İnformasiya təhlükəsizliyi problemi Hadisə

İnformasiya təhlükəsizliyi problemi

Dövlət qurumlarının və medianın məsuliyyəti nədən ibarətdir?

Avqustun 29-u Bakıda, Dövlət İdarəçilik Akademiyasında Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin KİV rəhbərləri ilə görüşü olub. Görüşdə yeni dövrdə Azərbapycanda informasiya təhlükəsizliyinin təmin olunması məsələləri və bu sahədə ortaya çıxan çətinliklər müzakirə olunub. Geniş məruzə ilə çıxış edən Ramiz Mehdiyev dünyada anti-Azərbaycan şəbəkəsinin mövcud olduğunu və bu şəbəkənin ölkədə ayrı-ayrı QHT-lər, KİV-ldər vasitəsilə Azərbaycanın əleyhinə 5-ci kolon yaratdığını vurğulayıb.
Ümumiyyətlə İnformasiya təhlükəsizliyinin təmin olunması üçün hansı addım atılmalıdır. Dövlət qurumlarının və medianın məsuliyyəti nədən ibarətdir?
ATV-nin redaktoru Vüqar Bektaş bildirdi ki, bununla bağlı redaktorlar və müxbirlər üçün xüsusi kurslar keçirilməlidir: "Orada göstərilməlidir ki, dövlət sirri haradan başlayır harada bitir. Məncə bu cür kurslardan sonra medianın məsuliyyətindən danışmaq olar".
Avropa.İnfo saytının baş redaktoru Ruslan Bəşirli diqqətə çatdırdı ki, informasiya təhlükəsizliyinin təmini üçün ilk növbədə dövlət qrumları və mətbuat sərhədləri müəyyən etməlidir: "Yəni mətbuat bilməlidir ki, məsələn tutaq ki, hərbi məlumatlarla bağlı haraya kimi işləyə bilərik. Məncə bunula bağlı ortaya ciddi bir konsepsiya qoyulmalıdır. Bu da mətbuatın və dövlət qrumlarının iştirakı ilə müzakirə edilməlidir. Məsələn, biz, cəbhə xəttindəki son olaylarla bağlı belə bir konsepsiyanın olmamasının acı nəticələrini yaşadıq. Burada ciddi iş dövlət qrumlarının üzərinə düşür. Yəni son olaylarla bağlı dövlət qrumlarının mətbuat xidmətlərinin səmərəsiz fəaliyyətinin nəticəsində ölkə gündəmini dezinformasiyalar bürümüşdü. Yəni burada mətbuatın da dövlət qrumlarının da məsuliyyətini dərk etməsi lazımdır.
Amma yenə də deyirəm, bütün irəli sürüləcək layihələr, konsepsiyalar söz azadlığını məhdudlaşdırmamalıdır".
"Yeni Media Jurnalistləri" İctimai Birliyinin sədri Xaqani Səfəroğlu dedi ki, informasiya təhlkəsizliyi mühüm məsələdir. Onun fikrincə, ilk növbədə bununla bağlı qanun qəbul edilməlidir: "Avropa ölkələrində, Rusiyada ABŞ-da bununla bağlı müvafiq qanun var. "İnformasiya təhlükəsizliyi haqqında Qanun" ölkə üçün təhlükə sayılacaq əsas detalları müəyənləşdirir və dövlət, qeyri-dövlət strukturalrının bu təhlükəsizliyinin təmin edilməsi üçün məsuliyyətini açıqlayır. Burada detallar çoxdur. Əsas məsələ dövləti təhdid edən xarici təhlüklər və daxili həyatda informasiya müstəvinini mühafizə etməkdir. Burada məsələn, dövlət strukturlarının məsuliyyəti əks olunur: Cəmiyyəti lazım anda informasiya ilə təmin edə bilməyən dövlət strukturu bu qanunla ciddi məsuliyyət daşıyır. Odur ki, adıçıkilən qanun məmurların üzərinə zəruri məsuliyyət qoyur. Eyni zamanda yazılı KİV-də, internet mediada informasiya təminatının dövlət strukturlarının fəaliyyətini zondaj edilməsi, yalan xəbərlər, cəmiyyəti qəsdən panika salan məlumatlar üçün də məsuliyyət əksini tapır. Əsas məsələ dövlət təhlükəsizliyi və idarəçilk formatının sabotaj olunmasına yönəlik cəhdlərin qarşısını alınmasına yönəldilir.. "İnformasiya Təhlüksəziliyi haqqında qanun həm məmurlar həm KİV- üzərinə eyni məsuliyyət qoyduğuna görə bu strukturkarın birgə işləməsini də stimullaşdırır...".
Publika.az-ın siyasət yazarı Vasif Həsənli akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə keçirilən görüşü vaxtında atılmış addım kimi qiymətləndirir: "Hesab edirəm ki, Ramiz müəllimin bu müşavirəsindən sonra bəzi internet saytlarında Azərbaycanın milli maraqlarına zidd olan və baş alıb gedən özbaşınalığa, məqsədsiz məlumatların yayılmasına nəhayət ki, son qoyulacaq. Azərbaycan 20 ildən artıqdır ki, Ermənistan ilə müharibə vəziyyətində yaşayır. Ona görə də Azərbaycanın Müdafiə Nazirliyinin təsdiqi olmadan heç kəsin hərbi xəbərləri və məlumatları yayması ümumi məqsədə uyğun deyil. Başa düşüləndir ki, Azərbaycan demokratik dövlətdir və burada bütün KİV-lər tam azad və sərbəst fəaliyyət göstərir. Ancaq unutmaq lazım deyil ki, biz həm də müharibə şəraitində yaşayırıq. Müharibə