ADA-Avropa İttifaqı Yay Məktəbinə start verilib Hadisə

ADA-Avropa İttifaqı Yay Məktəbinə start verilib

ADA Universitetinin Avropa İttifaqı (Aİ) Məsələləri üzrə Bilik Mərkəzi Alman Akademik Mübadilə Xidməti (DAAD) və İtaliyanın Bolonya Universiteti ilə birgə 5-ci ADA-Avropa İttifaqı Yay Məktəbinə start verilib. Builki məktəb “Aİ və Şərq Tərəfdaşlığı: Aİ-nin gələcəyi kontekstində Şərq Tərəfdaşlığı siyasəti” mövzusunu əhatə edəcək. Yay məktəbi gənc peşəkarları, tədqiqatçıları və məzunları bir araya gətirərək onların qeyd edilən mövzu ilə bağlı biliklərini təkmilləşdirəcək və son 10 il ərzində Şərq Tərəfdaşlığı proqramının inkişafını və nailiyyətlərini diqqətdə saxlayacaq.

İki həftə ərzində iştirakçılar Avropa İttifaqı və Şərq Tərəfdaşlığı proqramının əhatə etdiyi ölkələr arasında münasibətlərin dinamikası və bu sahədə olan çətinliklər haqqında məlumatlandırılacaq. Beşinci ADA-Aİ Yay Məktəbinə bu il Azərbaycanla yanaşı, Almaniya, Əfqanıstan, Böyük Britaniya və İtaliyadan da iştirakçılar qatılıb.

İyunun 10-dan 21-dək davam edəcək yay məktəbində 29 bölmədə müzakirələr aparılacaq. V Yay Məktəbinin açılış mərasimində çıxış edən ADA Universitetinin Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzinin direktoru Nərgiz İsmayılova iştirakçılara rəhbəri olduğu qurum haqqında geniş məlumat verib. O, yay məktəbinin gəncləri Aİ ilə bağlı maarifləndirdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, interaktiv şəkildə qurulan dərslər zamanı iştirakçılar dünyanın bu vacib bölgəsinin beynəlxalq siyasətinə dair fikirlərini söyləyə bilirlər. Yay məktəbi üçün məhz Azərbaycandakı ADA Universitetinin seçilməsi təsadüfi deyil - qitələrin geostrateji kəsişməsində yerləşən ölkəmizdə Avropa İttifaqında cərəyan edən hadisələri izləyir, onların bilavasitə iştirakçısı oluruq. Avropada baş verən siyasi proseslər builki yay məktəbində də diqqət mərkəzində olacaq.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas yay məktəbinin əhəmiyyətindən danışıb. O bildirib ki, rəhbərlik etdiyi təşkilat Azərbaycanın hökumət qurumları ilə hərtərəfli əlaqələrin saxlanması, Aİ, onun qurumları və proqramları barədə məlumatlılığın artırılması yolu ilə Azərbaycan və Avropa İttifaqı arasında siyasi və iqtisadi münasibətlərin təşviqi istiqamətində fəaliyyət göstərir. “ADA Universitetində ənənəvi olaraq təşkil olunan ADA-Avropa İttifaqı Yay Məktəbi Aİ haqqında Azərbaycan ictimaiyyətinin məlumatlandırılması işinə töhfələr verir”, – deyə nümayəndəlik rəhbəri qeyd edib. Kestutis Yankauskas diqqətə çatdırıb ki, monitorinqin nəticələrinə görə, son illər Azərbaycan vətəndaşlarının Aİ haqqında daha çox məlumatları var.

Xatırladaq ki, yay məktəbi ADA Universitetində 2013-cü ildən fəaliyyət göstərən Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzinin təklif etdiyi sertifikat proqramıdır. Mərkəz ölkə ictimaiyyətinin Avropa İttifaqı haqqında biliklərini təkmilləşdirmək məqsədilə dövlət qulluqçuları, tələbələr, şagirdlər də daxil olmaqla, ictimai qruplar üçün təhsil və təlim kursları həyata keçirir.