Naxçıvan nümunəsi... Hadisə

Naxçıvan nümunəsi...

Arzu Şirinova

Əksəriyyət vaxt qanunlara əməl etmirik. Sonra da deyirik ki, "bir millət olaraq bu, bizim qanımıza hopub". Yanlış fikirdi və yanlış qənaətdir. Bəs o zaman ölkədən xaricdə niyə getdiyimiz yerin qanunlarına əməl edirik və hörmətlə yanaşırıq? Məsələn, adi bir fakt-Türkiyənin ən böyük şəhəri İstanbul hava limanına enər-enməz orada tələb olunan qanunlara uyğun hərəkət edirik. Siqaret çəkmirik, zibili hara gəldi atmırıq və s. Ancaq bunları edən bizlər Bakıya gələr-gəlməz elə hava limanındaca siqareti bir-birinə calayırıq. Sanki neçə günlərin heyfini çıxırıq...
...Bu il iki dəfə Naxçıvanda olmuşam. Kim nə deyir-desin, Azərbaycanın bir parçası olan Haxçıvanda qanunlara yüksək vəzifəlisindən tutmuş sıravisinə kimi riayət edir. İstər Haxçıvanın özündə, istərsə də bölgələrində küçələrdə bir dənə də olsa siqaret kötüyü və yaxud kağız parçası, selofan paket görməzsən. Dostlardan biri Haxçıvana gedir. Dostu ilə şəhərin görməli yerlərini piyadaca gəzirlər. Hərəsi bir siqaret yandırıb çəkir və kötüyünü yerə atırlar. Heç üstündən beş dəqiqə keçməmiş bu işlərə nəzarət edən bir nəfər onlara yaxınlaşır və harada siqaret kötüyünü yerə atdıqlarını nəzərlərinə çatdırır. Və cərimə olunduqlarını deyib, protokolu onlara verir. Təbii ki, onlar da qanuna uyğun olaraq cəriməni ödəyirlər. Dostum deyir ki, o hadisədən sonra Haxçıvana gedəndə daha oranın qanunlarına əməl etməyə başlayıb...
Naxçıvanda kommunal xərclərin gecikdirilməsi, bu aydan o biri aya keçirilməsi mümkünsüz bir məsələdir. Hər kəs aylıq nə qədər kommunal xərc var onu ödəməlidir. Mən hələ sürücülərin və piyadaların yol-hərəkət qanunlarına əməl etməsini demirəm. Tələb olunan ən yüksək sürət həddi 90-dır. Bu həddi keçməyə kimsənin nə haqqı, nə də cürəti var... ...Hələ bir neçə il bundan əvvəl Naxçıvanda yas mərasimlərində qoyulan qadağalar müzakirəyə səbəb olmuşdu. Yas mərasimlərində yalnız halva, limon, xurma və çayın verilməsini insanların haqlarının pozulması kimi təqdim edənlər sonradan anladılar ki, əslində bu cür qadağa dünyasını dəyişənlərin ailələrinin özlərinə sərf edir. Və ən əsası da insanlar arasında bölgüçülük prinsipinə son qoyulur.
Çünki əzizini itirən şəxs bilmir dərdi ilə baş-başa qalsın, yoxsa gələn qonaqları yedizdirib yola salmaqla məşğul olsun. Mən dünyasını dəyişənin dəfn mərasiminə çəkilən xərci bir kənara qoyub, digər bir məqama toxunmaq istəyirəm. Belə ki, yas mərasimlərində süfrəyə təkcə çayla içmək üçün o qədər təamlar düzülür ki, mərasimə gələnlər bir anlığa özlərini yasda yox, hansısa bir şənlikdə hiss edirlər.
Qeyd edək ki, yas mərasiminin yükü toy mərasiminin yükündən qat-qat çoxdur. Bu zaman təkcə maddi problem nəzərə alınmamalıdır. Həm də psixoloji bir durum var ki, həmin durumun yükünü əzizini itirən şəxs təkcə çəkməli olur. Nədir bu durum? Gələn qonaqların gedib sonradan "filankəsin məclisi kasad idi" sözünü eşitməmək üçün yas sahibi çalışır ki, "qonşudan geri qalmamaq" prinsipinə əməl etsin. Bu prinsipə əməl edə bilməyən isə mənəvi cəhətdən sıxılır və sarsıntı keçirir.
Bütün bu və digər məsələlərə diqqət yetirəndə görürsən ki, bizim yas mərasimlərindəki adət-ənənələrimiz milli ənənələrlə daban-dabana ziddiyyət təşkil edir. Bəlkə elə buna görədir ki, bu mərasimlərin də həddini aşdığını görən Azərbaycan hökuməti nəhayət, bunları qanun çərçivəsində nizamlamaq istəyir...