
Əli Həsənov: "Azərbaycan mediası fəaliyyət sahəsini genişləndirməli, beynəlxalq aləmdə tanınmalı və Azərbaycanın haqlı səsini dünya ictimaiyyətinə çatdırmağı bacarmalıdır"
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə iyulun 22-də "Altun Saray" istirahət mərkəzində Azərbaycan milli mətbuatının yaranmasının 139-cu ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində Fondun milli mətbuat günü ilə bağlı keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin və Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatının laueratlarının mükafatlandırılması mərasimi təşkil edilib.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icrası direktoru Vüqar Səfərli tədbiri giriş sözü ilə açaraq media nümayəndələrini 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Ölkə mətbuatının tarixi inkişaf mərhələlərindən söz açan Fondun icraçı direktoru xüsusən də son illərdə dövlətin yüksək qayğısı ilə söz və mətbuat azadlıqlarının təmini sahəsində mühüm uğurların əldə olunduğunu bildirib.
Vüqar Səfərli milli mətbuatın 139-cu ildönümü ilə əlaqədar keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə 66 redaksiyadan 116 yazının təqdim edildiyini, ekspertlərin rəyləri əsasında ən yüksək bal toplamış 30 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin isə həvəsləndirici mükafata layiq görüldüyünü diqqətə çatdırıb.
Sonra söz Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova verilib Ölkə jurnalistlərini əlamətdar bayram münasibətilə təbrik edən Əli Həsənov hazırkı informasiya əsrində onların fəaliyyətinin cəmiyyət üçün son dərəcə əhəmiyyətli olduğunu qeyd edib.
Əli Həsənov bildirib ki, ötən illər ərzində həyata keçirilmiş çoxsaylı tədbirlər Azərbaycanda KİV-in kəmiyyət və keyfiyyət göstəricilərinin inkişafına mühüm təsir göstərib. O, qeyd edib ki, hazırda Azərbaycanda 5000-dən artıq KİV müvafiq dövlət orqanında qeydiyyatdan keçib.
Şöbə müdirinin sözlərinə görə, ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq mətbuat orqanı, 20-dən çox informasiya agentliyi, 300-ə yaxın aktiv internet informasiya resursu, 50-dən artıq televiziya və radio kanalı, onlarla mətbuat yayımı firması fəaliyyət göstərir.
Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri ötən əsrin 90-cı illərindən başlayaraq müstəqillik uğrunda xalq hərəkatı və milli mübarizə, dövlət müstəqilliyinin əldə edilməsi və milli dövlət quruculuğu proseslərinin gedişində Azərbaycan milli mətbuatının inkişafının yeni mərhələsinin başladığını vurğulayıb.
Azərbaycan mətbuatının yaranma tarixi, "Əkinçi"nin nəşri, keçdiyi inkişaf yolu, sovet dövrü Azərbaycan mətbuatı haqqında danışan şöbə müdiri 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyevin demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun mühüm tərkib hissəsi kimi söz və məlumat azadlığının təmin olunmasını, demokratik, plüralist KİV-in formalaşdırılması və inkişafını, onun hüquqi-normativ bazasının yaradılmasını və iqtisadi müstəqilliyinin təmin edilməsini dövlətin mətbuat siyasəti qarşısında dayanan əsas vəzifələri kimi müəyyən etdiyini vurğulayıb: "Məhz Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində söz və məlumat azadlığı, hər kəsin sərbəst şəkildə informasiya almaq və yaymaq hüququ 1995-ci ildə qəbul edilmiş Konstitusiyada əksini tapıb. Sonrakı illərdə bu prinsip hüquqi norma kimi dövlət həyatının bütün sahələrində təsbit edilib, siyasi plüralizmi, ifadə azadlığını məhdudlaşdıran bütün senzura və dövlət tənzimləmə mexanizmləri ləğv edilib, KİV-in inkişafı sahəsində bütün süni maneələr aradan qaldırılıb, bu sahədə qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılıb. Buna paralel olaraq Heydər Əliyevin imzaladığı fərman və sərəncamlara əsasən həyata keçirilmiş çoxsaylı tədbirlər mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsində, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsində əvəzsiz rol oynayıb".
Əli Həsənov bildirib ki, Heydər Əliyev prezidentlik fəaliyyətində daim jurnalistlərlə yaxın təmasda olub, onların sosial, maddi və mənəvi problemləri ilə maraqlanıb, köməyini əsirgəməyib: "Hesab edirəm ki, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsasının qoyulması və inkişaf etdirilməsi ümummilli liderin Azərbaycan mediası və cəmiyyəti qarşısında mühüm xidmətlərindən biridir. 2002-ci ilin martında Heydər Əliyevin Azərbaycan "Jurnalistlərinin dostu" seçilməsi ümummilli liderin söz və məlumat azadlığına, kütləvin informasiya vasitələrinin inkişafına diqqət və qayğısının məntiqi nəticəsi olub".
