Cənubi Qafqazda sabitliyin qarantı... Hadisə

Cənubi Qafqazda sabitliyin qarantı...

Arzu Şirinova

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Haxçıvanda bir araya gələrək görüşməsi gündəmdə olan mövzulardandır. Əvvəlcə görüşün məzmununa diqqət çəkək. Üçtərəfli formatda görüş keçirilməzdən əvvəl Azərbaycanın müdafiə nazir Zakir Həsənov Türkiyə və Gürcüstanın müdafiə nazirləri ilə ayrı-ayrılıqda ikitərəfli görüş keçirib.
Hümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və ölkələrimiz üçün faydalı olduğunu qeyd edib.
Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz isə Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin möhkəmləndirilməsində bu cür görüşlərin rolu və əhəmiyyətindən danışıb.
Daha sonra regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.
Hazirlərin üçrətəfli görüşündə xüsusi hərbi vəziyyətdə ölkələrin kommunikasiya infrastrukturunun mühafizəsi barədə müzakirə aparılıb. Eyni zamanda, neft-qaz kəmərlərinin, dəmir yolu, rabitə infrastrukturunun mühafizəsilə bağlı tədbirlər planı müzakirə edilib.
Müdafiə nazirlərinin Haxçıvan görüşünə münasibət bildirən politoloq Vəfa Quluzadə deyib: "Haxçıvanın işğalı təhlükəsi həmişə var. Rusiya erməni işğalı ilə Haxçıvanla Azərbaycanın
əsas hissəsi arasında əlaqəni kəsib. Lakin Haxçıvanın Türkiyə ilə sərhədi var. Haxçıvanı elə güclü müdafiə etmək lazımdır ki, ora heç kim müdaxilə etmək cəsarətində olmasın. Rusiya Türkiyə ilə sərhəddə yerləşən Gümrüdə hərbi baza yaradırsa, Türkiyə də Haxçıvanda hərbi baza yerləşdirməlidir".
Onun sözlərinə görə, bu baş verməsə, Haxçıvan əhalisi silahlandırılmalıdır: "Vaxtilə çar dövründə Rusiyanın bir çox əyalətlərində kazak dəstələri yaradılırdı. Yəni əhali silahlandırılırdı. Hesab edirəm ki, Haxçıvan əhalisi silahlandırılmalı və həmişə döyüşə hazər vəziyyətdə saxlanılmalıdır".
Politoloq Avrasiya İttifaqına qarşı Cənubi Qafqaz İttifaqının mümkünlüyünü də istisna etməyib: "Azərbaycan, Türkiyə və Gürcüstanın sıx əlaqələri var. Bizim milli maraqlarımız tamamilə üst-üstə düşür. Məhz buna görə də Cənubi Qafqaz İttifaqı yarada bilərik. Avrasiya İttifaqından gələ biləcək təhlükənin qarşısını region ittifaqı ilə almaq olar".
Bu yerdə xatırladaq ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bir neçə il bundan əvvəl Avropa Birliyi modelində Azərbaycan, Türkiyə və Grücüstanın daxil olduğu bir birliyin yaranmasının vacibliyi ilə bağlı təklif vermişdi. Həmin təklif ölkə daxilində müsbət qarşılanmışdı. Hətta Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hər üç dövlətin qoşulacağı birliyin yaranmasını dəstəkləmişdi...
...Erməni separatizmi hər yerdə təhlükədir. Azərbaycanda bu təhlükənin hansı fəsadlara yol açdığı bəllidir. Elə Gürcüstanda da bu təhlükə hər an gözlənilir. Qonşu dövlətin ermənilərin məskunlaşdığı Cavaxetiya bölgəsində vəziyyətin müntəzəm olaraq gərginləşməsi və bunun hər il təkrarlanması rəsmi Tiflisin daha bir başağrısı ilə qarşılaşacağını söyləməyə əsas verir. Artıq neçə illərdir ki, Gürcüstanın mərkəzi hakimiyyətindən narazılıqlarını açıq formada bildirən yerli ermənilər abxazlarla osetinlərin "yol"unu təkrarlayırlar. Bu baxımdan, Cavaxetiyadan hər il müxtəlif formada təkrarlanan hadisələr onların yaxın gələcəkdə Gürcüstandan qopmaq istiqamətində praktik fəaliyyəti gücləndirəcəklərini deməyə əsas verir. Hər halda, Gürcüstan hakimiyyəti ermənilərin nazıyla oynamaqda davam etsə, bu təhlükənin baş qaldırması da tezləşəcək.
Danılmaz faktdır ki, Rusiyanın daim himayə etdiyi Ermənistan və ermənilər Cənubi Qafqazda əsas destabilizə faktorudur. Yəni ermənilər Cənubi Qafqazda davamlı sabitliyin qarşısını alan başlıca amil olaraq tanınır. Dağlıq Qarabağ və ondan sonra regionda baş qaldırmış bütün separatçı hərəkatlarda ermənilərin stimullaşdırıcı rolu inkaredilməzdir. Bu baxımdan, onların Gürcüstanı parçalamaq planında iştirakları da artıq sübuta ehtiyacı olmayan bir məsələdir. Ümumiyyətlə, hələ ötən əsrin son illərində də çox aydın görünürdü ki, Gürcüstan erməniləri bu ölkənin çökdürülməsi yönündə fəallığı artırıblar və həmin hərəkətlərini əsaslandırmaq üçün "arqumentlər" uydurmağa başlayıblar. Xatırladaq ki, təxminən on beş il əvvəl Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilər özlərinin milli hüquqlarının pozulması iddiaları ilə bəyanat verdilər və o vaxtdan sonra onlar separatçı niyyətlərini daha açıq şəkildə ortaya qoydular. Bu baxımdan, Cavaxetiyada ermənilərlə gürcülər arasında ildən-ilə insidentlərin böyüməsi təsadüfi deyil. Gürcüstan ermənilərinin arxasında isə təbii ki, Ermənistan dayanır və onların fəaliyyətini yönləndirir. Ermənistanın bir neçə il əvvəl Xankəndində separatçı rejimlərin başçılarının iştirakı ilə konfrans təşkil etməsi faktı İrəvanın bu məsələdə hansı rol oynaması haqda təsəvvür yaradır. Amma sözsüz ki, Ermənistan bir dövlət olaraq, belə genişmiqyaslı layihələr hazırlayıb, həyata keçirmək iqtidarında deyil. Onun arxasında dayanan, bütün məsələlərdə tam himayə edən Rusiya olmasaydı, təbii ki, ermənilər heç səslərini də çıxarmazdılar. Yəni Rusiya 2008-ci il hadisələrindən sonra Gürcüstanın çökdürülməsi planında ermənilərin iştirakını maksimum artırdı və bu "kart"dan mümkün qədər çox faydalanmağa çalışdı. Düzdür, Saakaşvili hakimiyyətdən getdikdən sonra Rusiya bu cür faliyyətinə bir qədər ara verib, ancaq sabah hansı hadisə üçün Rusiyanın planının necə olacağı bəlli deyil. Bununla belə, bir məsələni də mütləq vurğulamaq lazımdır. Hələ çoxdan məlum idi ki, Gürcüstanda gürcü soyadlı ermənilər yüksək vəzifələrə yerləşdirilərək, dövlət siyasətinin müəyyənləşdirilməsində söz sahibinə çevrilmişdilər. Bu fakt artıq gürcü cəmiyyətində də tam ciddiliyi ilə etiraf olunurdu. Halbuki, bir neçə il əvvəl orada gürcü soyadlı ermənilər olduğunu kimsə iddia etsəydi, bəlkə də, vurub onun başını yarardılar. Hazırda isə vəziyyət dəyişib və gürcü cəmiyyətinin ayrı-ayrı kəsimləri bu faktla razılaşırlar. Daha bilmirlər ki, ermənilər bu siyasətləri ilə növbəti siyasətlərinin təməlini qoyur. Yəni Gürcüstandan torpaq qorparmaq siyasətini. Əlamətdar bir tendensiyanı da vurğulayaq. Son illərdə Gürcüstan azərbaycanlılarının dövlətçilik mövqeyindən çıxış etməsi gürcülərin soydaşlarımıza qarşı münasibətini çox dəyişib. Yəni gürcülər artıq oradakı soydaşlarımızın şəxsində özləri və dövlətləri üçün hər hansı təhlükə görmürlər. Əvəzində isə ermənilərin Rusiyanın anti-Gürcüstan planlarında iştirakı və buna son qoyulmasının vacibliyi haqda daha qəti mövqe tuturlar. Gürcüstan hakimiyyətinin təsəvvür olunan situasiyalar üçün müəyyən hazırlıqlarının olduğunu demək çətindir. Ancaq bugünki reallıq ondan ibarətdir ki, Azərbaycan, Türkiyə və Gürcüstanın birgə fəaliyyəti Cənubi Qafqazda sabitliyin qarantıdır.