Afrikadan gələn tələbələr nəzarətə alınırlar Hadisə

Afrikadan gələn tələbələr nəzarətə alınırlar

Taun Əleyhinə Stansiya Ebola virusu ilə bağlı tədbirlər görür

"Yeni dərs ilinin başlanması ilə əlaqədar Afrika ölkələrindən gələn tələbələr Ebola virusu ilə bağlı sərhəd-keçid məntəqələrində sanitar karantin müfəttişliyinin nümayəndələri tərəfindən nəzarətə alınırlar".
Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov deyib.
O bildirib ki, həmin şəxslərin buradakı ünvanları mütləq qeydə alınır: "Onlar hansı ünvanda yaşayacaqlarsa, o əraziyə baxan poliklinikaya onlar haqqında məlumat veriləcək. Bu xəstəliyin maksimal inkubativ dövrü təxminən 21-23 gündür. Təxminən 23 gün onlar həkim nəzarətində olacaqlar və vaxtaşırı müayinə olunacaqlar. Həmin dövr ərzində onlarda xəstəliyin əlamətləri aşkarlanmazsa, artıq həkim nəzarəti olmayacaq".
Ş. Qurbanov onu da əlavə edib ki, ümumiyyətlə, sərhəd-keçid məntəqələrində sanitar karantin müfəttişliyinin nümayəndələri ilboyu Azərbaycana gələn xarici vətəndaşlarla sorğu aparmalıdır: "Əlbəttə ki, bu cür yoxlanış təkcə Ebola virusu ilə bağlı deyil, taun, vəba və digər geniş yayılan xəstəliklərlə də bağlı olur. Bu tip xəstəliklər xarici ölkələrdə tez-tez yayılmaqdadır. Ona görə də, belə xəstəliklər yayılan ölkələrdən gələn vətəndaşlara xüsusi diqqət yetirilir. İndi də diqqət Afrika ölkələrinə, xüsusilə Ebola virusu yayılan ölkələrdən gələn insanlara yönəlib".
Qeyd edək ki, artıq Ebola virusuna yoluxanların sayı 3 mini, ölənlərin sayı isə 1500-ü ötüb. Virusa yoluxma halları ən çox Liberiya, Qvineya və Sierra-Leonedə qeydə alınıb.
Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır.