Qubadlıdan gələn məktuba cavab... Hadisə

Qubadlıdan gələn məktuba cavab...

Məktubunu aldım...

Oxudum və qoxuladım - Kəndimizin qoxusu gəlirdi. Bir anlıq elə bildim ki, həyətimizdəki tut ağaclarını cırpırıq. Hər dəfə çırpıldıqca yüzlərlə tut kərxanaya tökülür. O qədər şirinləşib ki, anam deyir - yaxşı doşabı olacaq. İki tut ağacımız da var ki, əksər budaqları Vahid dayıgilin evlərinin düz üstündədir. Həmin budaqlardan bir dənə də olsun tut yeyə bilmirdik. Ancaq mənə bacı əvəzi Səidəylə çəmini tapmışıq. Fürsət düşən kimi evlərinin üstünə çıxıb zülalı axan bal kimi tutu yeyirik. Üstümüz, başımız şirə olduğundan şor bulağa qaçırıq. Buz kimi suyla əl- üzümüzü, ayaqlarımızı yuyuruq və beşdaş oynamağa başlayırıq. Məlahət xalanın və anamın bizi səsləməsi oynumuzu yarımçıq qoyur. ...
...Yazdığın məktubun hər sətrindəki sözlərdə haqlısan. Və məktubu oxuduqca xəcalət çəkirəm. Sənin hər qarış torpağın uğrunda vuruşub geri almadığımız, şəhid olmadığımız üçün. 26 ildir səndən uzaqda nələr yaşadığımızı sadalamaqla özümüzə haqq qazandırmaqdan uzağam. Hər halda səninlə bəzilərini paylaşmaq, dərdimi bölüşmək istəyirəm. 1993-cü il 31 avqustda səni zorən tərk etdiyimiz gün fəlakətimiz başladı. Ancaq səmimi deyim ki, bu fəlakətin bəzilərinə heç bir aidiyyatı yox idi... Çünki özlərinin düşüncəsinə görə “rahat həyatı” tapıblar.