Bu gün Azərbaycanın dünyada dinamik inkişaf edən, müasir, beynəlxalq aləmdə böyük nüfuza malik, demokratik islahatların daha da dərinləşdiyi ölkəyə çevrildiyini qeyd edən Əli Həsənovun bildirib ki, mövcud reallıqlar KİV-in, o cümlədən milli mətbuatın qarşısında da bir çox yeni vəzifələr qoyur: "Prezident İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, bu gün Azərbaycan mediası müasir cəmiyyət quruculuğunda, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin inkişafında, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində daha təsirli rol oynamalı, qlobal informasiya məkanının, müasir informasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlardan səmərəli istifadə edərək fəaliyyət sahəsini genişləndirməli, beynəlxalq aləmdə tanınmalı və Azərbaycanın haqlı səsini dünya ictimaiyyətinə çatdırmağı bacarmalıdır. Eyni zamanda öz tarixi dəyərlərini, jurnalistikada "Əkinçi" ənənələrini yaşadaraq peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərini rəhbər tutmalıdır".
Əli Həsənov qeyd edib ki, İlham Əliyev 2003-cü ildə Azərbaycan prezidenti seçildikdən sonrakı dövrdə bütün sahələrdə olduğu kimi, kütləvi informasiya vasitələri sahəsində də əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasət və formalaşmış ənənələr, Azərbaycanın demokratik inkişaf xəttinə uyğun sistemli liberal islahatlar konseptual şəkildə, müasir dövrün reallıqları nəzərə alınmaqla davam etdirilib".
Şöbə müdiri müstəqil medianın inkişafına xidmət edən yeni qanunların qəbul edilməsi, mətbuat orqanlarının "Azərbaycan" nəşriyyatına borclarının silinməsi, hər beş ildən bir milli mətbuatın, televiziya və radionun yubileylərinin ölkə səviyyəsində qeyd edilməsi, KİV əməkdaşlarının dövlət mükafatlarına və fəxri adlara layiq görülməsi, redaksiyalara birbaşa maliyyə yardımının göstərilməsi və sairin 2003-cü ildən sonrakı dövrdə həyata keçirilmiş rəsmi tədbirlərin natamam siyahısı olduğunu bildirib: "Prezident İlham Əliyev Azərbaycanda mətbuata dövlət dəstəyini yüksək səviyyəyə qaldıraraq rəsmiləşdirib və şəffaflaşdırıb".
İlham Əliyevin prezidentliyi dövründə dövlətin media siyasətinin başlıca məqsədinin güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübünü çəkən medianın formalaşması və inkişafı olduğunu qeyd edən Əli Həsənov Azərbaycan prezidentinin imzaladığı çoxsaylı fərman və sərəncamlar, xüsusilə 2008-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın məhz bu məqsədlərin həyata keçirilməsinə xidmət etdiyini diqqətə çatdırıb: "Azərbaycan prezidentinin sərəncamı ilə 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu KİV-lərin maddi-texniki bazasının, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Fəaliyyət göstərdiyi 5 il ərzində dövlət büdcəsindən Fonda ayrılmış vəsaitin həcmi 17 milyon manatı keçib".
Əli Həsənovun sözlərinə görə, Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillə təmin olunurlar: "Məlum olduğu kimi, Azərbaycan prezidentinin 22 iyul 2010-cu il tarixli "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" sərəncamına əsasən jurnalistlər üçün 156 mənzilli ayrıca bina inşa edilib. 2013-cü il iyulun 22-də Azərbaycan prezidentinin iştirakı ilə binanın açılış mərasimi keçirilib və tam təmirli mənzillər jurnalistlərə paylanıb. Elə həmin gün cənab prezident KİV əməkdaşları üçün yeni - 250 mənzilli binanın təməlini qoyub".
Şöbə müdiri qeyd edib ki, prezident İhham Əliyev daim medianın problemləri ilə maraqlanır, jurnalistlərlə görüşür, KİV-in hərtərəfli inkişafı üçün zəruri addımlar atır: "Təsadüfi deyil ki, Azərbaycan mətbuat nümayəndələri cənab İlham Əliyevin diqqət və qayısını yüksək qiymətləndirərək, onu iki dəfə - 2010 və 2013-cü illərdə "Jurnalistlərin dostu" seçiblər".
Mərasimdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan milli mətbuatının keçdiyi çətin və şərəfli tarixi yola nəzər salıb, "Əkinçi" qəzetinin xalqımızın zəyatında oynadıbı rolu xüsusi vurbulayıb.
Sonda Mətbuat Şurasının təsis etdiyi "Ali media mükafatı" laureatlara təqdim olunub.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mükafatlarını təqdim edərək, mərasimə yekun vurub, jurnalistlərə yaradıcılıq uğurları arzulayıb, dövlətimizin mətbuatın inkişafına bundan sonra da yüksək diqqət və qaybı göstərəcəyini vurbulayıb.
Mərasim bədii hissədə konsert proqramı ilə davam etdirilmişdir.