Mingəçevirdə Region Könüllülərinin İnkişaf Forumu keçirilib Hadisə

Mingəçevirdə Region Könüllülərinin İnkişaf Forumu keçirilib

Mingəçevir Gənclər evinin təşkilatçılığı, Mingəçevir Dövlət Universitetinin, Şəhər Gənclər və İdman İdarəsinin, regional “ASAN xidmət” Mərkəzinin tərəfdaşlığı ilə Region Könüllülərinin İnkişaf Forumu keçirilib. Forumda Mingəçevir Gənclər evinin, Mingəçevir Dövlət Universitetinin, şəhər regional “ASAN xidmət” mərkəzinin, “İşıqlı Gələcək” İctimai Birliyinin, “Region Könüllüsü” Gənclər Hərəkatının könüllüləri, gənclər və media nümayəndələri iştirak ediblər. Mingəçevir Gənclər evindən bildiriblər ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri düzülüb.
Forum Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov forumda çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunması münasibətilə gəncləri və könüllüləri təbrik edib. O, bu Sərəncamın dövlətimizin başçısının ölkəmizdə könüllülərin fəaliyyətinə və könüllülük hərəkatına yüksək diqqət və qayğısının göstəricisi olduğunu deyib. Qeyd edilib ki, bu gün ölkəmizdə minlərlə gənc könüllülük fəaliyyəti ilə məşğul olur, Azərbaycanın inkişafına öz töhfələrini verirlər.
Mingəçevir Regional “ASAN xidmət” mərkəzinin direktoru Elxan Cəfərov könüllülərin seçimi zamanı nizam-intizamlı, məsuliyyətli, təşəbbüskar, diqqətli, öyrənməyə həvəsli və inkişaf etməyi qarşısına məqsəd qoyan tələbə gənclərə üstünlük verdiklərini bildirib. Qeyd edib ki, könüllülük fəaliyyəti gənclərə gələcək karyeralarında uğur qazanmaq fürsəti yaradır.
Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli könüllülərin fəaliyyətinin həm gənclər, həm də mərkəz üçün olduqca faydalı olduğunu söyləyib. O, çoxsaylı sosial layihələrin gənclərin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onların potensialının üzə çıxarılması baxımından da əhəmiyyətli olduğunu qeyd edib. Mingəçevir Gənclər evinin direktoru Tural Kərimov əvvəlki illərlə müqayisədə könüllülük fəaliyyəti sahəsində mühüm irəliləyişlərin olduğunu bildirib. T.Kərimov 2020-ci ildə - “Könüllülər ili”ndə Mingəçevir Gənclər evinin də könüllülər üçün yeni imkanlar yaradacağını qeyd edib. Sonra forum iştirakçılarının çıxışları dinlənilib, ötən il ölkəmizin ictimai həyatında yüksək fəallıqları ilə fərqlənən gənclər və gənclər təşkilatları fəxri fərmanlarla təltif edilib.