Rusiya-Ukrayna müharibəsi: Rusiyanın resursları azalır?
11 Mart 23:50

"Beynəlxalq hüququn və BMT-nin qəbul etdiyi qərarların icrası vacibdir”
Yaxın Şərqdə davam edən gərginlik və regionda baş verən hərbi-siyasi proseslər beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Qəzza zolağında davam edən qarşıdurma, Livan istiqamətində artan gərginlik, eləcə də Hizbullahın tərksilah olunması ilə bağlı səslənən çağırışlar bölgədə sabitliyin nə qədər kövrək olduğunu bir daha göstərir. Analitiklərin fikrincə, bu proseslər təkcə regional qarşıdurma deyil, eyni zamanda böyük güclərin Yaxın Şərqdəki geosiyasi maraqları ilə də sıx bağlıdır.
Ekspertlər hesab edirlər ki, İsrailin regionda həyata keçirdiyi hərbi və siyasi strategiya, həmçinin ABŞ-nin rəsmi Təl-Əvivə verdiyi siyasi və hərbi dəstək bölgədəki gərginliyin daha da artmasına təsir göstərir. Bu fonda Livanda atəşkəsin mümkünlüyü, Hizbullahın tərksilah olunması məsələsi və Avropa İttifaqının proseslərə təsir imkanları geniş müzakirə olunur. Mövzu ilə bağlı politoloqlar “Xalq Cəbhəsi”nə mövcud vəziyyəti şərh edərək regionda baş verən proseslərin səbəbləri və mümkün nəticələri barədə fikirlərini bölüşüblər.
ABŞ dəstəyi
Politoloq Azad Məsiyev “Xalq Cəbhəsi”nə açıqlaması zamanı qeyd edib ki, Yaxın Şərqdə baş verən gərgin proseslər İsrailin regionda həyata keçirdiyi strateji siyasətlə bağlıdır.
O bildirib ki, son dövrlərdə İsrail rəhbərliyinin “vəd olunmuş torpaqlar”la bağlı səsləndirdiyi fikirlər Yaxın Şərqdə daha böyük İsrail dövləti yaratmaq ideyasının gündəmdə olduğunu göstərir: “İsrail dövləti yarandığı vaxtdan etibarən öz ərazisini əsasən Fələstin torpaqları hesabına genişləndirib və bunu müxtəlif təhlükəsizlik və siyasi bəhanələrlə əsaslandırmağa çalışıb. Belə bir strategiya İsrailin region ölkələri ilə qarşıdurmaya girməsi deməkdir. İstər Suriya, istər Livan, istərsə də Yaxın Şərqin digər bölgələrində baş verən proseslər göstərir ki, İsrail müxtəlif bəhanələrlə bölgədə gərginlik yaradır. Terrorla mübarizə adı altında Fələstin torpaqlarını işğal edir, Suriyada müəyyən yüksəklikləri ələ keçirərək bufer zona ideyasını irəli sürür”.
Politoloq bildirib ki, İsrailin bu siyasəti ABŞ-nin siyasi və hərbi dəstəyi ilə həyata keçirilir. Onun sözlərinə görə, rəsmi Tel-Əviv bu dəstək olmadan regionda belə genişmiqyaslı siyasət yürütməkdə çətinlik çəkərdi: “Avropa İttifaqı isə əsasən bəyanatlar verməklə kifayətlənir və bu bəyanatların regiondakı proseslərə real təsiri olmur. Yaxın Şərqdə sabitliyin təmin olunması üçün yalnız diplomatik bəyanatlar kifayət etmir və daha təsirli beynəlxalq mexanizmlərin tətbiqinə ehtiyac var”.
“İsrail atəşkəsdə maraqlı deyil”
Politoloq Şakir Ağayev deyib ki, Livanda atəşkəsin bərpa olunacağı ehtimalı çox zəif görünür.
