Dövlət başçısından daha bir humanist addım Hadisə

Dövlət başçısından daha bir humanist addım

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi əməliyyat olunmaq üçün Almaniyaya göndərilib
Rəis Rəsulzadə: "Prezidentə diqqətinə görə təşəkkür edirəm"

Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə əməliyyat olunmaq üçün Almaniyaya göndərilib.
Prezident Administrasiyasındakı mənbələrdən APA-ya daxil olan məlumata əsasən, o, dövlət hesabına bu ölkənin məşhur "Şarite" hospitalında əməliyyat ediləcək və müalicə alacaq. Onun ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
R. Rəsulzadənin 2013-cü ilin əvvəlində də Bakıda eyni xəstəlikdən əməliyyat və müalicə olunduğu bildirilir.
Rəis Azər oğlu Rəsulzadə Azərbaycan Rəssamlar İttifaqının üzvü, əməkdar rəssamdır. R.Rəsulzadə, həmçinin, ictimai fəaliyyətlə məşğuldur və Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının prezidentidir.
Hazırda Berlində "Şarite" hospitalında müayinədən keçən Rəis Rəsulzadə dövlət başçısına təşəkkürlərini çatdırıb: "Müalicəmlə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət etmişdim. Dövlət başçısının göstərişi ilə hərtərəfli müayinə və müalicə olunmaq üçün Almaniyaya göndərilmişəm. Prezidentə bu diqqətinə görə təşəkkür edirəm".
R.Rəsulzadə bildirib ki, hələlik ilk müayinələrinə başlanılıb: "Müayinələrdən sonra əməliyyat edilib-edilməyəcəyim dəqiqləşəcək".