Yeni dərs ilinin yükü... Hadisə

Yeni dərs ilinin yükü...

Arzu Şirinova

İki həftədən sonra yeni dərs ili başlayır. Valideynlər yəqin ki, tədarüklərini görüblər və yaxud görmək üzrədirlər. Həvəm birinci sinifə getdiyi üçün söz verdiyim kimi ona çanta aldım. Əvvəlcə fikirləşdim ki, nənə payıdır gərək keyfiyyətli ola. Elə bu məqsədlə də paytaxt dükanlarının birindən almaq qərarına gəldim. İnsafən deyə bilərəm ki, məktəbə gedəcək uşaqlar üçün nə desən həmin dükanda vardı və özüdə ən yaxşısı. Qiymətlərlə maraqlandım və...
Türkiyə istehsalı olan birinci sçinfə gedəcək uşaqlar üçün çatanın qiyməti 60-70 manat civarındadır. Satıcı qız izah elədi ki, onların satdıqları çanta digərlərindən keyfiyyətinə görə fərqlənir. Yəni uşaq çantanı çiynindən asdığı vaxt onun onurğasına ziyan vermir, tərlətmir və s. Sözün düzü çantaya söz ola bilməzdi və aldım.
Maraq üçün digər məktəbli əşyaları ilə də maraqlandım. Ağ köynəklər 10-15 manat, kostyumlar 50-70 manat, ayaqqabılar 30-35 manat və s. Gəlin görək bir ailədən 2-3 uşağı məktəbə yola salan valideyn övladlarının təlabatını aldıqları məvaciblə qarşılaya bilirmi?
Artıq üçüncü ildir bütün məktəblər vahid məktəbli formasına keçib. Şagirdlərin forma olmadan məktəbə gəlməsinə icazə verilmir. Bunun özü də valideynin üzərinə növbəti bir yük kimi düşür. Bir sözlə, məktəbə getmək uşağın savad alması ilə yanaşı, həm də valideynlər üçün maliyyə baxımından bir yükdür. Düzdür, savad almaq hər hansı bir vəsaitdən də yüksəkdir. Amma hər halda bir çox ailələr var ki, indiki qiymətlərlə övladını tam şəkildə hazırlayıb məktəbə göndərə bilmir.
Təxmini hesablamaya görə, bir uşağın hazırda məktəbə getməsi yaşdan asılı olaraq kiçik yaşlılar üçün hər bir ailəyə orta hesabla 200-250 manata başa gəlir. Böyük sinif şagirdlərinə isə bu istiqamətdə daha çox vəsait xərclənməlidir. Belə bir yükün altına girməyə valideynlərin çoxu qadir deyil. Azərbaycan əhalisinin mütləq əksəriyyətinin əmək haqqı aşağı olduğundan bir ailədə məktəbə gedən bir neçə uşağın olması həmin ailəyə böyük çətinliklər gətirir. İndi Azərbaycanda orta aylıq əmək haqqı 400 manatdan bir qədər artıqdır. Ailədə 3 uşaq məktəbə gedirsə, deməli valideynin orta aylıq əmək haqqı tamamilə onların hazırlıq prosesinə səfr olunur. İki uşağı məktəbə gedən ailənin isə bir aylıq maaşının 70-80 faizi bu işə sərf edilir.
Digər qonşu ölkələrlə müqayisədə də ölkəmizdə bir uşağın məktəbə yola salınması kifayət qədər baha başa gəlir. Məsələn, Rusiyaya və İrana nisbətən bizdə məktəbli ləvazimatları 3, Gürcüstanla müqayisədə isə 4 dəfə bahadır. Həyə görə bu formanı təkcə Bakı Tikiş Fabriki tikib satmalıdır? Rəqabət mühitinə imkan verilsə, istər-istəməz məktəbli formalarının qiymətləri də aşağı enəcək. Ölkəmizdə elə ailələr var ki, işsizdir və yaxud aşağı əmək haqqı alır. Yaxşı yadımdadır, sovet dövründə imkansız ailələrə məktəbdən məktəbli forması verilirdi. Bu təcrübəni yenə də tətbiq etmək olar. İmkansız, şəhid ailələri üçün məktəbli formasını dövlətin hesabına həll etmək mümkündür. Bu işi müəyyən biznes dairələri himayə edə bilər, amma təşəbbüs ilk növbədə Təhsil Hazirliyindən gəlməlidir.