Bakıda yaşayış binasında yanğın olub Hadisə

Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda, Mirəli Seyidov küçəsindəki 9 mərtəbəli binada baş verib. Yanğın binanın 7-ci mərtəbəsində yeni təmir olunan mənzillərdən birinin eyvanında başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Nəsimi və Yasamal rayonları üzrə hissələrinin texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğın söndürülüb və alovun ümumi sahəsi 63 kv. metr olan dördotaqlı mənzilə, eləcə də, qonşu eyvanlara keçməsinin qarşısı alınıb. Eyvan və təmir zamanı ora yığılan ev əşyaları yanıb, təmir edilmiş otaqların divar kağızlarına, hamam otağına və otaqlardan birindəki çilçırağa ziyan dəyib.
Dövlət Yanğından Mühafizə Xidmətindən APA TV-yə verilən məlumata görə, yanğın 5 kv.metr sahəni əhatə edib.
Nəsimi rayon Qaz İstismar Sahəsinin əməkdaşları da yanğın baş verən mənzilə baxış keçiriblər. Mənzilə, eləcə də, onun yerləşdiyi bloka təbii qaz verilişi müvəqqəti dayandırılıb.
İlkin ehtimala görə, yanğına yuxarı mərtəbələrdən atılan siqaret səbəb olub. Siqaret eyvana düşüb və təmir zamanı ora yığılan paltarlar alışıb. Faktla bağlı araşdırma aparılır.