O bildirib ki, İsrail hazırkı mərhələdə hərbi əməliyyatları dayandırmaq niyyətində deyil: "Yadınızdadırsa, bundan əvvəl Livanla bağlı müəyyən danışıqlar aparılmışdı. Amma mövcud vəziyyət göstərir ki, İsrail atəşkəsə getməkdə maraqlı deyil. Çünki Baş nazir Benyamin Netanyahu hakimiyyətini qorumaq üçün müxtəlif bölgələrdə müharibə siyasətini davam etdirir. Müharibələr nə qədər davam edərsə, Netanyahunun hakimiyyətdə qalma ehtimalı da bir o qədər artır. Bu baxımdan yaxın zamanda hər hansı atəşkəsdən danışmaq çətindir”.
Politoloq qeyd edib ki, Avropa İttifaqının bu proseslə bağlı çağırışlarının da real təsir gücü yoxdur: “Artıq Avropa İttifaqının sözünü beynəlxalq siyasətdə əvvəlki kimi ciddi qəbul etmirlər. Bu qurumun qlobal proseslərə təsir imkanları xeyli zəifləyib. Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallasın səsləndirdiyi çağırışların da regiondakı balansı dəyişəcəyini düşünmürəm. Beynəlxalq münasibətlərdə sözün təsirli olması üçün arxasında ciddi güc dayanmalıdır”.
Əsas maneə
Politoloq Elşad Həsənov diqqətə çatdırıb ki, Yaxın Şərqdə gərginliyin davam etdiyi bir vaxtda Livanda atəşkəsə nail olunması üçün Hizbullahın tərksilah olunması məsələsi gündəmə gətirilir: Lakin bu tələbin reallaşması mövcud siyasi reallıqlar fonunda çətin görünür".
O qeyd edib ki, Hizbullahın silahlarını könüllü şəkildə təhvil verməsi məsələsi yalnız müəyyən şərtlərin yerinə yetirilməsi ilə mümkündür. Hizbullah əsas şərt kimi İsrailin Qəzza zolağından tam çıxmasını və Fələstin dövlətinin yaradılmasını irəli sürür. Bu, əslində Birləşmiş Millətlər Təşkilatının müvafiq qərarlarının yerinə yetirilməsi deməkdir. Lakin bu qərarlar icra olunmadığı üçün Yaxın Şərqdə sabitliyin təmin olunması da çətinləşir.
Regionda baş verən hadisələr İsrailin həyata keçirdiyi siyasətlə də sıx bağlıdır. İsrail son dövrlər Livanın cənubuna və Suriyaya qarşı hərbi əməliyyatlar həyata keçirir. Bu isə regionda gərginliyin daha da artmasına səbəb olur. ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqdə hegemon siyasət yürütməyə çalışır və bu proses çoxsaylı insan tələfatı ilə nəticələnir”.
Ekspert vurğulayıb ki, Qəzzada baş verən hadisələr və mülki əhalinin, xüsusilə uşaqların həyatını itirməsi dünya ictimaiyyətində ciddi narahatlıq doğurur: “Bir sıra Avropa ölkələri də bu məsələlərlə bağlı etirazlarını ifadə ediblər. Bu baxımdan bəzi beynəlxalq rəsmilərin məsələyə birtərəfli yanaşması doğru hesab edilə bilməz”.
Elşad Həsənov hesab edir ki, regionda sabitliyin təmin olunması üçün ilk növbədə beynəlxalq hüququn və BMT-nin qəbul etdiyi qərarların icrası vacibdir: “İsrail öz sərhədləri daxilində hərəkət etməli və qonşu ölkələrin ərazilərinə müdaxilə etməməlidir. Əks halda Yaxın Şərqdə gərginliyin azalması mümkün olmayacaq. Hizbullahın silahı yerə qoyması İsrailin mövqelərini daha da gücləndirə bilər.
Bu baxımdan Hizbullahın tərksilah olunması real görünmür. Çünki bu təşkilat və digər qruplar İsrailin siyasətinə qarşı mübarizə apardıqlarını bildirirlər”.
Günel Elxan