“Əsas məsələ şagirdlərin sağlamlığıdır” Hadisə

“Əsas məsələ şagirdlərin sağlamlığıdır”

Koronavirusa görə Nazirlər Kabineti tərəfindən təhsil müəssisələrində dərslərin bir həftəlik dayandırılması boş qalan günlərin dərs proqramının şagirdlərə nə vaxt keçiləcəyi barədə suallar yaradıb.
Dünən Təhsil Nazirliyi bununla bağlı valideynlərə müraciət də edib. Müraciətdə bildirilir ki, valideynlər təhsil müəssisələrində tədris dayandırıldığı müddətdə övladlarına keçirilmiş dərsləri təkrar etməyə və tapşırıqları yerinə yetirməyə şərait yaratmalıdırlar: "Övladlarınıza keçirilmiş dərsləri təkrar etməyə və tapşırıqlar yerinə yetirməyə şərait yaradın. Bu məqsədlə Təhsil Nazirliyinin müxtəlif elektron resurslarından istifadə edə bilərsiniz
Qeyd edək ki, dərslərin dayandırılması ölkənin bütün təhsil müəssisələrinə şamil olunduğundan, internetin olmadığı ucqar ərazilərdə şagirdlərin bu internet resurslardan istifadəsi mümkünsüzdür.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov bildirib ki, bu gün əsas məsələ şagirdlərin sağlamlığıdır. Dərs günlərinin boş keçməsi isə texniki məsələdir: "Qeyd etdiyim kimi, bu gün hər birimizi düşündürən əsas məsələ şagirdlərin sağlamlığının qorunması olmalıdır. Dərs günlərinin boş keçməsinə görə böyük narahatlığa əsas yoxdur. Şagirdlərə boş keçən dərs proqramının necə mənimsədiləcəyi müddətdən asılıdır.
Bizim tədris ilimiz 35 həftəni əhatə edir. Zaman etibarilə rezerv çoxdur. Güman edirəm ki, tədris materiallarının həcminə uyğun nazirlik bunu həll edəcək. Mümkün olsa, belə edəcəklər. Mümkün olmasa, dərs müddətini uzadacaqlar.
Hələ ki bir həftəlik tətil müddəti o qədər də çox vaxt deyil. Boş keçən dərs günlərinin proqramını şagirdlərə mənimsətmək çətin olmayacaq. Yox, əgər tətil müddəti uzadılarsa, bu zaman dərs ilinin də müddətini uzatmaq lazım gələcək".
Ş.Əsgərov deyir ki, Nazirlər Kabinetinin qərarı bütün ölkəyə şamil olunsa da, bəzi dağ kəndlərində buna ehtiyac yoxdur: "Ucqar dağ kəndlərində məktəblərin şagird kontingenti elə də böyük deyil. Həmin məktəblər könüllü şəkildə dərsləri davam etdirə də bilərlər. Dərslər dayandırılan yerlərdə isə şagirdlərə tapşırıqlar verməklə proqramdan geri qalmalarını müəyyən qədər əngəlləmək olar. Hər halda bunun üçün variantlar çoxdur".
Təhsil nazirinin müavini İdris İsayev isə bildirib ki, koronavirus infeksiyası ilə bağlı ölkənin ali və orta ümumtəhsil ocaqlarında dərslərin bir həftəlik təxirə salınması kompensasiya olunacaq. O qeyd edib ki, kompensasiya dərs ilinin uzadılmasının hesabına yox, əlavə dərs saatlarının salınması hesabına həyata keçiriləcək. Nazir müavini, həmçinin hazırda dərslərə verilən fasilənin müddətinin uzadılıb-uzadılmayacağından da danışıb. O bildirib ki, vəziyyətdən asılı olaraq məsələ ilə bağlı qərar veriləcək: "Nazirlər Kabineti tərəfindən Qərargah yaradılıb. Proseslər izlənilir. Nəticədən asılı olaraq müvafiq qərar qəbul ediləcək. Bugünkü tarixə kimi müddətin uzadılması ilə bağlı fikirlər mövcud deyil".