şəraitində yaşan bir dövlətin KİV təmsilçiləri də özlərində müəyyən çərçivə formalaşdırmalıdır, milli və dövlət maraqlarına uyğun olmayan məlumatları hər hansı sensassia xətrinə qurban verməməlidir. Hər birimiz nəzərə almalıyıq ki, bizim sosial şəbəkələrdə, internet mediasında yaydığımız hər bir hərbi məlumat, foto və video materiallar düşmən tərəfi üçün kəşfiyyat məlumatı hesab olunur. Ona görə də Azərbaycan KİV-ləri ordu ilə bağlı istənilən məlumatları yaymaq istəyəndə daha da ehtiyyatlı və təmkinli davranmalıdır, Müdafiə Nazirliyinin rəsmi məlumatlarını gözləməlidir. Bu baxımdan da mən Ramiz müəllimin son müşavirəsini də çox faydalı və zamanında atılmış addım kimi qiymətləndirirəm".
Azxəbər.som portalının baş direktoru Əfsələddin Ağalarov vuruğaldı ki, informasiya təhlükəsizliyinin təmin olunması üçün bu gün görülən işlər göz önündədir: "Ancaq son hadisələr onu göstərdi ki, Azərbaycan jurnalistikasında informasiya təhlükəsizliyi məsələsi hələ də ciddi problem olaraq qalmaqdadır. Burada daha çox məsuliyyət təbii ki, birbaşa informasiya istehsalçısı rolunda çıxış edən jurnalistlərin üzərinə düşür. Jurnalist peşəkarlığı hansı informasiyanın dövlət sirri olub-olmamasını ayırd etməyə yetərli olmalıdır. Əks təqdirdə dövlət sirrinin informasiya adı altında faş edilməsi məsələsi ortaya çıxır ki, bunun da fəsadları ağır şəkildə dövlət tərəfindən ödənilir. Düşünürəm ki, bununla bağlı jurnalist təşkilatları ciddi işlər görməlidirlər. Həmin təşkilatlar şəxsi ambisiyaları üçün çalışmaqdansa jurnalistlərə informasiyayla dövlət sirrini ayırmaları üçün təlimlər keçirsələr bu problemin həllinə misilsiz xidmət göstərmiş olarlar. Eyni zamanda jurnalistika təhsili verən universitetlərdə də gənc jurnalistlərə, gələcəyin reportyorlarına dövlət sirri ilə bağlı məlumatlar verilməli və qanunvericiliyin bu məsələ ilə bağlı tələbləri aşılanmalıdır".
Bakuinfo.Az saytının baş redaktoru, şair-jurnalist Əvəz Qurbanlı bildirdi ki, dünyada baş verməkdə olan texnoloji sıçrayış bəşər cəmiyyətinə həm müsbət, həm də mənfi təsirləri ilə özünü göstərməkdədir: "İnternetin meydana çıxması və bütün dünyanı əhatə etməsi, informasiya təhlükəsizliyi terminini ortaya çıxardı. İnformasiya təhlükəsizliyinin nə olduğu haqda danışmaq artıq olardı, çünki bu barədə kifayət qədər danışılıb və indi də danışılmaqdadır. İnformasiya təhlükəsizliyi bu gün bütün dünyanı narahat edən ən vacib məsələlərdən biridir. Çünki bütün dünya hazırda informasiya ilə idarə olunur. İnformasiyanı idarə edə bilmək - dünyanı idarə etmək kimi qəbul olunur. Bu gün demək olar ki, bütün dünya ölkələri internetdən birbaşa asılı vəziyyətdədir: siyasət, iqtisadiyyat və s. kimi mühüm sahələr internetlə, onlayn sistemlərlə tənzimlənir. Bir sözlə, bütün dünya virtual məkana transfer olunub. Və bildiyimiz kimi, bu virtual "okean" heç də təhlükəsiz yer deyil. Bu aləmin də özünə xas olan cinayətləri və təhlükələri var. Buna görə də hər bir dövlət öz təhlükəsizliyini qorumağın yollarını axtarır. Bununla bağlı təhlükəsizlik tədbirləri görülür, qanunlar qəbul edilir, qaydalar hazırlanır. Azərbaycan da digər ölkələr kimi informasiya təhlükəsizliyi ilə bağlı düşünür və ehtiyac yarandığı halda dövlət səviyyəsində konkret addımlar atır. Lakin təəssüf ki, müasir dünyada informasiya təhlükəsizliyini tam təmin etmək heç də asan məsələ deyil. Xüsusilə, dövlətlərin bir-biri ilə informasiya savaşına çıxdığı bir dönəmdə. Ona görə də, informasiya təhlükəsizliyi məsələsi təkcə dövləti deyil, eyni zamanda vətəndaş cəmiyyəti, yerli internet media və ümumilikdə internet istifadəçisi olan hər bir vətəndaşı düşündürməlidir. "Dövlət hansı tədbirləri görməlidir?" sualını yuxarıda qismən də olsa, cavablandırdıq. Azərbaycanda bu məsələ ilə əsasən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məşğul olur və mətbuatda yayılan informasiyalara əsasən, lazımi tədbirlərin görüldüyünü demək mümkündür. İşin texniki tərəfindən danışa bilməyəcəm, çünki bu, mənim sahəm deyil. Media isə hər zaman diqqətli olmalı, internetlə işləyərkən böyük risklə üz-üzə qalmaq ehtimalını hər zaman yadda saxlamalı və məsuliyyətli olmalıdır".

Əli