Mənzil almaq istəyənlər üçün mühüm xəbər Hadisə
Güzəştlə mənzil almaq hüququ olanların kateqoriyası genişləndiriləcək. Ölkə başçısının 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanına əsasən, “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulan tapşırıqlardan biri də güzəştlə mənzil əldə etmək hüququna malik şəxslərin kateqoriyalarının genişləndirilməsi ilə bağlıdır.
Bu kateqoriyaların genişləndirilməsi istiqamətində Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən işlər davam etməkdədir.
Maraqlıdır, sosial mənzillərə çıxış üçün daha hansı addımların atılmasına ehtiyac var? Sputnik Azərbaycan-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, ilkin indiqatorlar doğru-düzgün müəyyənləşərsə, sonradan insanlarda müəyyən prinsiplərin pozulması ilə bağlı fikir formalaşmaz. O deyir ki, şəhid ailələri, qazilər, onların ailələri ilə yanaşı aztəminatlı və gənc ailələr də bu kateqoriyalara aid edilməlidir.
Azərbaycanda mənzilə ehtiyacı olan insanların sayının 10 minlərlə olduğunu diqqətə çatdıran ekspert bildirir ki, tək sosial mənzil layihəsi ilə bu problemin həllində ciddi irəliləyişə nail olmaq mümkün olmayacaq. Amma ən azından, ilkin olaraq, daha çox ehtiyacı olan şəxslərin ədalətli növbəlilik prinsipi ilə mənzil almaq hüququ təmin olunmalıdır. Bununla yanaşı, əlavə təşviq proqramlarına da ehtiyac var.
Şəhər kənarında boş ərazilərin olduğunu vurğulayan Cəfərlinin fikrincə, dövlət bu boş ərazilərə infrastrukturun çəkilməsini üzərinə götürərək şirkətlər üçün pulsuz torpaq sahələri ayıra bilər. Bu torpaq sahələrində Bakının peyk şəhərciklərini tikmək mümkün olar. Necə ki, biz bunu həm də İstanbulda görə bilirik.
"Obrazlı dildə desək, artıq İstanbul eninə böyüyür. Bu şəhər əvvəllər hündürlük istiqamətində böyüyürdü. Şirkətlər bu ərazilərdə dövlətdən pulsuz torpaq əldə etməklə, kommunikasiyaların dövlət hesabına çəkildiyini, bunun üçün özlərinin heç bir vəsait xərcləmədiyini nəzərə alaraq, mənzilləri daha ucuz satışa çıxara bilər. Bu da sosial layihənin bir formasına çevirə bilər", - deyə o əlavə edib.
Ekspertin sözlərinə görə, bu layihə yalnız Bakını əhatə etməməlidir. Çünki artıq Bakı sakinləri qəbul etməkdən, yerləşdirməkdən doyub: "Müasir Bakının infrastrukturu təxminən 2 milyon insan üçün hesablanmışdı. Hazırda isə şəhər əhalisinin sayı 4 milyona yaxınlaşır. Odur ki, ilkin olaraq Gəncə, Lənkəran, Şəki və Mingəçevirdə də eyni layihələrin həyata keçirilməsinə, iqtisadi fürsətlərin artırılmasına və mənzillərə çıxış imkanlarının genişləndirilməsinə ehtiyac var. Bununla həm əhalinin Bakıya köç etməsinin qarşısını almaq, həm də əks köçü həyata keçirtmək mümkün olar".
Bundan başqa, evsiz evlilərin böyük bir hissəsinin ümid bağladığı digər proqram isə kirayə mənzillərlə bağlıdır.
Belə ki, 25 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması"na dair fərman imzalayıb. Bu fərmana müvafiq olaraq, artıq mexanizmlər hazırlanıb. Burada əsas məqsədlərdən biri şəxsi vəsaiti yetərli olmayan vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsidir. Artıq Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən müəyyən addımlar atılıb. Cari ilin sonunadək isə mexanizmin işə düşməsi nəzərdə tutulur.
İpoteka və Kredit Zəmanət Fondundan Sputnik Azərbaycan-a verilən məlumata görə, hələlik, mexanizmin hazırlanması yekunlaşma mərhələsindədir və işlər tamamlanmadığı üçün mənzillərin dəqiq ünvanlarını və sayını açıqlamaq mümkün deyil. Lakin sözügedən mənzillər 2013-cü ilin yanvarın 1-dən inşasına başlanmış, çoxmərtəbəli binalarda yerləşən, standart təmirli mənzillərdir.
"Bundan başqa, hər bir mənzilin qiymətindən əlavə xərclər də meydana çıxa bilər. Bura sığorta, təmir xərcləri və s. daxildir. Aylıq məbləğ standart olmadığı üçün ilkin ödəniş məbləği də standart ola bilməz. Müraciət edən şəxsin yaşından, gəlirlərinin miqdarından asılı olaraq, məbləğ və ödəniş müddəti dəyişir. Şəxs 3 il ərzində öz öhdəlikləri və səlahiyyətlərini digər şəxsə ötürə və borcu tam olaraq bağlaya bilmir. Yalnız 3 il tamam olduqdan sonra şəxs mənzilin ümumi borcunu bağlaya və hüquq-səlahiyyətlərini digər şəxsə ötürə bilər", - deyə Fonddan bildiriblər.
Bu cür mənzillərə sahib olmaq üçün son müraciət yaşı 60-dır. Vətəndaşın yaşı 60-dan çox aşağı olarsa, onun kirayə müqaviləsinin müddəti 3 ildən daha çox müddətə, yaşı 60-a yaxın olduqda isə üçillik bağlanır. Kirayə mənzillər üçün son ödəmə yaşı 63 olduğundan, yaşı 60 civarında olanlarla müqavilə daha qısamüddətli bağlana bilər.
Bundan başqa, mənzili olanlar da sözügedən kirayə mənzillərdən faydalana bilər. Sadəcə olaraq, şəxs Azərbaycan Respublikasının vətəndaşıdırsa, yaşı 60-ı tamamlamayıbsa, məhkumluğu, gecikmiş kredit öhdəlikləri yoxdursa, rəsmi gəlir yeri varsa, bu zaman müraciət edə bilər. Rəsmi gəlir dedikdə isə yalnız əmək haqqı deyil, sənədlə təsdiq oluna biləcək digər rəsmi gəlirlər də nəzərdə tutulur. Bu gəlirlərə əmək pensiyaları, sosial müavinətlər, aliment, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər daxildir.