... Səni zorən tərk edənlərin demək olar ki, 90 faizi Sumqayıtda məskunlaşmışdılar. O qədər ağır və lənətlədiyim günlər idi ki... Atamı, anamı ovuda bilmirdim. İllər boyu əmək sərf etdikləri evlərindən olmuşdular. 27 yaşında torpağa tapşırdıqları övladlarının məzarını bir daha ziyarət edə bilməyəcəkləri qorxusu ilə dünyalarını dəyişdilər. Atam “qaçqın” ifadəsini heç cürə qəbul edə bilmirdi. Günlərin bir günü bizə gələndə avtobusda bir qadının “bu qaçqınlar gəldi, şəhəri pis günə qoydular” deməsi atamı hövsələdən çıxartmışdı. Özünə gələ bilmirdi. “Sanki kefimizdən gülüstan kimi yurdumuzu tərk edib gəlmişik” deyə, siqareti siqaretə calayırdı. Heç üstündən bir müddət keçməmiş insult keçirtdi. Cəmi bir həftə yataqda yatdı. Dili tutulmuşdu, danışa bilmirdi. Ürəyindən keçənləri duyurdum. Qubadlının Mahmudlu kəndində torpağa tapşırılmasını istəyirdi. Dünyasını dəyişməmişdən iki gün əvvəl atama dedim ki, rayon alınıb səni Qubadlıya aparacağam. Bu xəbəri eşidəndə gözlərindən yaş axdı. Əllərini tərpədə bilmədiyi üşün gözlərini tavana dirəyib Allaha şükür edirdi. Bəli, yalan danışdım atama. Bu yalanla “xoşbəxt” etdim atamı....
...26 il bundan öncə Qubadlıda doğulanlar artıq ailə həyatı qururlar. Onların Qubadlı haqqında təsəvvürləri valideynlərinin anlatdıqlarından o yana getmir. Gələcəkdə öz övladlarına nələri və necə anladacaqları isə sual altındadır. Çünki gözlər doğma yerləri görməyib, ayaqlar doğma torpaqlara dəyməyib. Ümid edirəm ki, bu faciəni yaşamarıq. Bəzən ümidsizliyə də qapılıram. Çünki yazdığın kimi artıq işğal altında olan torpaqlarımızda, eləcə də Qubadlıda ermənilər tikinti işləri aparırlar. Biz isə lazım gələrsə torpaqlarımızı güc vasitəsilə azad edəcəyimizi bildiririk....
...İllərdir ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana, Dağlıq Qarabağa oradan da Azərbaycana səfərlər edirlər. Nəticə isə sıfırdı. Ermənistanda bir söz, Azərbaycanda başqa söz deyən həmsədrlər hər gəlişlərilə sanki Dağlıq Qarabağ problemini bir qədər də geriyə atırlar. Uzaqbaşı XİN rəhbərlərinin, dövlət başçılarının görüşlərini təşkil edirlər ki, bu görüşlər də hələlik problemin həllində açar rolunu oynamayıb. Hər dəfə həmsədrlər regiona səfər edəndə və səfərdən sonra yaxasına politoloq etiketi yapışdırıb mənasız və bəsit “şərhləri” ilə insanları cilədən çıxaran bu insanlar yağışdan sonra göbələyi xatırladırlar. Hələ biri var elə şərhlər verir ki, sanki iki gündən sonra yurd yerlərimizə dönəcəyik. Bilirəm, bu sətirləri oxuyanda deyəcəksən ki, günah həm də siz mətbuat işçilərindədir. Vaxtında həmin “politoloqlar”ın fikirlərini tirajlamasaydınız, bu gün yalanları dinləmək zorunda qalmazdınız...
...Sumqayıtda məcburi köçkünlər üçün binalar tikiblər və istifadəyə veriblər. İnsafən hər bir şəraiti var, ancaq otaqlar o qədər kiçikdir ki, adam özünü qəfəsdə hiss edir. Binalarda məskunlaşan bir çoxları şükür edirlər. Yenə də oxuyub sual edəcəksən: “Nəyə? 26 ildir yurdlarından, alt-üst imarətlərindən, gülüstanı xatırladan bağlarından, Həkərinin və Bərgüşadın çaylarında olan balıqlardan ki, hələ heç bir yerdə o tamda balıqdan yeməyiblər, meşələrindəki sərvətlərindən, səfalı yerlərindən, buz kimi bulaqlarından didərgin düşdükləri üçünmi şükür edirlər? Və yaxud hər addımbaşı “qaçqınsan”, “köçkünsən” kimi ibarəli sözlərini eşidib, illər uzunu xarici ölkələrin humanitar yardımı adı altında xəstəlik mənbəyi olan ərzaq məhsularını növbəyə durub almalarınamı, yataqxanalarda, uşaq baxçalarında şəraitsiz yerlərdə qalmalarınamı şükür edirlər? Adam o zaman şükr edər ki, Azərbaycanın Ordusu Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxındır işğal altında saxladığı 20 faiz torpaqlarını azad edib şərəfli işə imza atsın. Və yurdlarından məcburən qovulanlar yurdlarına geri qayıtsınlar. Bax o zaman şükür etməyə həm üzümüz, həm dilimiz həm də Allahın dərgahına uzanan əllərimiz olardı”...
... İki-üç il bundan öncə internetdə ermənilərin çəkdikləri bir vidionu izlədim. Kəndimizi çəkmişdilər - Mahmudlu kəndini. Bütün evlər dağılıb, kənd xarabazarlığı xatırladır. Etiraf edim ki, əvvəlcə kəndimiz olduğuna şübhə ilə yanaşdım. Sonra Qara qayanı görəndə qəlbim parçalandı. Qara qaya həmyaşıdlarımın yaylaq yeri idi. Nənəm deyərdi ki, ötən əsrin əvvəllərində ermənilər kəndə hücum edəndə kənd camaatı Qara qayanı özlərinə sığınacaq yeri biliblər. Ancaq bu dəfə Qara qayaya sığına bilmədik. Çünki bu zaman o zaman deyildi...
...Yenə də məktubun sonunu ümüdlə bitirmək istəyirəm. Sənə dönəcəyik! Bunun nə zaman baş verəcəyini bilməsəm də, dönəcəyik! Qoynunda yaşamaq və ölmək arzusuyla, övladın

Arzu Şirinova