iş tapa bilməyib. İşsiz qaldığından, güzaran qurmaq üçün Dubaya yollanıb. Burada bizneslə məşğul olub...
1999-cu ildə Kanadaya yola düşüb. Azərbaycandan gətirdiyi həkimlik diplomu bu ölkədə tanınmadığından, özəl klinikalardan birinin labaratoriyasında labarant kimi çalışıb. Yeddi il işlədikdən sonra ixtisasartırma kurslarını keçərək, tələb olunan test imtahanlarından müvəfəqiyyət qazanıb, nəhayət arzusuna nail olub. Kandanın, Amerika Birləşmiş Ştatlarının bir sıra klinikalarına CV göndərib. Nəticədə, çox yerdən dəvət alıb, amma o, ABŞ-ı seçib…
2006-cı ildə ABŞ-ın Merilənd ştatına gəlib. Ştatın Baltimor şəhərində, ölkənin ən məşhur tibb universitetlərindən biri- Cohns Hopkins-in nəzdində olan klinikada üç il daxili xəstəliklər üzrə rezidenturada təhsilini davam etdirib, yuxu xəstəlikləri üzrə həkim ixtisasına yiyələnib...
2009-cu ildə təhsil təqaüdü udaraq oradan Miçiqan ştatının Detroit şəhərindəki, XIX əsrdən fəaliyyətə başlamış Henri Ford klinikasına yol tutub, burada bir il kurs keçdikdən sonra müsabiqə yolu ilə özəl klinikalar şəbəkəsinin fəaliyyətinə nəzarət edən icraçı direktor vəzifəsinə təyin olunub, şəhərin beş klinikasına rəhbərlik ona tapşırılıb. 2016-cı ilədək həmin vəzifədə çalışıb...
2016-cı ildə Miçiqanın İst Lansinq şəhərinə köçür. Burada o, yuxu xəstəlikləri üzrə özəl klinika yaradır və bu günədək həmin klinikaya rəhbərlik edir…
Deyir ki, qoy bütün Azərbaycan bilsin, kimin yolu Miçiqana düşərsə, gözüm üstə yeri var, canla-başla xidmətində durmağa həmişə hazıram…
Oqtay Məmmədov çox maraqlı insandır. Azərbaycanı özünə Məkkə- Mədinə bilir. Elə bir il olmur ki, Azərbaycana getməsin, vətəni ziyarət etməsə tab gətirə bilmir…
Yaxşı insanların hər əməli gözəl olur. Davranışı, insana münasibəti, mədəniyyəti yüksək səviyyədə olan bu soydaşımızın varlığından adam qürur hissi keçirməyə bilmir...
Ömür-gün yoldaşı Zemfira xanımın babası Bəşir İmanov DTK-nın nazirlik olduğu dövrlərdə, 1948-ci ildən SSRİ Dövlət Təhlükəsizlik nazirliyinin Azərbaycan şöbəsində birinci şəxsin müavini vəzifəsində çalışıb. 1953-cü ildə Nikita Xruşşov hakimiyyətə gələndən bir qədər sonra, general-mayoru bu vəzifədən uzaqlaşdırıb, Azərbaycan Dəmiryol Milis İdarəsinin rəisi təyin ediblər…
Zemfira xanım Bakı Tibb texnikumunu bitirib. Bir müddət səhiyyənin fizoterapiya sahəsində çalışıb. İşləyə-işləyə ali təhsil alıb, iqtisadçı ixtisasına yiyələnib. Fəqət, yeni ixtisası üzrə çalışmağa macal tapmayıb. ABŞ-dan gələn Oqtay Məmmədov onunla evlənərək özüylə Amerikaya gətirib. Evinin xanımıdır. Böyük oğlu Elnurun 9, qızı Kamillanın 4, evin sonbeşiyi Kamranın isə 2 yaşı var…
Övladları ilə nəfəs alır, Oqtay həkim. Zəhmətinə, əzmkarlığına, könül açığlığına görə Allah ondan heç nə əsirgəməyib.
Deyir ki, bu gün mənim ən böyük arzum, uşaqları böyüdüb, onlara yüksək təhsil verməkdən ibarətdir. İstəyirəm ki, onlar cəmiyyətdə öz yerlərini tuta bilsinlər, millətə-xalqa baş ucalığı gətirsinlər…
Bəli, uğurları ilə xalqımızın adını yüksəklərə qaldıran, əməlləri ilə Azərbaycanımıza başucalığı gətirən qərib soydaşlarımıza eşq olsun! Allah öz məhəbbətini onlardan əskik etməsin!..

Elman Eldaroğlu,
ABŞ, Miçiqan